ABŞ Prezidenti Donald Tramp, “Truth Social” platformasında Kanadanın baş naziri Mark Karniyə ünvanladığı məktubda 1 avqust tarixindən etibarən Kanadadan idxal edilən məhsullara 35 faiz ümumi idxal rüsumu tətbiq edəcəyini bildirib.
Bu qərar, iki ölkə arasında aylardır davam edən ticarət münaqişəsinin daha da dərinləşməsi anlamına gəlir. ABŞ və Kanada bir-birinin mallarına milyardlarla dollar dəyərində tariflər tətbiq edib.
CUSMA-ya uyğun mallar bu tarifdən yayınacaq
Ağ Ev rəsmisi CTV News-a bildirib ki, Trampın nəzərdə tutduğu 35 faiz tarif Kanada-ABŞ-Meksika Razılaşmasına (CUSMA) daxil olan mallara tətbiq edilməyəcək. Bu isə o deməkdir ki, artıq 25% tarif tətbiq olunan və CUSMA tərəfindən qorunmayan mallara 1 avqustdan etibarən 35% tarif tətbiq oluna bilər. Bəzi enerji məhsulları və kalium gübrələrinə isə 10% rüsum qüvvədə qalacaq.
Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp hələlik bu qərarla bağlı “qəti qərar qəbul etməyib” və “heç bir son sənəd hazırlanmayıb”.
Trampın Mark Karniyə Truth Social-da paylaşdığı məktub
“Cənab Baş Nazir,
Bu məktubu Sizə göndərmək mənim üçün böyük şərəfdir, çünki bu bizim ticarət münasibətlərimizin gücünü və davamlılığını göstərir. ABŞ, Kanadanın ABŞ-a qarşı maliyyə retaliyasına (qisas) baxmayaraq, əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Bildiyiniz kimi, ABŞ Kanadaya qarşı fentanil böhranı səbəbilə tariflər tətbiq etdi. Bu böhran qismən, Kanadanın narkotiklərin ölkəmizə axınının qarşısını ala bilməməsindən qaynaqlanır.
Kanada əməkdaşlıq etmək əvəzinə, öz tariflərini tətbiq etdi. 2025-ci il avqustun 1-dən etibarən, Kanadadan idxal olunan məhsullara 35% tarif tətbiq ediləcək. Bu, sahə üzrə fərdi tariflərdən əlavədir. Tarifdən yayınmaq üçün üçüncü ölkələrdən yönləndirilən mallar da bu tarifə tabe olacaq.
Əgər Kanada və ya sizin ölkənizdəki şirkətlər malları ABŞ-da istehsal etmək qərarı versələr, bu zaman tarif tətbiq olunmayacaq və biz bütün lisenziyalaşdırma proseslərini sürətləndirəcəyik.
Əgər siz qarşılıq olaraq tarifləri artırmaq qərarı versəniz, bu artım 35%-ə əlavə olunacaq.
Bundan əlavə, fentanilin axını təkcə problem deyil. Kanada böyük ticarət kəsiri yaradan yüksək tarif və qeyri-tarif baryerləri tətbiq edir. Məsələn, ABŞ-ın süd məhsullarına qarşı 400%-ə qədər rüsumlar var.
Əgər Kanada fentanilin qarşısını almaq üçün bizimlə əməkdaşlıq etsə, bu məktubun məzmununu yenidən nəzərdən keçirə bilərik. Tariflər, münasibətlərimizdən asılı olaraq artırıla və ya azaldıla bilər.
Hörmətlə,
Donald J. Trump
ABŞ Prezidenti
Mark Karninin cavabı
Kanada Baş naziri Mark Karni, Trampın məktubuna X (keçmiş Twitter) üzərindən belə cavab verib:
“ABŞ ilə aparılan cari ticarət danışıqları zamanı Kanada hökuməti əməkdaşlarımızı və biznesimizi qətiyyətlə müdafiə edib və bunu davam etdirəcək.
Fentanilin yayılmasının qarşısını almaq üçün əvvəllər görülməmiş tədbirlər görmüşük və bu işdə ABŞ-la əməkdaşlığımızı davam etdirəcəyik.
Biz Kanadanı gücləndiririk. Federal hökumət, əyalətlər və ərazilər birlikdə vahid Kanada iqtisadiyyatı qurmaqda böyük irəliləyiş əldə ediblər. Bu yolda bir sıra mühüm layihələri reallaşdırmağa hazırıq və dünyada ticarət tərəfdaşlıqlarımızı da gücləndiririk”Suzanne Foto: Plunkett/Pool Photo via AP
















