Mark Karni körpü ilə bağlı Trampla danışdıqdan sonra məsələnin həll olunacağını deyir
ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Kanadaya verdiyini iddia etdiyi faydalara görə “tam kompensasiya” olunmadığı halda, Vindzor və Detroiti birləşdirən əsas yeni ticarət dəhlizi olan Gordie Howe Beynəlxalq Körpüsünün açılışını bloklamaqla hədələyir.
Bazar ertəsi sosial şəbəkədə paylaşımında Tramp bildirib ki, ABŞ körpünün “ən azı yarısına” sahib olmalıdır və ABŞ bazarına çıxışdan əldə ediləcək gəlirlərin “astronomik” olacağını iddia edib.
O, həmçinin Kanadanın keçidin hər iki tərəfinə nəzarət etdiyini iddia edib.
CTV-nin yazdığına görə, körpü Kanada hökuməti və Miçiqan ştatına məxsus ictimai mülkiyyətdir. Tikintini Kanada maliyyələşdirsə də, Miçiqan ABŞ tərəfində dəstəkləyici infrastrukturun qurulmasına yüz milyonlarla dollar xərcləyib və Kanada bu xərcləri rüsum gəlirləri hesabına geri qaytarmağı planlaşdırır.
Kanada və Miçiqandakı rəsmilər bu iddialara qarşı çıxaraq körpünün iqtisadi əhəmiyyətini və onilliklərdir davam edən sərhədyanı əməkdaşlığı vurğulayıblar.
Karni Trampla körpü barədə danışıb
Çərşənbə axşamı Baş nazir Mark Karni ABŞ Prezidenti Donald Trampla körpü barədə danışdığını bildirib. O deyib ki, əvvəlcə Olimpiadada Kanada–ABŞ hokkey oyunu, daha sonra isə “bir sıra beynəlxalq məsələlər” müzakirə olunub: “Üçüncüsü, körpünü müzakirə etdik. Ona izah etdim ki, Kanada körpünün tikintisi üçün 4 milyard dollardan çox vəsait ödəyib, mülkiyyət Miçiqan ştatı ilə Kanada hökuməti arasında bölüşdürülüb və tikintidə həm Kanada, həm də ABŞ poladı və işçiləri iştirak edib. Bu, ölkələrimiz arasında əməkdaşlığın gözəl nümunəsidir”.
Karni əlavə edib ki, Miçiqandan olan ABŞ-ın Kanadadakı səfiri Pit Hukstra Trampın xahişi ilə “körpü ətrafında dialoqu yumşaltmaqda rol oynaya bilər.”
Ağ Evin mövqeyi
Mətbuat konfransında bir jurnalist Ağ Ev mətbuat katibi Karolin Leavittdən soruşub ki, Tramp niyə körpü ilə bağlı mövqeyini dəyişib.
Leavitt Trampın Truth Social paylaşımına istinad edərək bildirib ki, körpünün “daha çox Amerika istehsalı materiallardan istifadə olunmadan” tikilməsi “qəbuledilməzdir”.
O deyib ki, Trampın mövqeyi səhər saatlarında Baş nazir Karni ilə telefon danışığında açıq şəkildə bildirilib.
“Tramp “məsələləri seçib qabardır”
Vindzor meri Dru Dilkens bildirib ki, Trampın körpü ilə bağlı şərhləri “adi haldır”, çünki ABŞ prezidenti “məsələləri seçib qabartması ilə məşhurdur”.
“Polad, avtomobil, alüminium, ağac, süd məhsulları – o, hər bir mövzudan ayrıca qələbə qazanmaq istəyir”, – deyə Dilkens bildirib. O vurğulayıb ki, körpü artıq tam tikilib və sadəcə açılışı gözlənilir.
Keçmiş qubernator: Tramp körpü barədə “səhv edir”
Miçiqanın keçmiş qubernatoru Rik Snayder bildirib ki, Tramp layihəni səhv təqdim edir.: “Kanada körpünü tam maliyyələşdirdi. Bu vəsait rüsumlar vasitəsilə faizlə geri qaytarılacaq. Miçiqan və ABŞ heç bir investisiya qoymadan yarı mülkiyyət əldə etdi. Bu, əla razılaşmadır”.
Snayder qeyd edib ki, körpünün gecikdirilməsi ABŞ vətəndaşlarına daha çox zərər verər.
ABŞ ticarət nümayəndəsi: “Bəzi narahatlıqlar eşitmişik”
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir Fox News-a müsahibəsində bildirib ki, Trampın körpü ilə bağlı “əsaslı narahatlıqları” var. O deyib ki, ABŞ-a daxil olan körpüdə Amerika istehsalı materiallardan kifayət qədər istifadə olunmayıb və rüsum gəlirləri ilə bağlı danışıqlar aparılacaq.
Daq Ford: “Körpü açılacaq”
Ontario baş naziri Doug Ford bildirib ki, Karni ilə Trampın danışığını müsbət qarşılayır və körpünün planlaşdırıldığı kimi açılacağına əmindir. “Bu, Amerika iqtisadiyyatının maraqlarına uyğundur”.
Körpü kimə məxsusdur?
2012-ci il Kanada–Miçiqan razılaşmasına əsasən, Kanada körpünün maliyyələşdirilməsi, tikintisi və istismarı öhdəliyini götürüb. Körpü Kanada və Miçiqan ştatına məxsus ictimai mülkiyyətdir və əsas polad komponentlər hər iki ölkədən tədarük edilməlidir.
Layihənin ümumi dəyəri gecikmələr və artımlar səbəbilə təxminən 6,4 milyard dollar olaraq qiymətləndirilir.
















