[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Recaynada Azərbaycan dolmasına maraq: kanadalılara dolma bükmək öyrədilib

Kanadanın Recayna Dövlət Kitabxanasının (Regina Public Library) iki filialında ardıcıl iki həftəsonu kanadalılar üçün Azərbaycan dolmasının hazırlanmasına həsr olunmuş master-klass təşkil edilib. Bu barədə “CanAzerbaijan”a Recayna Azərbaycan Mədəniyyət Assosiasiyasının (Azerbaijani Cultural Association of Regina – AzCAR) İdarə Heyətinin üzvü Rəna Fərəcova məlumat verib.

Qeyd edək ki, AzCAR tərəfindən təşkil olunan tədbirdə iştirak üçün əvvəlcədən onlayn qeydiyyat açılıb. Maraqlıdır ki, bütün yerlər qısa müddətdə dolub və əlavə olaraq dolma hazırlamağı öyrənmək istəyənlər üçün uzun gözləmə siyahısı formalaşıb.

R.Fərəcova deyir ki, bu, Kanadada Azərbaycan mətbəxinə marağın artmasından xəbər verir: “Kitabxana rəhbərliyi daha əvvəl də Azərbaycan mədəniyyətini tanıtmaq məqsədilə dövlət kitabxanalarının müxtəlif fililallarında bir sıra proqramlar təşkil edib. Sonuncu belə tədbir 2025-ci ildə keçirilən qutab hazırlama təlimi də böyük marağa səbəb olub. Elə bu marağı nəzərə alaraq təşkilatçılar bu dəfə dolma hazırlamaqla bağlı iki ayrı tədbir keçirməyi təklif ediblər”.

Tədbirin təqdimat hissəsində iştirakçılara Azərbaycan mətbəxi, onun zənginliyi haqqında ətraflı məlumat verilib. Daha sonra qonaqlara əvvəlcədən hazırlanmış dolma və qatıq təqdim olunaraq dadım təşkil edilib.

R.Fərəcovanın sözlərinə görə, seminarın ən maraqlı hissəsi iştirakçılara dolmanın hazırlanma prosesinin – ətin hazırlanması və yarpağa bükülməsinin – addım-addım göstərilməsi olub: “Hər kəsə öz dolmasını hazırlamaq imkanı yaradıldı. İştirakçılar əti yarpağa özləri büküb evə apardılar ki, bişirib dadına baxsınlar”.

R.Fərəcova master-klasın ümumilikdə tədbir iştirakçıları tərəfindən böyük maraq və müsbət rəylərlə qarşılandığını bildirdi: “Bu cür təşəbbüslər Azərbaycan mətbəxinin və mədəniyyətinin Kanadada daha yaxşı tanınmasına səbəb olur”.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar