50-dən çox ölkədən 3 mindən artıq filmin iştirak etdiyi beynəlxalq müsabiqənin qalibləri dekabrın 3-də elan olunacaq
2026-cı il dekabrın 1-dən 3-dək Mərakeş Krallığının Dəhlə şəhərində 38-ci Dünya Turizm Film Mükafatları (World Tourism Film Awards) keçiriləcək.
Beynəlxalq Turizm Film Festivalları Komitəsinin (CIFFT) təşkilatçılığı ilə baş tutacaq tədbir dünyanın müxtəlif ölkələrindən turizm sənayesinin nümayəndələrini, kino istehsalçılarını, yaradıcı agentlikləri və beynəlxalq media təmsilçilərini bir araya gətirəcək.
Bu mövsüm CIFFT Circuit çərçivəsində 50-dən çox ölkədən 3 mindən artıq film dünyanın aparıcı beynəlxalq turizm film festivallarında iştirak edib. Dekabrın 3-də keçiriləcək təntənəli mükafatlandırma mərasimində hər kateqoriya üzrə ən yaxşı beş film açıqlanacaq, ilin dünyanın ən yaxşı turizm filmləri mükafatlandırılacaq.
Tədbirin proqramına GreenWorking Forum, World Tourism Film Awards Talks müzakirələri, Mərakeş Mədəniyyət Gecəsi, mədəni ekskursiya və təntənəli mükafatlandırma mərasimi daxildir.
Builki tədbirin diqqətçəkən istiqamətlərindən biri də Tourism Press Award – Turizm Mətbuatı Mükafatıdır. Bu mükafat turizm jurnalistikasının inkişafına, peşəkar media fəaliyyətinə və turizmin beynəlxalq səviyyədə təbliğinə töhfə verən yanaşmaları ön plana çıxarır. Mükafatın qalibi dekabrın 3-də keçiriləcək Awards Gala mərasimində elan olunacaq.
Qeyd edək ki, tədbir CIFFT və Tourism & Society Think Tank (TSTT) təşkilatlarının əməkdaşlığı ilə təşkil olunur. Mərakeş Krallığının Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyi, Turizm, Sənətkarlıq və Sosial və Həmrəylik İqtisadiyyatı Nazirliyi, Mərakeş Milli Turizm Ofisi (MNTO) və FISMAC tədbirə ev sahibliyi edir.
“Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova festivalın münsiflər heyətində ölkəmizi təmsil edir.
Dünya Turizm Film Mükafatları turizm istiqamətlərinin, ölkələrin mədəni irsinin və səyahət imkanlarının audiovizual vasitələrlə beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən mühüm platformalardan biridir. Bu tədbir turizm və kino sənayesinin nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, yaradıcı layihələrin təşviqi və turizm destinasiyalarının dünya miqyasında tanıdılması baxımından əhəmiyyət daşıyır.