Şervin Şadpur: “Bu mədəni incini gerçəkləşdirmək üçün sponsorlar axtarılır”
Üzeyir Hacıbəylinin şah əsəri, Azərbaycan operettası “Arşın Mal Alan” martın 8-də Vankuverdə Terry Fox Teatr səhnəsində tamaşaçıların görüşünə gedəcək.
Tamaşa Təbriz Azərbaycanlıları Musiqi və Rəqs Ansamblı və Vankuverdə fəaliyyət göstərən həmyerlilərimizdən ibarət Duman Musiqi Qrupunun əməkdaşlığı çərçivəsində baş tutur. Ansamblın yaradıcı direktoru Şervin Şadpurun “CanAzerbaijan”a verdiyi məlumata görə, səhnədə Torontodan gedən Təbriz Ansamblının üzvləri ilə yanaşı, Duman Musiqi Qrupu və Vankuverdən olan istedadlı könüllü ifaçılar – vokalçılar və rəqqaslar da çıxış edəcəklər.
Biletləri bu linkə daxil olaraq ala bilərsiniz: www.eventtop.ca
Qeyd edək ki, Təbriz Ansamblı indiyə qədər Üzeyir Hacıbəylinin iki məşhur əsərini “Məşədi İbad” və “Arşın mal alan”ı modern quruluşda səhnələşdirib. Hər iki əsər tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb.
Ansamblın növbəti qastrolları Kalqarı şəhərinə və ABŞ-ın Nyu-York ştatına planlaşdırılır.
Ş.Şadpurun sözlərinə görə, bu mədəni incini gerçəkləşdirmək üçün sponsorlar axtarılır: “Azərbaycan sənətini və irsini birgə yaşatmağımıza dəstək olun!”.