Bramptonda yaşayan restoran sahibi Cerri Pitamber bildirir ki, 2022-ci ildən bəri evinə üç dəfə silahlı basqın edilsə də, polis hələ də ona heç bir yenilik təqdim etməyib.
İlk hadisədə maskalı şəxslər onun qızını silahla hədələyib, özü isə döyülüb. Daha sonra 2024-cü ildə və 2026-cı ilin yanvarında iki oxşar basqın da baş verib.
C.Pitamber deyir ki, son hadisədə şübhəlilər qapını sındıraraq evə daxil olub. O əlavə edir ki, hadisələrdən sonra 911-ə zəng etmək də çətin olub.
Onun sözlərinə görə, Böyük Toronto bölgəsində belə hadisələr artmaqdadır və o, Kanadada özünümüdafiə qanunlarından narazıdır. C.Pitamber həmçinin uşaqlarının təhlükəsizliyi üçün ölkəni tərk etməyi və biznesini başqa yerə köçürməyi düşündüyünü bildirib: “Uşaqlarımın təhlükəsizlik hissini əllərindən aldılar. Onu necə geri qaytarım?”
O, həmçinin “GoFundMe” platformasında ianə kampaniyası başladıb. Bildirir ki, bu, həyatında ilk dəfədir özü üçün kömək istəyir. Toplanan vəsait artıq 20 min dollara yaxınlaşıb və o deyir ki, bu pul restoranın bir aylıq icarəsinə gedəcək: “Mən daha kiçik yerə köçmək istəyirəm, bəlkə Arubada (Karib dənizində yerləşən adadır – L.M.) ev alım və orada restoran açım. Açığı, bu ölkədən yorulmuşam. Bizim xeyrimizə işləmir”.