Birinci yerdə böyrək xəstəlikləri və böyrək çatışmazlığı gəlir
Yeni araşdırmaya görə, böyrək xəstəliyi və böyrək çatışmazlığı Toronto şəhərində ən sürətlə artan xroniki xəstəlik hesab olunur. Torontoda növbəti ən sürətlə artan dörd xroniki xəstəlik isə eşitmə problemi, bağırsaqların xroniki və iltihabi xəstəliyi, xərçəng və demensiyadır.
Ontario üzrə xəstəliklərin gələcək yayılma tendensiyalarını araşdıran yeni tədqiqat optimist mənzərə göstərmir. Araşdırma Ontario Hospital Assosiasiyası və Toronto Universitetinin Dalla Lana İctimai Sağlamlıq Məktəbi tərəfindən birgə aparılıb. Açıqlamaya görə, bu tədqiqat artan və yaşlanan əhali səbəbindən Ontarionun səhiyyə sisteminə misli görünməmiş təzyiqin yaranacağını göstərir.
Ekspertlər bildirirlər ki, Ontarioda insanlar xroniki xəstəliklərlə daha uzun müddət yaşayacaq və xəstəliklərin yayılma səviyyəsi bütün yaş qruplarında artacaq.
Ən sürətlə artan xəstəliklər
Araşdırmaya görə, 2020–2040-cı illər arasında Ontarioda sürətlə artacağı proqnozlaşdırılan 5 xroniki xəstəlik bunlardır:
- Böyrək xəstəliyi və böyrək çatışmazlığı
- Eşitmə problemi
- Narkotika və ya digər asılılıq yaradan maddələrin istifadəsi nəticəsində yaranan psixoloji və tibbi problemlər
- Bağırsaqların xroniki və iltihabi xəstəliyi
- Demensiya
Toronto şəhərində isə siyahı belədir:
- Böyrək xəstəliyi və böyrək çatışmazlığı
- Eşitmə itkisi
- Bağırsaqların xroniki və iltihabi xəstəliyi
- Xərçəng
- Demensiya
2040-cı ilə qədər ən geniş yayılmış xəstəliklər
Proqnoza görə, 2040-cı ildə Ontarioda və Torontoda ən çox yayılmış xroniki xəstəliklər bunlar olacaq:
- osteoartrit
- yüksək qan təzyiqi
- diabet
- astma
- xərçəng
Xəstələrin sayı sürətlə artacaq
Araşdırmaya görə, 2040-cı ilə qədər Ontarioda təxminən 3,1 milyon insan ciddi xəstəliklə yaşayacaq. Müqayisə üçün, 2020-ci ildə bu rəqəm 1,8 milyon idi.
Proqnoza görə, 2040-cı ildə 30 yaşdan yuxarı hər dörd nəfərdən biri ciddi xəstəliklə yaşayacaq. 2002-ci ildə isə bu göstərici hər səkkiz nəfərdən biri idi.
Ontario Hospital Assosiasiyasının prezidenti və baş icraçı direktoru Antoni Dalenin sözlərinə görə, Ontarionun səhiyyə sistemi sürətlə qocalan əhalinin ehtiyaclarını qarşılamaq üçün yeni strategiyalar və əlavə investisiyalara ehtiyac duyur.
Qeyd edək ki, bu hesabat indiyədək Ontarionun əhalisi arasında xroniki xəstəliklərin miqyasını ölçən ən geniş ictimai araşdırma hesab olunur.
Ekspertlərin fikrincə, növbəti 20 ildə xroniki xəstəliklərin artması səhiyyə sisteminə ciddi təzyiq göstərəcək: “Ontario dönüş nöqtəsindədir. Mövcud vəziyyəti olduğu kimi saxlamaq mümkün deyil. Əgər ciddi dəyişikliklər edilməzsə, səhiyyə sistemi bu yükün öhdəsindən gələ bilməyəcək”.