Toronto Universitetinin hüquq proqramında bəzi auditoriyalarda klaviaturalardan imtina ediləcək və tələbələrdən sentyabr ayından etibarən dərs zamanı qeydlərini əllə yazmaları tələb olunacaq.
Toronto Universitetinin Henry N.R. Jackman Hüquq fakültəsinin dekan müavini Riçard Staki bu həftənin əvvəlində tələbələrə göndərdiyi elektron məktubda bildirib ki, bir çox müəllim tələbələrin dərs zamanı necə qeyd apardığından narahatdır. Onların fikrincə, bu, fakültənin əsas tədris prinsiplərindən birinə mane olur.
R.Stakinin sözlərinə görə, bir çox tələbə noutbuklardan istifadə edərək dərsdə “çoxsaylı və ətraflı qeydlər” aparır və nəticədə dərs materialını tənqidi şəkildə təhlil edə bilmirlər.
Toronto Universitetinin Hüquq fakültəsinin dekanı Kristofer Essert “CP24”-ə açıqlamasında bildirib ki, müəllimlər mühazirələr zamanı texnologiyadan, o cümlədən inkişaf etmiş süni intellekt alətlərindən və dərsi demək olar ki, sözbəsöz yazmaq üçün istifadə olunan noutbuklardan istifadənin tədrisə təsirindən narahatdırlar.
R.Staki vurğulayıb ki, əsas problem tələbələrin texnologiya səbəbindən diqqətinin yayınması deyil. Problem onların dərsdə öyrədilən mövzular üzərində dərindən düşünə və müzakirələrdə fəal iştirak edə bilməmələridir.
Onun sözlərinə görə, təhsil sahəsində aparılan çoxsaylı araşdırmalar dərs zamanı qeydlərin klaviatura ilə yazılmasının daha yüksək səviyyəli analitik düşünmə qabiliyyətini məhdudlaşdırdığını göstərir.
Noutbuksuz auditoriyalarda tələbələr planşetdən istifadə edə biləcəklər. Lakin bunun üçün qeydlər stilusla əllə yazılmalı, klaviaturadan istifadə edilməməlidir.
R.Staki əl ilə qeyd aparmağın daha yavaş olduğunu qəbul edir. Lakin onun fikrincə, məhz bu yavaş temp tələbələrə məlumatı dərhal və tənqidi şəkildə emal etməyə, həmçinin nəyin yazılmasının vacib olduğuna dair daha yüksək səviyyəli analitik qərarlar verməyə kömək edir: “Qısacası, texnologiyanın tənqidi iştiraka mane olduğu auditoriya mühitində Kanadanın ən yaxşı hüquq tələbələrini yetişdirə biləcəyimizə artıq əvvəlki qədər əmin deyilik”.
Onun sözlərinə görə, bu səbəbdən bu il bir çox müəllim “noutbuksuz auditoriya” yaratmağa qərar verib.
Lakin noutbukların bütün dərslərdə qadağan edilməyəcəyi bildirilir.
R.Staki qeyd edib ki, müəllimlərin tədris üslubları və auditoriyada texnologiyadan istifadə üsulları fərqli olduğuna görə bütün dərslər noutbuksuz olmayacaq.
Noutbuksuz dərslərdə tələbələrə süni intellekt tərəfindən hazırlanmış qeydlər, növbə ilə qeydləri yazacaq tələbələrin siyahısı, dərs slaydları, müəllimin qeydləri və ya dərsdə keçilən materialın digər yazılı forması təqdim ediləcək.
R.Staki bildirib ki, tələbələrə hazır qeydlərin təqdim olunması onların üzərindəki təzyiqi azaldacaq və dərs zamanı daha çox iştirak etməyə, düşünməyə və yalnız özləri üçün vacib hesab etdikləri məqamları qeyd etməyə imkan verəcək.
Essert isə neçə auditoriyada noutbukların qadağan ediləcəyini açıqlamayıb. O bildirib ki, bəzi müəllimlər artıq noutbuk istifadəsini məhdudlaşdırır, daha çox müəllim isə bu məsələni “aktiv şəkildə” nəzərdən keçirir.
Tələbələr narahatdır
Toronto Universitetinin Hüquq Tələbələri Cəmiyyəti (SLS) tələbələrin yeni noutbuk qaydaları ilə bağlı fikirlərini öyrənmək üçün sorğu keçirib.
Sorğuda 240-dan çox tələbə iştirak edib. Sorğuda iştirak edənlərin 77 faizi noutbuksuz dərslərlə bağlı tədbirlərin səmərəsiz olacağını düşünür.
SLS prezidenti Ishaan McLachlan bildirib ki, bir çox tələbə bu siyasətin onların fikirləri nəzərə alınmadan qəbul edilməsindən narahatdır.
SLS prezidenti bildirib ki, tələbə cəmiyyəti bu məsələni müzakirə etmək üçün bazar ertəsi fakültə rəhbərliyi ilə görüşəcək.
Foto: Canva