Bu il Saskatun şəhərindəki Evan Hardy Collegiate məktəbində keçirilən məzuniyyət mərasimi qeyri-adi və duyğusal anlarla yadda qalıb. 12-ci sinif şagirdi Kay Oven səhnəyə diplomunu almaq üçün çıxarkən tək olmayıb. Onun yanında dörd yaşlı Aegius adlı ingilis çoban iti və pudel qarışığı olan xidmət iti də qürurla addımlayıb.
Kay “CTV News”a açıqlamasında deyib ki, xidmət iti – Aegius olmadan məzun olmaq onun üçün mümkün deyildi. Aegius son iki il ərzində Kayın ayrılmaz dostu olub. O, gündəlik işlərdə Kaya kömək edib, qan şəkərinin aşağı düşdüyünü xəbər verib və narahatlıq (anxiety) hallarının öhdəsindən gəlməsinə dəstək olub.
Kay deyir ki, Aegius hər zaman onun yanında olub: “Həyatımın ən vacib hissəsidir. Mənim üçün etdiklərini heç nə əvəz edə bilməz”.
Xidmət iti də öz diplomunu aldı
Məktəb rəhbərliyi Aegiusun göstərdiyi dəstəyi xüsusi şəkildə qiymətləndirmək qərarına gəlib. Beləliklə, Aegius təkcə Kay ilə birlikdə səhnədən keçməyib, həm də öz adına hazırlanmış diplomu alıb və onu ağzında qürurla daşıyıb.
Kay bildirib ki, mərasim üçün cəmi bir-iki dəfə məşq ediblər: “Aegius belə şeyləri çox tez öyrənir. Ona görə də uzun məşqlərə ehtiyac olmadı”.
Kay kimi ailəsi də bu sürprizdən tamamilə xəbərsiz idi. Mərasim başa çatdıqdan sonra hər kəs həm məzunu, həm də xidmət iti Aegiusu qucaqlayırdı. Kay bunu gülərək belə xatırlayır: “Növbə ilə məni qucaqlayırdılar, sonra iti qucaqlayırdılar, sonra yenə məni…”
Gələcək arzusu – xidmət itləri yetişdirmək
Bu təcrübə Kayın gələcək peşə seçiminə də təsir edib. O bildirib ki, ən böyük arzusu xidmət itlərinin təlimçisi olmaqdır: “Onu insanların həyatını dəyişən belə möhtəşəm bir xidmət iti kimi yetişdirə bildiyim üçün bu işi çox sevirəm”.
2026-cı ilin məzunları arasında xüsusi yer
Evan Hardy Collegiate məktəbinin əməkdaşları bildiriblər ki, Aegius sinifdə dərs krediti qazanmasa da, Kayın bu mühüm mərhələyə çatmasında oynadığı rola görə 2026-cı il məzunları arasında öz yerini tam haqq edib.
Məzuniyyət mərasimi digər məzunlar kimi xatirə şəkilləri ilə başa çatıb. Kay diplomunu qolunun altında saxlayarkən, Aegius öz diplomunu qürurla ağzında daşıyaraq fotolar üçün poza verib. Onlar hətta birlikdə selfi də çəkdiriblər.
Foto: CTV News