Toronto şəhərində qəbiristanlıqlarda yer tapmaq getdikcə çətinləşdikcə, dəfn yerləri 135 min dollara qədər satışa çıxarılır.
Torontonun mərkəzi hissəsində, Yonge Street və Davisville Avenue yaxınlığında yerləşən Mount Pleasant qəbiristanlığında iki nəfərlik qəbir yeri 135 min dollara satışa çıxarılıb. Qeyd edək ki, bu məbləğ elan edilmiş satış qiymətidir, real satış qiyməti təsdiqlənməyib.
Dəfn mərasimi ilə bağlı bütün xidmətləri göstərən “Sensible Choce Cremation”un öz vebsaytında yazdığına görə, Ontarioda qəbir yerinin qiyməti kiçik bələdiyyə qəbiristanlıqlarında bir neçə min dollardan başlayaraq, Torontonun daha çox tələbat olan ərazilərində on minlərlə dollara çata bilər: “Üstəlik, qəbir yerinin alınması ümumi xərclərin yalnız bir hissəsidir. Dəfn mərasimi üçün qəbirin açılması və bağlanması, qəbirüstü abidə, vergilər və qəbiristanlığın digər xidmət haqları yekun məbləği xeyli artıra bilər. Kremasiya üçün nəzərdə tutulan qəbir yerləri və kül qablarının yerləşdirildiyi xüsusi bölmələr isə, adətən, daha ucuz başa gəlir”.
“Qəbiristanlıqlar qiymət siyahılarını təqdim etməlidir”
Şirkətin bildirdiyinə görə, Ontarioda qəbir yerlərinin qiyməti qəbiristanlıqdan asılı olaraq ciddi şəkildə dəyişir. Toronto və GTA-nın bəzi ərazilərində qiymətlər daha yüksəkdir: “Qəbir yerinin alış qiyməti, adətən, dəfni əhatə edir. Qəbirin açılması və bağlanması, abidə və digər xidmətlərə görə əlavə ödəniş tələb oluna bilər. Ontario qəbiristanlıqları qiymət siyahılarını təqdim etməlidir. Buna görə ailələr qərar verməzdən əvvəl bütün xərclər barədə yazılı məlumat tələb edə bilərlər”.
Ontarioda qəbir yerinin qiyməti nə qədərdir?
Bəzi kiçik bələdiyyə qəbiristanlıqlarında torpaqda dəfn üçün bir nəfərlik qəbir yerinin qiyməti təxminən 1500 dollardan başlayır. Torontonun bəzi bahalı qəbiristanlıqlarında isə bu məbləğ 40 min dolları keçə bilər.
Qiymət qəbiristanlığın yerləşdiyi ərazidən, qəbir yerinin növündən və qəbiristanlıq daxilindəki mövqeyindən asılıdır.
Foto: Aİ