[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Türk immiqrant Kanada mediasının manşetlərində qəhrəman elan edilib  

İşık Altınişık Trenton sakini Tereza Rozendalı maşınından uzaqlaşdırandan bir neçə  saniyə sonra maşın alışıb yanıb

Böyük Britaniyanın kralı III Çarlzı Kanadada təmsil edən general-qubernator Meri Saymon 9 il əvvəl Türkiyədən Kanadaya  immiqrant kimi gələn İşık Altınişıka zəng edərək qəhrəmanlığına görə təşəkkür edib. Bu barədə “Turkish voice of Canada”nın yaradıcısı və aparıcısı İrep Çakır öz verilişində bildirib. İ.Altınişık qəhrəmanlıq sayılacaq nə edib?

İşık Altınişık kimdir?

Kanadadakı qar yağışı olan gün, yanvarın 27-də Trenton yaxınlığında 401-ci magistral yolda 50-dən çox maşın zənzirvari qəza törədib. Qəzada alışan maşınlar da olub. Amma insan itkisi baş verməyib.

İnsan itkisinin baş verməməsinin əsas səbəbkarı isə 9 il əvvəl Türkiyədən Kanadaya köçərək burada öz şirkətini yaradan 40 yaşlı İşık Altınişık olub. Kanadadakı əksər media qurumlarının – qəzetlərdən tutmuş telekanallara qədər – manşetində yer alan İşık həmin gün bir xanımı bir neçə saniyə sonra partlayan maşından uzaqlaşdırıb.

Bəzi media orqanlarında onun həkim və yük maşını sürücüsü kimi təqdim edilməsi isə yanlış olub. Missisauqada yaşayan İşık həmin gün sahibi olduğu yükdaşıma şirkətində çalışan sürücülərdən birini əvəz edərək kamazla Torontodan Ottavaya mal aparırmış. Həkim olmasına gəlincə, İşık “The Intelligencer” qəzetinə açıqlamasında deyib ki, Türkiyədə universitetdə vaxtilə tibb tələbəsi olub, lakin sonda mühəndislik ixtisası üzrə məzun olub.  İşık deyib ki, həkim deyil, amma doqquz il əvvəl Kanadaya köçməzdən öncə Türkiyədə tam ilkin tibbi yardım təlimi alıb və qəza zamanı bu biliklərindən istifadə edib. Həmçinin İşıkın hər iki valideyni Türkiyədə həkim kimi çalışır.

Kanada media qurumları tərəfindən qəhrəman kimi təqdim olunan İşık “The Intelligencer” qəzetinə telefon müsahibəsində özünü qətiyyən qəhrəman hesab etmədiyini bildirib.

Onun sözlərinə görə, sadəcə çətin bir anda başqalarına kömək etmək üçün dərhal hərəkətə keçib və “insanlara dəstək olmaq fürsəti əldə edən şanslı biri” olub.

Hadisə saatlarla magistral zolaqlarının bağlanmasına, həm şərq, həm də qərb istiqamətlərində uzun tıxaclara səbəb olduğu üçün ölkə üzrə manşetlərə çıxıb. Qəza yerinə  yanğınsöndürənlər, Təcili Tibbi Yardım Xidmətləri və Ontario Əyalət Polisi cəlb olunub.

 “Əgər məni qaldırmasaydı, ölərdim”

İşık Ottava istiqamətində yük maşını ilə hərəkət edərkən güclü qar yağışı səbəbindən yolda dayanmış avtomobillərlə toqquşan üçüncü şəxs olub.

Digər nəqliyyat vasitələri hadisə yerinə sürüşərək park edilmiş maşınlarla toqquşduqca, İşık sürücülərin və sərnişinlərin xəsarət aldığını yoxlamaq üçün bir-bir əzilmiş avtomobilləri yoxlayırımış.

Qəza zamanı bir məqamda, İşık yanmaqda olan yük maşınının yanında alovlanmağa başlayan avtomobilin arxa şüşəsini sındıraraq içəridə kimsənin qalıb-qalmadığını yoxlayıb. Şüşəni sındırarkən sol əlindən xəsarət alıb, iki barmağı zədələnib.

“Maşının arxa şüşəsini sındırdım ki, içəridə kiminsə olub olmadığını yoxlayım”, – deyə o bildirib. Bu zaman sürücü tərəfdən çıxmağa çalışan qadının yerə yıxıldığını görüb. O, avtomobilində böyüyən alovdan qaçmağa çalışırmış.

“Adını bilmirəm, amma bir xanımı alovun yaxınlığından qaldırıb apardım. Yalnız onun mavi gözlərini xatırlayıram, çox şokda idi”, deyə İşık bildirib.

Həmin qadın Trenton sakini Tereza Rozendaldır. O, cümə axşamı “The Intelligencer”ə bildirib ki, o dəhşətli səhər yaşadığı ən qorxulu anlarda İşıkın fədakar cəsarəti onun həyatını xilas edib.

Toqquşmanın təsirindən yarı huşsuz vəziyyətdə olan T.Rozendal, maşını yanmağa başlayanda sürücü tərəfindən sürünərək çıxmağı bacarıb. Azad olduqdan sonra bir anlıq yük maşınının pilləsində dayanıb, sonra yerə yıxılıb: “Maşından çıxdım, yarımqoşqunun pilləsinə addım atan kimi yıxıldım. Ayaqlarım tutuldu və huşumu itirdim. O, məni oradan qaldırdı. Xatırladığım budur – məni qaldırıb apardı”.

“O, yıxılmamağım üçün məni tutaraq adımı soruşdu və dedi ki, “buradan getməlisən, yanğın var’”.  Huşumu itirirdim, necə apardığını bilmirəm, amma yeriyə bilmirdim. Əgər məni qaldırmasaydı, ölərdim. Mən özümü xilas edilmiş hiss edirəm”.

T.Rozendal daha sonra özündən getmə və burxulmuş topuq səbəbilə Trenton Memorial Xəstəxanasına aparılıb və ilkin tibbi yardımdan sonra buraxılıb.

“Rozendalın həyat yoldaşı məni ailəmlə birlikdə evlərinə dəvət etdi”

O, İşıka dərin minnətdarlığını bildirib və bir gün ona ev yeməyi bişirib təşəkkürünü göstərmək istədiyini deyib: “Əgər onunla əlaqə qurub qucaqlaya və təşəkkür edə bilsəm, günümün ən gözəl anı olar”.

“Turkish Voice of Canada”nın İşıkla müsahibəsinədn bəlli olur ki, T.Rozendalın həyat yoldaşı İşıkla əlaqə saxlayaraq ona təşəkkürünü bildirib və ailəsi ilə birlikdə evlərinə yeməyə dəvət edib.

“O, qadını kürəyində aparırdı”

Hadisə zamanı yolda qalan başqa bir sürücü – Jaklin Penninqton da hərəkətdə olan maşınlar güclü qarın ortasında qalıb. Onun avtomobili yol kənarında dayanarkən arxadan vurulub.

Oğlu ilə birlikdə maşında outran J.Penninqton, İşıkın Rozendalı alovdan uzaqlaşdıraraq daşıdığını görüb: “O, qadını kürəyində aparırdı və maşından uzağa, mənə tərəf qaçırdı. O vaxta qədər hər yer yanırdı. Mən maşından düşdüm, çünki onun köməyə ehtiyacı olan biri ilə gəldiyini gördüm. Qadını mənim maşınıma qoyduq ki, isinsin və təcili yardım gələnə kimi vəziyyətinə baxaq”.

J.Penninqtonun sözlərinə görə, İşık hadisə yerində dolaşaraq digər sürücülərə də ilkin tibbi yardım göstərməyə davam edib: “O vaxt yanğın çox böyümüşdü, hər yer xaos idi. O, dəfələrlə geri qayıdırdı, kiminsə xəsarət alıb-almadığını yoxlayırdı. Oğlum arxa oturacaqda idi, onun da yaxşı olduğuna əmin olmaq istəyirdi”.

J.Penninqton bildirib ki, İşık kiçik bir kürək tapıb onun avtomobilini qardan çıxarmağa çalışıb ki, yoluna davam etsin: “Mənə deyirdi ki, “oğlunun burada qalmasını istəmirəm”.

İşıkın yaralı olmasına baxmayaraq soyuqda kürəklə işləməsini unuda bilmədiyini deyən J.Penninqtonun sözlərinə görə, yolda qalanlardan biri ona əlcək təklif etsə də, qana bulaşdırmaması üçün İşık ondan imtina edib.

Yanğın rəisi Con Uilanın sözlərinə görə, güclü çovğun şəraiti və bu qədər avtomobilin zəncirvari qəza törətdiyi nəzərə alındıqda, ölənlərin olmaması böyük şansdır.

Foto: “Turkish voice of Canada”

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp