Kanadada sənədsiz miqrantların sayında kəskin artım gözlənilir və onların təxminən yarısının Hindistandan olacağı bildirilir. İmmiqrasiya üzrə məsləhətçi Kanvar Seirahın Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyindən (IRCC) əldə etdiyi məlumatlara görə, 2025-ci ilin sonunadək təxminən 1 milyon 53 min iş icazəsinin müddəti bitib, 2026-cı ildə isə daha 927 min iş icazəsinin müddətinin bitməsi gözlənilir.
Qeyd edək ki, Kanadada iş icazələrinin və təhsil vizalarının müddəti bitdikcə, sahibləri yeni viza ala bilmədikləri və ya daimi yaşayış statusuna (PR) keçmədikləri təqdirdə hüquqi statuslarını itirirlər.
“Reuters” yazır ki, 2026-cı ilin ortalarınadək Kanadadakı 1 milyon hindistanlı hüquqi statusunu itirə bilər.
K.Seirahın sözlərinə görə, Kanadada indiyədək statusunu itirən bu qədər insan olmayıb. Təkcə 2026-cı ilin ilk rübündə təxminən 315 min icazənin müddətinin bitməsi gözlənilir ki, bu da immiqrasiya sistemində “tıxac” yaradacaq. Müqayisə üçün deyək ki, 2025-ci ilin son rübündə bu rəqəm 291 mindən çox olub.
K.Seirahın hesablamalarına görə, 2026-cı ilin ortalarınadək Kanadada ən azı 2 milyon insan hüquqi status olmadan yaşaya bilər və onların təxminən yarısını hindistanlılar təşkil edəcək.