[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Okeanın o tayındakı “Azərbaycan”: 20 ildir uşaqlar orada ana dilimizdə danışırlar – FOTOLARLA

Yeganə Cəfərova: “Mən həmişə deyirəm ki, lap 15 sinif də aça bilərik, təki valideynlər istəsinlər”

Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlı uşaqlara ana dilimiz tədris olunur. Toronto Təhsil Mərkəzinin Xarici Dillər Bölməsində yer alan dillər sırasında Azərbaycan dilinin (Azerbaijani Classes in Toronto) tədris edilməsi təbii ki, qürurvericidir. Hazırda Torontoda yaşayan həmvətənlərimiz üçün bu məktəb doğma ocaq kimidir. “CanAzerbaijan.com” “Publika.az”ın Torontodakı Ana dili məktəbindən hazırladığı reportajı təqdim edir.

Qeyd edək ki, Ana dili məktəbi 2006-cı ilin sentyabrında Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşəbbüsü ilə yaradılıb.

Azərbaycan dili siniflərinin rəhbəri və müəllimi Yeganə Cəfərova gələn il 20 yaşı qeyd ediləcək məktəbin fəaliyyəti uğrunda daim təşəbbüslər göstərir.

Azərbaycan dili siniflərinə övladlarını qeydiyyatdan keçirən valideynlər: “Biz Azərbaycandan uzaqda olsaq da, burada kiçik Azərbaycan yaşadırıq”, – deyə sevinclərini bölüşürlər.

Dilimizi unutmağa qoymayan məktəb

Məktəbdə oxuyan uşaqların əksəriyyəti Kanadada doğulub. Onlar Azərbaycanın dilini, atributlarını, tarixini və adət-ənənələrini bu məktəbdə öyrənirlər.

Valideyn Dürdanə Hüseynova 5 yaşlı övladını Ana dili məktəbinə yazdırıb: “Sevinirəm ki, övladım burada rəqslərimizi öyrənir, uşaqlarla münasibət qurur. Ən əsası Ana dilimizi unutmur”.

Könül Baloğlanovanın qızı 8-ci sinifdə oxuyur: “Uşaqlar burada Azərbaycan tarixini, mədəniyyətini, adət-ənənələrini öyrənirlər. Bu dəyərlər bizim üçün çox əzizdir”.

Lalə Həmzəyeva məktəbdə yeni valideyndir. Övladının 4 yaşı var: “Artıq Azərbaycanın gerbini, bayrağını tanıyırlar. Bu məktəbdə uşaqlarımız milli ruhda böyüyürlər”.

Dinara Mahmudovanın isə 3 övladı ana dili sinfində oxuyur: “Bu məktəbə gələnə qədər heç biri Azərbaycan dilində bilmirdi. Evdə artıq ana dilimizdə danışırlar, şeir deyə bilirlər. Burada milli dəyərlərimizi, mədəniyyətimizi öyrənirlər, səhnəciklər qururlar. Həmçinin məktəbdə bayramları, tarixi günləri birlikdə qeyd edirik”.

Lalə Manafovanın 4 yaşlı əkiz qızları da məktəbə həvəslə gəlir: “Ailə olaraq Kanadaya köçmüşük. Ana dili məktəbinin yerləşdiyi ərazidən uzaqda yaşasaq da, hər həftə övladlarımı bura gətirirəm. Çünki bizim olduğumuz ərazidə Azərbaycan dili məktəbi yoxdur. Uşaqların rəqsə, milli mahnılarımıza maraqları var. Buna görə məktəbin müəllimlərinə təşəkkür edirəm!”.

Zemfira Ağabəyova artıq bir ilə yaxındır məktəblə əməkdaşlıq edir. “Bu məktəb dilimizi unutmağa qoymur”- deyə o, sevincini bölüşür: “Tarixi günlərdə, milli bayramlarda burada müxtəlif tədbirlər keçirilir. Övladlarımız öz aralarında Azərbaycan dilində danışır, milli ruhda böyüyürlər. Bu məktəbdə ancaq Azərbaycan dili eşidilir. Özünü vətəndəki kimi hiss edirsən”.

İndi bilirlər ki, Azərbaycan haradadır

Gülnar Nəsirova 2020-ci ildən Ana dili məktəbində müəllim işləyir: “Uşaqların əksəriyyəti burada doğulub-böyüyüblər. Əvvəl ölkəmizi tanımırdılar. Bu məktəbə gələndən bəri artıq Azərbaycanın harada yerləşdiyini bilirlər. Uşaqlara dilimizi sevdirməkdən qürur duyuruq. Məqsədimiz burada yaşayan, dilimizi bilməyən uşaqlara ana dilimizi sevdirmək, onları milli ruhda böyütməkdir. Bizim zəngin ədəbiyyatımız, tariximiz və mədəniyyətimiz var. Onları yaşatmalıyıq. Çalışırıq ki, uşaqlar dilimizi unutmasınlar, ənənələrimizi, mədəniyyətimizi sevsinlər”.

Məktəbdə çalışan Mikayıl Bəylər, Qəmər Peyğəmbəri və Ramin Şadpur kimi müəllimlər də uşaqlara rəqslərimizi, musiqimizi və incəsənətimizi öyrətmək üçün böyük həvəslə çalışır və bu işdən zövq alırlar.

3-cü sinfimizi açmağa çalışırıq

Ana dili məktəbinin rəhbəri Yeganə Cəfərova 2006-cı ildə bu məktəbi yaratdıqlarını deyir: “Hər şənbə günü dərsimiz keçirilir. Artıq 50-yə yaxın şagirdimiz var. Bir sinfin açılması üçün 25 şagird olmalıdır. Hazırda iki sinfimiz fəaliyyət göstərir. Müraciətlər çox olduğundan üçüncü sinfimizi açmağa çalışırıq. Məktəbə qəbul üçün uşaqlar hər il qeydiyyatdan keçməlidir. Çünki dərslər Toronto Şəhər Təhsil Mərkəzinin məktəblərində keçirilir. Azərbaycan dili rəsmi olaraq xarici dillər bölməsində tədris olunur. Bunun üçün uşaq məktəbə hazırlığa getməli, daha sonra ana dili sinfinə yazılmalıdır. Məktəbimizdə 1-8-ci sinif şagirdləri oxuyur. Hazırda iki kiçik və böyük uşaqlardan ibarət iki sinif mövcuddur. 3-cü sinfə qədər uşaqlara Gülnar müəllimə, 3- 8-ci sinif uşaqlarına isə mən dərs deyirəm. Uşaqlara “Azərbaycan dili” tədris olunur. Bununla yanaşı mədəniyyətimizi, tariximizi, coğrafiyamızı da öyrədirik”.

Y.Cəfərova bildirir ki, böyük yaşlı şagirdlər Azərbaycan və Qarabağ haqqında layihələr icra edir, oxuduqları məktəblərdə həmin layihələri nümayiş etdirirlər: “Dil səviyyələrinə görə şagirdləri bölürük. Elə uşaq var ki, 8-ci sinifdə oxuyur, amma dili bilmir. Onun üçün sıfırdan başlamalısan”.

Mənəvi bağ

Y.Cəfərovanın sözlərinə görə, valideynlər də məktəbə çox bağlıdır: “Yayda dərsimiz olmayanda da hər həftə yığışırıq. Valideynlər də bir-birləri ilə ünsiyyət qururlar. Uşaq ana dilində danışmırsa, mənsub olduğu mühitdə böyümürsə, bu, kiçik balığın okeanda böyük balıqların yemi olması kimidir. Sonra uşaq başqa səmtlərə yönəlir, öz soykökündən kənarda qalır. Uşaq Azərbaycana getmək istəmir, “mən o dili, mədəniyyəti bilmirəm” deyir. Bunun üçün uşaqlarla və valideynlərlə bir yerdə olanda bir-birimizlə mənəvi bağ qururuq”.

Y.Cəfərova deyir ki, məktəbdəki dərsdən sonra icmaya gəlir, burada tamaşalar qoyur, müxtəlif fəaliyyətlər həyata keçirirlər: “Uşaqlara milli rəqslər öyrədilir, gitara dərsləri keçirilir. Keçən il Məhəmməd Füzulinin “Meyvələrin söhbəti”ni səhnələşdirdik. Bu işdə Mikayıl müəllim çox kömək edir. Başqa ölkələrdən olan icmalar da bizi öz tədbirlərinə dəvət edirlər. Keçən yay Makedoniya icmasından dəvət almışdıq. Türk uşaq festivallarında iştirak edirik. Hər il festivalda Azərbaycan çadırı qurur, ölkəmizin mədəniyyətini, tarixini nümayiş etdiririk. Biz uşaqlara “siz bizim davamçılarımız olacaqsınız”- deyəndə sevinirlər. Hətta 8-ci sinfi bitirəndən sonra yenidən məktəbə gəlmək istəyirlər. Onlardan biri könüllü kimi məktəbə qayıdıb”.

15 sinif də aça bilərik

Y.Cəfərova məlumat verir ki, məktəbin vebsaytının xarici dillər bölməsində “Azərbaycan dili” əlavə olunub: “Pandemiya dövründə Azərbaycan əlifbasını məktəbə daxil elətdirdik. Bundan başqa, Xocalı soyqırımını Toronto Təhsil Mərkəzinin Xarici Dillər Bölməsində tanıtdırdığımız üçün, hüzn günü şənbə gününə təsadüf edərsə, hüzn kimi həmin gün  uşaqlarımız da, müəllimlərimiz də məktəbə getmirlər. Amma müəllimlər o gün üçün dövlətdən əmək haqlarını alırlar”.

Məktəbin rəhbəri dilimizlə bağlı müəyyən maneələrlə qarşılaşdıqlarını da bildirir: “Bizim yay dərslərimiz olur. Yayda ana dilinin siyahıda olmadığını gördüm. Valideynlər qeydiyyatdan keçmək üçün axtaranda tapmırdılar. Dərhal müraciət elədik. “Səhv olub” dedilər. Biz daim dilimizin tədrisi uğrunda mübarizə aparırıq”.

Yeganə xanım dərsliklərlə bağlı məktəbdə mövcud olan problemlərə də toxundu: “Azərbaycan dili ilə bağlı dərslikləri Azərbaycandan gətirirəm. Kitabxanalara da mən vermişəm. Amma burada uşaqlara dərs ləvazimatları verilir. Dəfələrlə dərslik üçün Bakı şəhər Təhsil Mərkəzinə, Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etmişik. “Bu sinfi biz açmamışıq” deyirlər. Amma Kanada dövləti bizim dilimizə hörmət edərək onun rəsmi olaraq tədrisinə şərait yaradır. Heç olmasa dərsliklərlə bağlı köməklik edilsə, yaxşı olardı”.

Y.Cəfərova bildirir ki, bu il məktəbin 20 illik yubileyi qeyd olunacaq: “Artıq məktəbimizin şagirdləri universitetlərdə təhsil alırlar. Məqsədimiz odur ki, dilimizi, adət-ənənələrimizi yaşatsınlar. Uşaqlarımız öz millətimizdən özlərinə dost seçsinlər, xoşagəlməz çevrəyə düşməsinlər. Artıq onlarda vətənpərvərlik hissi oyanıb. Valideyndən də çox şey asılıdır. Əgər valideyn vətənini sevərsə, uşaq da sevəcək. Artıq 3-cü sinfimizi açmaq üzərində çalışırıq. Mən həmişə deyirəm ki, lap 15 sinif də aça bilərik, təki valideynlər istəsin”.

Bakı-Toronto-Bakı

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp