Kanada gələcək iqtisadi ehtiyaclarını qarşılamaq üçün daimi yaşayış icazəsi almaq istəyənlərə yönəlmiş Ekspres Giriş (Express Entry) proqramının yeni kateqoriyasına start verir. Bu barədə immiqrasiya naziri Lena Diab bildirib.
Yeni kateqoriyalar araşdırma, nəqliyyat və hərbi sahələri əhatə edəcək və artıq mövcud olan ixtisaslaşmış proqramlara əlavə olunacaq. Hazırda səhiyyə və sosial xidmət sahəsində çalışanlar (tibb bacısı praktikləri, diş həkimləri, əczaçılar, psixoloqlar və s.) və peşə sahibləri (dülgərlər, santexniklər, tornaçılar və s.) üçün xüsusi kateqoriyalar mövcuddur.
Ötən ilin dekabrında paytaxt Ottava Kanadada iş təcrübəsi olan xaricdə təhsil almış həkimlər üçün xüsusi Express Entry axını elan etmişdi. L.Diab bildirib ki, həmin kateqoriya üzrə ilk müraciət qəbulu bu həftə başlayacaq.
L.Diab əlavə edib ki, Kanada Silahlı Qüvvələrindən iş təklifi alan uyğun namizədlər, o cümlədən həkimlər, tibb bacıları və pilotlar daimi yaşayış üçün müraciətə dəvət oluna biləcəklər.
Əlavə edilən yeni kateqoriyalardan biri Kanadada iş təcrübəsi olan tədqiqatçılar və yüksək səviyyəli menecerlər üçündür. Məqsəd ölkədə elmi araşdırmaları gücləndirməkdir.
Baş nazir Mark Karni innovasiya və iqtisadi artımı təşviq edən federal səyləri dəstəklədiklərini bildirib: “Buraya dekabrda İnnovasiya, Elm və İqtisadi İnkişaf Nazirliyi tərəfindən elan olunmuş, dünya səviyyəli tədqiqatçıları Kanadaya cəlb etmək üçün ayrılmış 1,7 milyard dollarlıq təşəbbüs də daxildir”.
Federal hökumət həmçinin nəqliyyat sektorunda kadr çatışmazlığını aradan qaldırmaq üçün ikinci yeni kateqoriya əlavə edir. Bu kateqoriyaya təlim keçmiş pilotlar, təyyarə mexanikləri və müfəttişlər daxil olacaq.
Foto: The Canadian Press