Kanada avtomobil bazarı martin 1-dən etibarən Çin istehsalı elektrik avtomobillərinə (EV) rəsmi şəkildə açılıb. Lakin bu o demək deyil ki, yaxın zamanda “BYD” və ya “Chery” markalı elektrik avtomobillərini Kanada küçələrində görmək mümkün olacaq.
Ekspertlərin sözlərinə görə, əvvəlcə Kanadada artıq tanınan markalar bazara daxil olacaq.
Vindzor Universitetinin mexanika və avtomobil mühəndisliyi professoru Peter Frayz bildirib ki, əgər alıcılar çox ucuz elektrik avtomobilləri və ya hazırda Kanadaya idxal edilməyən markalarla maraqlanırsa, həmin modellərin bazara çıxması daha uzun çəkəcək.
Çin avtomobilləri niyə daha ucuzdur?
Çin elektrik avtomobilləri, o cümlədən BYD, Chery və Geely adətən daha aşağı qiymətə satılır. Bunun səbəbləri:
- daha ucuz materiallar
- aşağı əmək xərcləri
- Çin hökumətinin sənayeyə subsidiyalarıdır.
Bununla yanaşı, “Volvo”, “Polestar” və “Tesla” kimi qeyri-Çin markaları da avtomobillərini Çində istehsal edir və buna görə də yeni razılaşmadan faydalana bilərlər.
İlk modellər “Tesla”, “Volvo” və “Polestar” ola bilər
Çin 2024-cü ildə 12,4 milyon elektrik avtomobili istehsal edib və növbəti illərdə 40 milyon avtomobilin qlobal satışını hədəfləyir.
Professor Frayz bildirir ki, Çin şirkətlərində hazırda istehsal gücü böyük olduğundan fabriklərin işləməsi üçün avtomobilləri başqa ölkələrə ixrac etməlidirlər.
Lakin Kanadada müəyyən məhdudiyyət var. Hazırda ildə maksimum 49 min Çin istehsalı elektrik avtomobilinin bazara daxil olmasına icazə verilir və 6,1 faiz gömrük rüsumu ilə idxal edilir. Bu səbəbdən Çin avtomobil istehsalçıları hansı modelləri ixrac edəcəklərini strateji şəkildə seçəcəklər.
Frayzın sözlərinə görə, əgər Çin Kanadaya məhdud sayda avtomobil ixrac edəcəyi təqdirdə, çox güman ki, daha ucuz və az qazanc gətirən modelləri yox, daha bahalı və daha çox gəlir gətirən modelləri seçəcəklər. İlk modellər “Tesla”, “Volvo” və “Polestar” ola bilər.
McMaster Universitetinin strateji idarəetmə üzrə dosenti Addisu Lashityu bildirib ki, “Tesla”, “Polestar” və “Volvo” modelləri artıq bu ay və ya gələn ay Kanadaya gələ bilər. Onun sözlərinə görə, Çin markaları üçün icazə prosesi daha uzun çəkəcək. Ekspert həmçinin qeyd edib ki, Kanada hökuməti prosedurları sürətləndirməyə maraqlı ola bilər. Bunun səbəbi Çinin Kanada kanola məhsulunun bazara girişini bərpa etməsi ilə bağlı qarşılıqlı iqtisadi münasibətlərdir.
Bu səbəbdən mart-avqust aaralığında Kanadaya gətiriləcək 24 500 elektrik avtomobilinin əksəriyyətinin “Tesla”, “Volvo” və “Polestar” modelləri olacağı ehtimal edilir. Yeni Çin markalarının isə yay aylarından sonra ölkəyə idxal ediləcəyi gözlənilir.