Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyi (IRCC) və Kanada Sərhəd Xidmətləri Agentliyi (CBSA) Kanadaya immiqrasiya, yaxud daimi oturum, vətəndaşlıq üçün müraciət edən namizədin sənədlərində göstərilən məlumatları yoxlayır və onları namizədin sosial media hesabları və açıq (ictimai) profilləri ilə müqayisə edir. Cicnews.com-un immiqrasiyada sosial medianın rolu barədə hazırladığı yazını təqdim edirik.
Kanada immiqrasiyası üçün uyğun olub-olmadığınızı öyrənin
Əgər müraciətdə göstərilən məlumatlarla internetdə tapılan məlumatlar arasında uyğunsuzluq olarsa, bu imtina üçün əsas ola bilər.
Kanada federal məhkəməsində baxılan bir işdə bir şəxs ixtisaslı işçi kimi daimi yaşayış üçün müraciət etmişdi. Onun müraciətinə baxan viza əməkdaşı müraciətdə müəyyən bir şirkətlə əlaqəsini qeyd etməməsindən narahat olmuşdu. Şirkətin rəsmi saytında həmin şəxs İcraçı direktor kimi göstərilirdi. Viza əməkdaşı daha sonra şəxsin LinkedIn profilini yoxlamış və orada onun şirkətin Direktorlar Şurasının üzvü olduğu qeyd edilmişdi.
Şəxsə bu uyğunsuzluğu izah etmək imkanı verilsə də, viza əməkdaş onun yanlış məlumat verdiyi qənaətinə gələrək Kanadaya buraxılmasının yolverilməz olduğuna qərar vermişdi. Əməkdaş bildirib ki, şəxs internetdə yer alan şirkətlə bağlı məlumatlara kifayət qədər əsaslı izah təqdim etməyib.
Kanada immiqrasiyası üçün müraciət edən şəxs kimi, internetdə paylaşılan (və ya paylaşılmayan) məlumatlar müraciətinizin düzgünlüyünü və ya yanlışlığını sübut edən dəlil kimi istifadə oluna bilər.
Yanlış məlumatdan qaçmağın əhəmiyyəti
Yanlış məlumat faktının müəyyənləşdirilməsi çox ciddidir və onu aradan qaldırmaq çətindir. İmmiqrasiya əməkdaşları bu məsələdə çox sərtdir və belə bir qərar müraciətin rədd edilməsinə səbəb ola bilər.
İmmiqrasiya müraciətlərində yanlış məlumatın nəticələri təkcə imtina ilə bitmir. IRCC-nin məlumatına görə, saxta sənədlər və ya yanlış məlumat təqdim edildikdə IRCC aşağıdakı tədbirləri görə bilər:
- Ən azı 5 il müddətinə Kanadaya girişinizi qadağan edə bilər;
- Fırıldaqçılıq faylı aça bilər;
- Daimi sakin və ya Kanada vətəndaşı statusunuzu ləğv edə bilər;
- Cinayət işi aça bilər;
- Sizi Kanadadan deportasiya edə bilər.
İmmiqrasiya formaları və müraciətlər mürəkkəb və çaşdırıcı ola bilər. Müraciətçilər çox diqqətli olsalar belə, bəzən bilmədən yanlış məlumat verə bilərlər. Təəssüf ki, bilmədən edilmiş səhvlər adətən müdafiə kimi qəbul edilmir.
Müraciət edənlərin təqdim etdiyi bütün məlumatların tam, dəqiq və düzgün olması çox vacibdir. Verilən məlumatların düzgünlüyü və müraciətin bütün mərhələlərində ardıcıl qalması üçün hər detal yenidən yoxlanmalıdır.
Bundan əlavə, IRCC müraciətinizə baxdığı müddətdə hər hansı dəyişiklik baş verərsə, bu barədə dərhal IRCC-ni məlumatlandırmaq vacibdir. Bu, ailə vəziyyətindən tutmuş iş və ya təhsil məlumatlarına qədər hər şeyi əhatə edə bilər. IRCC-yə məlumat verməsəniz, bu, yanlış məlumat kimi qiymətləndirilə bilər.
Foto: Canvas
















