Yeni vətəndaşlıq alanların sənədləri yenidən yoxlanılacaq
🇨🇦 Ötən ilin sonlarında qüvvəyə minən dəyişikliklər nəticəsində Kanada vətəndaşlığı almaq hüququ qazanan minlərlə şəxs üçün gözlənilməz problem yaranıb.
Federal hökumət dünyanın müxtəlif ölkələrində yaşayan və Kanada əcdadlarına əsaslanaraq vətəndaşlıq sertifikatı alan bir sıra şəxslərin sertifikatlarını qəfil dayandırıb.
Şənbə günü Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi (IRCC) naməlum sayda şəxsə elektron məktub göndərərək vətəndaşlıq sertifikatlarını geri qaytarmalarını tələb edib. Bildirilib ki, onların sənədləri yenidən araşdırılacaq.
Kanada vətəndaşlığının qeydiyyatçısı Peqi Sun tərəfindən imzalanan məktubda qeyd olunur: “Əlimizdə olan məlumatlar göstərir ki, siz Kanada vətəndaşlığı sertifikatını saxlamaq hüququna malik olmaya bilərsiniz”.
Məktubu alan şəxslər sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, hökumət qərarın səbəblərini aydın şəkildə izah etməyib.
Məktubda yalnız təqdim olunan bəzi sənədlərin orijinal dövlət mənbələrindən alınmadığı və ya orijinal sənədlərin niyə əldə olunmadığının izah edilmədiyi qeyd olunub.
Bununla belə, hökumət bildirib ki, vətəndaşlıq hüququnu təsdiqləyən əlavə sübutlar təqdim etmək imkanı veriləcək. Araşdırma nəticəsində uyğun olduqları müəyyən edilərsə, sertifikatlar sahiblərinə geri qaytarılacaq.
İmmiqrasiya hüquqşünasları bunun kütləvi xarakter daşıyan bir qərar olduğunu düşünürlər, lakin neçə nəfərin sertifikatının dayandırıldığı hələ məlum deyil.
Foto: Adrian Wyld/The Canadian Press















