Yeni hesabat göstərir ki, Kanadada əsasən gənc və təhsilli vətəndaşlar rekord sayda ABŞ-a köçür və bu, ölkədə ciddi “beyin axını” yaradır.
“Toronto Sun”ın yazdığına görə, Kanadanın ən savadlı və istedadlı insanları ölkəni kütləvi şəkildə tərk edir və bunun səbəbi yalnız daha isti qış axtarışı deyil.
Kalqari Universitetinin İctimai Siyasət Məktəbi tərəfindən yayımlanan bir araşdırma göstərir ki, pandemiyanın başa çatmasından sonra iş üçün ABŞ-a gedən kanadalıların sayı kəskin surətdə artıb. Hesabatda əsas səbəblər kimi iş imkanları, vergilər və Kanadanın getdikcə daha çox problem yaşayan səhiyyə sistemi göstərilir.
Hesabatın müəllifləri Cek Mints və Nil Simanın sözlərinə görə, insanların ABŞ-a köçməsinə iqtisadi vəziyyət, səhiyyə və şəxsi amillər də daxil olmaqla bir sıra səbəblər təsir edir.
Hesabatda deyilir: “Köçlə bağlı ümumilikdə müsbət münasibət ABŞ-ın bir sıra əsas sahələrdə kanadalıların gözləntilərini uğurla qarşıladığını və ya onları üstələdiyini göstərir.”
Tədqiqat müəllifləri hökumətin potensial olaraq tam məlumat əks etdirməyən çıxış sorğularına əsaslanmaq əvəzinə, innovativ internet sorğusu texnologiyasından istifadə ediblər. Onlar ABŞ-da yaşayan 4 mindən çox insan arasında sorğu keçirərək yeni kanadalı qonşularının Kanadanı tərk etmələrinin səbəblərini araşdırıblar.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2024-cü il hesabatına əsasən, 2022-ci ildə 19 300 kanadalı ABŞ-a daimi olaraq köçüb. Bu, əvvəlki illə müqayisədə 65% artım deməkdir.
Hesabatda Kanada Statistika Komitəsi tərəfindən bu il açıqlanan ayrıca məlumatlara da istinad edilir. Həmin məlumatlara görə, 2023-cü il etibarilə 30-35 min kanadalı başqa ölkələrə köçüb.
Köçməsinin səbəbini bildirən respondentlər arasında ən böyük qrup — 28% — ABŞ-da daha çox iş imkanlarının olmasını əsas səbəb kimi göstərib. Bundan sonra 26% respondent Kanadanın problemlərlə üzləşən səhiyyə sisteminə çıxış və onun keyfiyyətini səbəb kimi göstərib. Onlar Kanadanın dövlət əsaslı səhiyyə sistemindənsə, ABŞ-ın özəl və kommersiya əsaslı səhiyyə modelinə üstünlük verdiklərini bildiriblər. Respondentlərin 14%-i isə vergini Kanadanı tərk etmələrinin əsas səbəblərindən biri kimi göstərib.
Hesabatda deyilir: “Səhiyyə və vergi ilə bağlı səbəblər birlikdə respondentlərin bildirdiyi köçlərin təxminən 40%-ni təşkil edir. Bu, fərdi vəziyyətlərdən daha geniş və struktur xarakterli siyasət problemlərinin mövcudluğuna işarə edən diqqətçəkən göstəricidir”.
Kanadanı tərk edənlərin üçdə ikisi 20–44 yaş arasındadır, onların 70%-nin isə universitet diplomu var.
Araşdırma həmçinin göstərib ki, səhiyyə ilə bağlı səbəblər respondentlərin yaşı artdıqca daha çox ön plana çıxır. Bu göstərici 65 yaş və yuxarı şəxslər arasında 38%-ə, 18–24 yaş qrupunda isə 27%-ə çatır.
Hesabatda qeyd olunur: “Burada ən mühüm nəticə səhiyyənin bütün yaş qruplarında köçün əsas səbəblərindən biri kimi ön plana çıxmasıdır”.
“Bu onu göstərir ki, səhiyyə sisteminin fəaliyyəti yalnız yaşlı kanadalıları narahat edən məsələ deyil. Əksinə, bu, bütün yaş qruplarını əhatə edən struktur xarakterli emiqrasiya səbəbidir və Kanadanın siyasətçiləri buna yalnız müəyyən bir demoqrafik qrupun problemi kimi yanaşa bilməzlər”.
Foto: Canva