Ötən həftəsonu Torontoda Azərbaycanın mərhum xalq şairi Fikrət Qocanın 90 illik yubileyi ilə əlaqədar icma üzvlərimiz bir araya toplaşaraq şairin xatirəsini yad etdilər.
Məşhur mahnıların sözlərinin müəllifi
Tədbirin aparıcısı Kanada Azərbaycan İncəsənət Mərkəzinin yaradıcılarından biri, mədəniyyətimizi, ədəbiyyatımızı Azərbaycandan uzaqlarda daima yaşadan, mütəmadi olaraq şairlərimizin həyat və yaradıcılığını tədqiq edən Naznaz Sadıqova idi. N.Sadıqova şairin həyat və yaradıcılığının maraqlı məqamlarına toxundu: “Elə şairlər var ki, onları tanımaq üçün kitabını açıb oxumaq lazımdır. Amma Fikrət Qocanı uşaq yaşlarımızdan şerilərinə yazılan mahnılarla tanımışıq. Çox vaxt ən sevdiyimiz mahnıların sözlərinin məhz Fikrət Qocaya məxsus olduğunu bilməmişik. “Payız gəldi”, “Gəl, ey səhər”, “Anacan, dostum evlənir”, “Biz mehriban ailəyik” və s. sevilən mahnıları misal çəkə bilərəm”.
Anasına bağlı şair
N.Sadıqova bildirdi ki, Fikrət Qocanın şeirlərində Azərbaycan torpağına, vətənə sonsuz məhəbbət, yurdumuzun təbiətinin gözəllikləri, şəhidlərimizin əziz xatirəsinə böyük ehtiram, tariximizin şərəfli səhifələri tərənnüm edilir.
Ana mövzusunun Fikrət Qoca yaradıcılığında xüsusi yer tutduğunu deyən N.Sadıqovanın sözlərinə görə, şair anasına hədsiz bağlı bir insan olub: “Onu yaxından tanıyanlar deyirlər ki, Fikrət Qoca anası ilə nəfəs alırdı. Elə buna görə də ana haqqında yazdığı şeirləri çox səmimi, kövrək və təsirlidir. Ana mövzusunda yazdığı şeirlərin bir çoxuna mahnılar bəstələnib. Onlardan biri “Əziz ana” şeiridir. Bu mahnının musiqisini Səvil Əliyeva bəstələyib, mahnını isə Müslüm Maqomayev ifa edib. Digər məşhur ana mövzulu mahnılardan biri “Ay gözümün nuru, anam, haradasan?” mahnısıdır”.
Həkimlər bir ay ömrünün qaldığını desə də, 85 yaşına kimi yaşayır
Fikrət Qocanın səsinin bir qədər tutulmuş olması da həmişə insanları düşündürüb. N.Sadıqova bunun onun keçirdiyi ağır xəstəliklə bağlı olduğunu bildirdi: “1986-cı ildə, 51 yaşında o, bədxassəli ağ ciyər xəstəliyinə tutulur və həkimlər cəmi bir ay ömrü qaldığını deyirlər. Bu zaman Sevil Əliyeva vasitəsilə məsələ Heydər Əliyevə çatdırılır. Heydər Əliyevin göstərişi ilə Fikrət Qoca təcili Moskvaya aparılır, ən yaxşı həkimlər tərəfindən əməliyyat olunur və həyata qaytarılır. Əməliyyatdan sonra səsi zədələnsə də, 85 yaşına qədər yaşayır və yaradır”.
“Qayınana” filmindəki bütün mahnıların sözləri ona məxsusdur
N.Sadıqova Fikrət Qocanın təkcə məşhur mahnıların sözlərinin yox, kino musiqilərinə yazılmış sözlərin də müəllifi olduğunu qeyd etdi: ““Qayınana” filmindəki bütün mahnıların sözləri ona məxsusdur. Həmçinin “Qızmar günəş altında”, “Ömrün səhifələri”, “Onu bağışlamaq olarmı?” filmlərində səsləndirilən mahnıların sözləri də sevimli şairimizin qələminin məhsuludur”.
Şairin həyat və yaradıcılığı ilə tanışlıqdan sonra tədbir iştirakçıları Fikrət Qocanın şeirlərini səsləndirdilər. Gecədə böyüklərlə yanaşı, yeniyetmələrimizin və gənclərimizin olması da diqqətçəkən məqamlardan idi.
Həmçinin Kanadada fəaliyyət göstərən müğənniləndən Yusif Savalan “Əziz Anam”, “Bir xumar baxışla”, “Mavi gözündə” mahnılarını, Turan Aslan “Sevgi”, Dəniz Savalan isə “Gəl, ey səhər” mahnısını ifa etdilər. Gecəyə qatılanlar birlikdə şairin sözlərinə yazılmış digər mahnıları zümzümə etdilər, qol götürüb oynadılar.