Martın 8-də gecə saat 02:00-da yay vaxtına keçidlə əlaqədar Kanadada saatlar bir saat irəli çəkiləcək. Lakin Britaniya Kolumbiyası əyaləti bunu sonuncu dəfə edəcək. Britaniya Kolumbiyasının baş naziri David Ebi bildirib ki, əyalət ilboyu sabit yay vaxtına keçəcək. Bu isə o deməkdir ki, Kanadanın bu hissəsində artıq mövsümi saat dəyişiklikləri olmayacaq. D.Ebi deyib ki, ildə iki dəfə saatları dəyişmək bir çox problem yaradır. Onun sözlərinə görə, uşaqlar və ev heyvanları əvvəlki vaxtda oyanmağa davam edir, valideynlər və uşaqlar yuxusuz qalır, insanlar bir saat yuxu itirir. Bu isə daha çox yol qəzalarına və insanların özlərini pis hiss etməsinə səbəb olur”.
Alberta əyalətinin hazırkı hökuməti saatların dəyişilməsi məsələsini yenidən nəzərdən keçirə bilər. Digər əyalətlər – Ontario, Kvebek, Yeni Brunsvik, Manitoba və Yeni Şotlandiya əyalətləri hazırda saat sistemini dəyişmək planlarının olmadığını bildiriblər.
Ekspertlər: məsələ düşündüyümüzdən daha mürəkkəbdir
“Canadian Sleep Research Consortium” təşkilatının həmsədri Rebeka Robillard deyir ki, vaxt dəyişikliyi sadəcə bir saat yuxu itirməkdən ibarət deyil. Onun sözlərinə görə, bu dəyişiklik insanın bioloji saatını pozur, hormonların ifrazına təsir edir, maddələr mübadiləsini dəyişir: “Bu isə aşağıdakı problemlərə səbəb ola bilər: yuxululuq, əhval-ruhiyyənin dəyişməsi, diqqət və yaddaş problemləri, insult və ürək tutması riskinin artması, immun və həzm problemləri və s.
Digər alimlər fərqli düşünür
York Universitetinin biologiya professoru Patrişia Tomas isə deyir ki, ilboyu yay vaxtının da mənfi tərəfləri var. Onun sözlərinə görə, insanlar qışda səhər işığına ehtiyac duyur, çünki günəş işığı beynin bioloji saatını tənzimləyir.
Qeyd edək ki, 70 ildən artıq müddətdə Kanada əyalətlərində martda saatlar bir saat irəli çəkilir, noyabrda isə yenidən standart vaxta qaytarılır.
Foto: Canva
















