Kanadada daha çox insan marixuana (kannabis) istifadə etdikcə depressiya əlamətləri barədə məlumat verənlərin sayı da artır. Bu, Ontarionun Hamilton şəhərində yerləşən McMaster Universitetinin tədqiqatçılarının apardığı araşdırma nəticəsində məlum olub. Araşdırma 15 və daha yuxarı yaşda olan təxminən 35 min kanadalının Kanada Statistika Komitəsinin sorğu məlumatlarına əsaslanaraq hazırlanıb.
Tədqiqatçılar müəyyən ediblər ki, 2012–2022-ci illər arasında həftədə ən azı iki dəfə kannabis istifadə etdiyini bildirənlərin sayı iki dəfədən çox artaraq 3,7 faizdən 8,3 faizə yüksəlib. Son bir il ərzində hər hansı formada kannabis istifadə etdiyini deyənlərin göstəricisi isə 11,4 faizdən 20,7 faizə qalxıb.
Eyni dövrdə depressiya əlamətlərindən əziyyət çəkdiklərini bildirənlərin sayı da demək olar ki, iki dəfə artıb: ümumiləşdirilmiş narahatlıq pozuntusu üzrə 2,6 faizdən 5,2 faizə, ağır depressiv epizodlar üzrə isə 4,7 faizdən 7,6 faizə yüksəlib. Böyüklər arasında intihara meyillilik göstəricisi 3,5 faiz səviyyəsində sabit qalsa da, on il ərzində gənclər arasında bu göstərici narahatedici şəkildə 44 faiz artıb.
Araşdırmanın baş müəllifi və McMaster Universitetinin tibb bacısı ixtisası üzrə dosenti Jillian Halladay bildirib ki, kannabis istifadə edən kanadalılar depressiya pozuntularının meyarlarına daha çox uyğun gəlirlər və intihara meyillilik barədə daha çox məlumat verirlər.
“The Canadian Journal of Psychiatry” jurnalında dərc olunan araşdırma kannabisin sözügedən psixi sağlamlıq problemlərinə birbaşa səbəb olduğunu sübut etmir. Lakin hər iki göstəricinin paralel şəkildə artdığını göstərir. 2022-ci il sorğu məlumatlarına əsasən, həftədə ən azı iki dəfə kannabis istifadə edənlər, istifadə etməyənlərlə müqayisədə psixoloji narahatlıq, depressiya və ya intihara meyillilik barədə təxminən beş dəfə daha çox məlumat verirlər.
J.Halladay qeyd edib ki, insanlar kannabis istifadəsinin onların psixi sağlamlığına necə təsir etdiyini və psixi sağlamlıq vəziyyətlərinin kannabis istifadəsinə necə təsir göstərə biləcəyini dərk etməlidirlər. O əlavə edib ki, səhiyyə və psixi sağlamlıq mütəxəssislərinin həm kannabis istifadəsini, həm də psixi sağlamlıq problemlərini birlikdə qiymətləndirməsi və müalicə etməsi getdikcə daha vacib olur.
Tədqiqatçılar bildirirlər ki, 2018-ci ildə kannabisin istifadəsinin leqallaşdırılmasından sonra Kanadada kannabis istifadəsi artmaqdadır. Onların fikrincə, daha geniş əlçatanlıq, daha güclü məhsullar və müalicəvi fayda kimi qəbul edilən səbəblərlə istifadənin artması müşahidə olunan tendensiyalara təsir göstərə bilər.