Əgər pasportunuzu şəxsiyyətinizi təsdiq edən sənəd kimi üzərinizdə gəzdirmək istəmirsinizsə və müəyyən səbəblərdən imtahan verərərk sürücülük vəsiqəsi ala bilmirsinizsə, əvəzində öz əyalətinizdə Foto Kart üçün müraciət etmək imkanınız var. Sizə Ontario Foto Kartı barədə məlumat verəcəyik. Amma bu kart Kanadanın bütün əyalətlərində (digər əyalətlərdə ad fərqli ola bilər) verilir və şərtlər eynidir.
Foto Kart sürücülük vəsiqəsi olmayanlar üçün nəzərdə tutulmuş şəxsiyyəti təsdiq edən rəsmi sənəddir. Bu kart, Ontario (digər əyalətlərdə də) hökuməti tərəfindən verilir və bank əməliyyatlarında, hava limanında və digər rəsmi yerlərdə etibarlı sənəd kimi istifadə olunur. Sürücülük vəsiqəsi kimi qəbul edilir, sadəcə nəqliyyat idarə etmək icazəsi vermir. Bu kart sürücülük vəsiqəsi olanlar üçün nəzərdə tutulmayıb.
Kim müraciət edə bilər?
Ontario Foto Kartına müraciət etmək üçün aşağıdakı şərtlərə uyğun olmalısınız:
- 16 yaş və ya daha böyük olmaq;
- Ontario sakini olmaq (turistlərə verilmir);
- Sürücülük vəsiqəsinin olmaması.
Hansl sənədlər tələb olunur?
Müraciət zamanı Service Ontario mərkəzinə aşağıdakı sənədləri təqdim etməlisiniz:
- Adınızı və doğum tarixinizi təsdiq edən orijinal şəxsiyyət sənədi (məsələn, doğum haqqında şəhadətnamə);
- Əgər evlilik soyadı ilə müraciət edirsinizsə, nikah şəhadətnaməsi.
Qiymət və etibarlılıq müddəti
Ontario Foto Kartının alınması və ya yenilənməsi üçün 35 dollar rüsum ödəməlisiniz. Kartın etibarlılıq müddəti 5 ildir, müddəti bitdikdə yenilənməlidir. Əgər yeni şəkilə ehtiyacınız yoxdursa, kartı onlayn yeniləmək mümkündür. Foro Kartdakı şəkli 10 ildən bir yeniləməlisiniz.
Harada müraciət etməli?
Ontario Foto Kartı üçün Service Ontario mərkəzlərindən birinə şəxsən müraciət edilməlidir. Bir çox mərkəzdə öncədən onlayn növbə götürmək mümkündür.
Foto: Toronto Universiteti
















