[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ontarioda dayanacaqda yaşayan sakinlər ərazidən çıxarılır: “Gedəcək yerimiz yoxdur”

Kembric şəhərində, 401 nömrəli magistral yolunun yaxınlığında yerləşən Townline Road avtomobil (carpool) dayanacağında aylarla yaşayan insanlar ərazini tərk etməli olublar. Çərşənbə günü Ontario Nəqliyyat Nazirliyi xüsusi mühafizə əməkdaşları və evakuatorlarla əraziyə gələrək sığınacaq kimi istifadə olunan avtodom və qoşquları çıxarmağa başlayıb.

Dayanacaqda yaşayan Debbi adlı qadın “CTV News”a bildirib ki, beş gün əvvəl onlara bütün qoşquların ərazidən çıxarılması barədə xəbərdarlıq edilib: “Bizə dedilər ki, kimsə bu dayanacaqla bağlı şikayət edib və buna görə də bütün qoşqular çıxarılmalıdır”.

Nazirliyin bildirişində qeyd olunub ki, bu dayanacaqlar nəqliyyat vasitələrinin və qoşquların uzunmüddətli saxlanılması üçün nəzərdə tutulmayıb. Ərazidə yerləşdirilən lövhələrdə də göstərilir ki, 120 saatdan artıq saxlanılan nəqliyyat vasitələri işarələnərək evakuasiya ediləcək.

Debbi isə bu qərarı anlaya bilmədiyini deyib: “Heç kim burada qaydanı pozmayıb. Bura sakit yer idi, arxamızca təmizləyirdik. Hamımız işləyən insanlarıq. Şikayətin nədən ibarət olduğunu başa düşmürəm”.

Lakin yaxınlıqda yaşayan Kevin adlı sakin fərqli mövqedədir: “Əgər ərazini təmiz və səliqəli saxlasaydılar, əminəm ki, heç kim şikayət etməzdi. Amma bunu etmirdilər. Məni narahat edən də məhz budur”.

Kevin daha əvvəl polisə və Ontario Nəqliyyat Nazirliyinə müraciət etdiyini, lakin yalnız indi tədbir görüldüyünü söyləyib: “Mən başa düşürdüm ki, insanların köməyə ehtiyacı var. Amma onlar bu köməkdən sui-istifadə etdilər”.

Son günlər bəzi qoşqu sahibləri ərazini tərk etsələr də, digərləri çərşənbə günü qoşqularının evakuasiya edilməsinə razılaşıblar.

Bəzi sakinlər qoşqularını düşərgələrə aparmaq üçün tələb olunan ödənişləri qarşılaya bilmədiklərini deyərək başqa qanuni seçimlərinin olmadığını vurğulayıblar: “Gedəcək başqa yerimiz yoxdur. Bizə pulsuz evakuasiya təklif edirlər, amma bizi hara aparacaqlar?”.

Sakinlər daha əvvəl CTV News-a bildirmişdilər ki, yüksək yaşayış xərcləri səbəbindən pul yığmaq üçün bu dayanacaqda yaşamağa başlayıblar. Onların bir çoxunun işi olsa da, qazandıqları gəlir ev və ya mənzil kirayəsini ödəməyə kifayət etmir: “Bu dayanacaq mənim ehtiyaclarıma uyğun idi. Məqsədim bir müddət burada qalaraq pul yığmaq və sonra yenidən ev və ya mənzil kirayələmək idi”, – deyə Corc adlı sakin bildirib.

Hazırda qoşqu sahibləri nəqliyyat vasitələrini saxlayacaqları yeni yer axtarırlar. Onların bir çoxu üçün çadır şəhərciyində yaşamaq artıq real ehtimala çevrilib.

Jeff Pickel/CTV News

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar