Toronto polisi ilə etirazçılar arasında qarşıdurma: xuliqanlıq, hücum və polisə mane olma ittihamları ilə 2 nəfər saxlanıldı
Ontario əyalətinin müxtəlif şəhərlərində tələbələr Ontario Tələbə Maliyyə Dəstəyi Proqramına (OSAP) edilən son dəyişikliklərə etiraz edirlər. Qeyd edək ki, yeni tədris ilindən etibarən ali təhsil üçün maliyyə dəstəyi sistemi əsasən qrantlardan kreditlərə keçəcək.
CBC-nin yazdığına görə, Toronto şəhərində yüzlərlə tələbə Queen’s Park qarşısında toplaşaraq etiraz aksiyası keçirib. Vaterloo şəhərində də yüzlərlə tələbə dərsləri tərk edib. Həftənin əvvəlində isə Oşava şəhərində məktəblilər də etiraz məqsədilə dərsdən çıxış aksiyası təşkil etmişdi. Ontarionun St. Kətherins şəhərində də 200-dən çox məktəb və universitet tələbəsi Brok Universiteti yaxınlığında etiraz aksiyasına qatılıb.
Torontoda etiraz edən tələbələr barabanlar çalıb və şüarlar səsləndiriblər. Onlar Ontario baş naziri Daq Ford və kolleclər və universitetlər naziri Nolan Kvinin istefasını tələb ediblər.
“Təhsil tələbələr üçün əlavə maliyyə yükünə çevrilməməlidir”
Ontario Tələbələr Federasiyasının nümayəndəsi Omar Mousa bildirib ki, tələbələr vəziyyətdən narahatdır, lakin hökumətin yaratdığı bu şərtlərlə razılaşmaq niyyətində deyillər.
Federasiyanın digər nümayəndəsi Krielle Ngeleka isə deyib ki, artan kirayə və ərzaq xərcləri fonunda təhsil tələbələr üçün əlavə maliyyə yükünə çevrilməməlidir: “Təhsil insanları qeyri-sabit vəziyyətdən çıxaran bir yol olmalıdır, tələbələrin üzərinə qoyulan yeni bir hesab deyil”.
OSAP sistemində dəyişiklik
Tələbələr yeni tədris ilindən OSAP-ın maksimum 25 faizini qrant (geri qaytarılmayan vəsait), minimum 75 faizini isə kredit şəklində (geri ödənməli vəsait) ala biləcəklər. Qeyd edək ki, hazırda tələbələr maliyyə yardımının maksimum 85 faizini qrant kimi, minimum 15 faizini isə kredit kimi ala bilirlər. Yeni qərara əsasən, özəl təhsil müəssisələrində oxuyanlar OSAP-dan 100 faiz borc alacaqlar.
Toronto Universitetinin tələbəsi Naicey Portus bildirib ki, Ford hökumətinin qərarı onu və digər tələbələri ciddi narahat edir. Onun sözlərinə görə, imtahanlar və tapşırıqlarla yanaşı, indi daha çox işləmək və maliyyə qayğıları haqqında düşünmək məcburiyyətində qalacaqlar.
Etiraz zamanı qarşıdurma
“CBC News”un yayımladığı görüntülərdə etiraz zamanı bəzi tələbələrlə Toronto polisi arasında qarşıdurma baş verdiyi görünür. Bir etirazçının polis əməkdaşına qışqırdığı və sonra kütləyə doğru itələndiyi görüntülərdə əks olunub.
Toronto polisinin sözçüsü Ami Davey bildirib ki, aksiyanın əvvəlində vəziyyət sakit olsa da, günün ikinci yarısında xuliqanlıq, hücum və polisə mane olma ittihamları ilə iki nəfər saxlanılıb.
Hökumətin mövqeyi
Ontario Kolleclər və Universitetlər Nazirliyinin sözçüsü Bianka Giakoboni bildirib ki, OSAP-da edilən dəyişikliklər proqramın uzunmüddətli davamlılığını təmin etmək üçün lazımdır və digər əyalətlərdəki maliyyə yardım sistemləri ilə uyğunlaşdırılacaq.
Onun sözlərinə görə, federal hökumətin bəzi tələbələr üçün qrant uyğunluğunu ləğv etməsi və son illərdə proqramdan istifadə edənlərin sayının artması maliyyə təzyiqi yaradıb.
Müxalifətin reaksiyası
Ontario Liberal Partiyasının təhsil üzrə tənqidçisi John Fraser bildirib ki, yaşayış xərclərinin artdığı bir dövrdə tələbələrə əlavə maliyyə yükü qoymaq səhv addımdır.
Ontario NDP lideri Marit Stiles isə bildirib ki, məsələ parlament iclasları bərpa olunan kimi səsverməyə çıxarılacaq. O qeyd edib ki, Ontario əyalətində ali təhsil maliyyələşdirilməsi Kanadadakı digər əyalətlərlə müqayisədə ən aşağı səviyyələrdən biridir və bu vəziyyət tələbələrə və iqtisadiyyata mənfi təsir göstərir.
Foto: Joshua Freeman /CP24)
















