Ana 8 aylıq qızı ilə təcili yardım şöbəsində saatlarla gözlədikdən sonra həkim müayinəsindən keçmədən xəstəxananı tərk edib
Noyabrın əvvəlində Anngeline Smiz 8-1-1 Səhiyyə Məlumat Xəttinə müraciət edib. Qızının qızdırması olduğunu və hər yeməkdən sonra yediyini qaytardığını deyən ana, 811 əməkdaşlarının tövsiyəsi ilə körpəsini Montreal Uşaq Xəstəxanasının təcili yardım şöbəsinə aparıb.
Səhiyyə xəttinin tibb bacısı körpənin susuzlaşma riski ilə üzləşə biləcəyindən narahat olub.
38 yaşlı ana bildirib ki, bundan əvvəl də iki dəfə 811-ə zəng edərək uşağının vəziyyətini ev şəraitində necə idarə edə biləcəyi barədə məsləhət alıb. Lakin üçüncü gün uşağın vəziyyəti daha da pisləşib və ona təcili yardım şöbəsinə getmək tövsiyə olunub.
“Onlar bunun təcili olduğunu və təcili yardım şöbəsinə getməli olduğumu dedilər. Mən mümkün qədər xəstəxanaya getməkdən yayınmağa çalışıram. Əgər Səhiyyə Məlumat Xəttindən məsləhət görməsəydilər, heç vaxt getməzdim”, – deyə A.Smiz “CTV News”a bildirib.
“Bəlkə növbəti mən olaram”
A.Smiz xəstəxananın təcili yardım şöbəsinə saat 16:00 radələrində çatıb. İlkin müayinə zamanı tibb bacısı gözlədiyi müddətdə ona Tylenol təklif edib. Ananın sözlərinə görə, gözləmə zalında demək olar ki, bütün yerlər dolu olub.
Saat 20:00 radələrində xəstəxananın səsgücləndiricilərindən təcili müdaxiləyə ehtiyacı olmayan xəstələr üçün gözləmə müddətinin 15 saat olduğu elan edilib: “Məyus olmağa başlamışdım. Amma artıq dörd saat idi ki, orada gözləyirdim. Mənə dedilər ki, 15 saatlıq gözləmə müddəti ilkin müayinədən (triage) sonra hesablanır. Öz-özümə düşünürdüm ki, bəlkə növbəti mən olaram”.
Onun sözlərinə görə, xəstəxana daha sonra valideynlərə növbələrinin nə vaxt çatacağını soruşmaq üçün qeydiyyat bölməsinə yaxınlaşmamağı tövsiyə edib. Bildirilib ki, əməkdaşlar gözləmə müddətini dəqiq müəyyən edə bilmirlər və kritik vəziyyətdə olan xəstələrə üstünlük verilir.
“Sizin körpəniz prioritetdir”
Səkkiz saat gözlədikdən sonra, gecə saat 00:00-da A.Smiz artıq xəstəxanada qala bilməyəcəyinə qərar verib. O, yorulmuşdu, körpəsi artıq dörd dəfə onun üzərinə qusmuşdu. Bundan əlavə, evdə daha iki uşağı var idi və onlardan biri səhəri gün məktəbə getməli idi.
Xəstəxananı tərk etmək istədiyini qeydiyyat əməkdaşlarına bildirəndə ondan getməzdən əvvəl tibb bacısı ilə danışması xahiş olunub: “Mən onun adını dedim. Tibb bacısı məlumatları yoxladıqdan sonra bildirdi: “Sizin körpəniz prioritetdir”. Mən isə soruşdum: “Necə yəni prioritetdir? Artıq səkkiz saatdır buradayıq”.
Ana ertəsi gün qızı üçün həkim qəbuluna yazılmağın mümkün olub-olmadığını soruşub. Lakin tibb bacısı körpənin yaşını nəzərə alaraq bunun mümkün olmadığını bildirib.
A.Smiz xəstəxanadan çıxarkən təcili olmayan xəstələr üçün gözləmə müddətinin artıq 26 saata çatdığı elan edilib.
Ananın sözlərinə görə, bu xəbəri eşidən daha iki ana da xəstəxananı tərk edib. Onlardan biri səhər saat 11:00-dan xəstəxanada idi və artıq təxminən 25 saat gözləmişdi.
A.Smiz gecə saat 02:00 radələrində dördüncü dəfə 811-ə zəng edib və ertəsi gün səhər üçün həkim qəbuluna yazıla bilib: “İşçiləri günahlandırmıram. Onlar əllərində olan imkanlarla yalnız bacardıqlarını edə bilərlər. Problem səhiyyə sistemindədir”.
Təcili yardım şöbələrində artan sıxlıq
Kvebek Səhiyyə Məlumat Xəttinin məlumatına görə, virus mövsümünün başlaması ilə əlaqədar Kvebek üzrə təcili yardım şöbələrində xəstə sayı artıb və bu, səhiyyə sisteminə ciddi təzyiq yaradır.
A.Smizin xəstəxanaya müraciət etdiyi həftə McGill Universitetinin Səhiyyə Mərkəzi (MUHC) Kvebek sakinlərinə yalnız kritik vəziyyətlərdə Royal Viktoria Hospital və Montreal General Hospital xəstəxanalarının təcili yardım şöbələrinə müraciət etməyi tövsiyə edib.
Kvebek Səhiyyə Məlumat Xətti A.Smizin konkret vəziyyəti ilə bağlı şərh verməsə də, bildirib ki, xəstələrə hansı ardıcıllıqla tibbi yardım göstərilməsi ilkin müayinə zamanı onların vəziyyətinin ağırlığına əsasən müəyyən edilir.
Səhiyyə Xidmətinin məlumatına görə, böyüklərdə təcili tibbi yardım tələb edə biləcək əlamətlərə sinə ağrısı, nəfəs almaqda çətinlik, insult əlamətləri, şiddətli qarın ağrısı, ciddi travmalar və ümumi sağlamlıq vəziyyətinin kəskin pisləşməsi daxildir.
Uşaqlarda isə bədəndə ciddi susuzlaşma əlamətləri, həddindən artıq yuxululuq, oyaq qalmaqda çətinlik və qıcolmalar təcili yardım şöbəsində müayinə tələb edə bilər.
Foto: Kristinn Musçi/The Canadian Press