[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Torontoda Çörçil, şahzadə Diana və Pikassoya məxsus ayaqqabıların sərgiləndiyi Muzeydən reportaj  

14 min cütdən çox çəkmənin saxlanıldığı muzeyə giriş həftənin bazar günləri hər kəs üçün ödənişsizdir

Bata Ayaqqabı Muzeyi Torontonun mərkəzində (327 Bloor Street West) yerləşir. Bu küçə bir neçə ayaqqabı kolleksiyasına ev sahibliyi etdiyi üçün “muzey küçəsi” kimi də tanınır. Yalnız Şimali Amerikada deyil, bütövlükdə dünyanın heç bir yerində bu qədər geniş ayaqqabı kolleksiyası yoxdur.

“CanAzerbaijan” muzeylə bağlı “Kaspi” qəzetinin hazırladığı reportajı təqdim edir.

Muzeydə dünyanın müxtəlif yerlərindən toplanan 14 min cütdən çox ayaqqabı saxlanılır. Kolleksiyalar insan saçından hazırlanmış yapon sandaletlərindən tutmuş 4500 illik yaşı olan ayaqqabılara qədər dəyişir. Eksponatlar insan sivilizasiyalarını, həyatın bir çox sahələrini əhatə edir. Buradakı ayaqqabılar mədəniyyəti anlamaq üçün unikal bir açardır. Buradakı hər ayaqqabının öz hekayəsi var.

Qeyd edək ki, həftənin bazar günləri hər kəs üçün muzeyə giriş ödənişsizdir.

Ayaqqabı qutusuna oxşayan bina

Muzeyin dörd mərtəbəli binası simvolik olaraq ayaqqabı qutusuna bənzədilib. Bata Muzeyi 1979-cu ildə Bata ailəsi tərəfindən təsis edilib. Onun əsasını çex “ayaqqabı kral”ı Tomaş Batunanın oğlunun həyat yoldaşı Sonya Batunanın 1940-cı illərdən bəri topladığı ayaqqabı kolleksiyası təşkil edirdi. Sonya bu işə o qədər həvəsli idi ki, Tomaş Bata ilə evlənməzdən əvvəl artıq 1500 cüt müxtəlif ayaqqabı və çəkməyə sahib idi. Ərinin çoxsaylı işgüzar səfərlərində və digər səyahətlərində ona yoldaşlıq edir, geri qayıdanda özü ilə hər bir ölkəyə və ya mədəniyyətə xas olan ənənəvi ayaqqabı nümunələrini gətirirdi. Sonyanın kolleksiyasını italyan intibah ayaqqabılarından tutmuş Çindən gətirilən uşaq ayaqqabılarına qədər nümunələr bəzəyirdi.

1979-cu ildə ailəsi xanım Batanın şəxsi kolleksiyası əsasında Bata Ayaqqabı Muzeyi Fondunu yaradır. İllər ərzində Fond, xüsusən də Tısbağa Adası (Şimali Amerika) və Kanada, Sibir, Alyaska, Qrenlandiya, Finlandiya, İsveç və Norveçi əhatə edən qütb bölgələrinin yerli icmalarında ayaqqabı toplamaq və araşdırmaq üçün işləri maliyyələşdirir. Son nəticədə on dörd mindən çox ayaqqabı və əlaqəli əşyalardan ibarət misilsiz kolleksiyası olan Bata Ayaqqabı Muzeyi yaranır.

1979-cu ildən 1984-cü ilə qədər əldə edilən kolleksiya Torontodakı “Bata Limited” ofislərində nümayiş etdirilir. Daha sonra təşkilatçılar tam hüquqlu bir muzey üçün bina tikməyi düşünməyə başlayırlar. Layihənin dizayneri memar Raymond Moriyama ideya irəli sürməzdən əvvəl kolleksiyaya şəxsən baxır. Nadir ayaqqabıların saxlanıldığı qutular onu heyrətləndirir və bina ideyasına ilham verir. Beləliklə, Toronto bir az açıq qapağı olan ayaqqabı qutusu formasında olan bu qeyri-adi binanı əldə edir. 1995-ci ildə muzey üçün tikilən bina qapılarını ziyarətçilərə açır.

Binanın hər guşəsi kolleksiyaçının fədakarlığını nümayiş etdirir. Burada müasir moda dizaynerlərinin idman ayaqqabılarını, çəkmələrini, eramızdan əvvəl Qədim Misirdə insanların geyindiyi ayaqqabıları, yerli amerikalıların çəkmələrini və sandaletlərini görə bilərsiniz. Kovboyların çəkmələrinə isə ayrıca ekspozisiyalar həsr olunub.

Kraliça Viktoriyanın, Çörçilin, Diananın ayaqqabıları

Bata Muzeyində dünya məşhurlarına həsr olunmuş ayrıca bir sərgi xüsusi maraq doğurur. İnsanlar ekspozisiyada nümayiş olunan Merilin Monro, Elvis Presli, Şahzadə Diana, Pablo Pikasso, Uinston Çörçil və digər məşhur şəxsiyyətlərə məxsus ayaqqabı kolleksiyalarına tamaşa etmək üçün gəlirlər. Kolleksiyada Kraliça Viktoriyanın bal tərlikləri, Con Lennonun çəkmələri və Elton Conun gümüş platforma çəkmələri nadir eksponatlar sayılır. Muzeydə moda səhnəsinin görkəmli siması Vivyen Vestvud, Manolo Blanik də daxil olmaqla 20-ci əsr dizaynerlərinin ayaqqabıları da nümayiş olunur.

Hər bir sərginin yanındakı ekranda ziyarətçilərə səbəbkar haqqında qısametrajlı film izləmək imkanı yaradılır. Daimi kolleksiyada dünyanın demək olar ki, hər mədəniyyətindən artefaktlar yer alıb. Muzey ayaqqabıların insan həyatında əhəmiyyəti barədə məlumat verən maarifləndirici mühazirələrə və xüsusi tədbirlərə və ailə proqramlarına ev sahibliyi edir. “Bata Ayaqqabı Muzeyinin missiyası ayaqqabıların bəşəriyyətin sosial və mədəni həyatının formalaşmasında əsas rolunu çatdırmaqdır. Ayaqqabı istehsalı tarixinin maddi sübutlarını əldə etmək, qorumaq, araşdırmaq, şərh etmək və sərgiləməklə muzey dünya sakinlərinin dəyişən vərdişlərini, həyat tərzini, mədəniyyətini və adətlərini nümayiş etdirir”, – deyə muzeyin əməkdaşı ziyarətçilərə məlumat verir: “Ayaqqabılar şəxsi zövq və üslubun göstəricisidir. Bu eksponatlar bizə dünyanın texnoloji inkişafı haqqında da çox şey deyə və cəmiyyətin dəyərlərindəki dəyişiklikləri qeyd edə bilər. Ayaqqabılar iqlimi, dini inancları və sənətkarlığın inkişafını, eləcə də cinsə və sosial statusa münasibətlərin əsrlər boyu necə dəyişdiyini əks etdirən bütün həyat tərzlərini əks etdirir”.

Tanınmış ayaqqabı tədqiqatları mərkəzi

Hazırda Bata Ayaqqabı Muzeyi dünyanın ən böyük və ən əhatəli ayaqqabı və ayaqqabı ilə əlaqəli əşyaların kolleksiyasına ev sahibliyi edir. Eksponatlar sırasına Misir sarkofaqı, çəkmə formasında ətir şüşələri, sandalet ayaqları formasında qədim Roma lampaları və 14-19-cu əsrlərə aid çox sayda rəsm, litoqrafiya və heykəl də daxildir.

Bundan əlavə, muzey sahə tədqiqatlarına sponsorluq edən və təhsili təşviq edən beynəlxalq səviyyədə tanınmış ayaqqabı tədqiqatları mərkəzidir. Bu il muzey 30 illik yubileyini qeyd edir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar