Ləman Soltanova: “Əsas hədəf daimi status əldə etməkdirsə, bütün qərarlar bu məqsədə uyğun şəkildə verilməlidir”
2026-cı il üçün Kanadada beynəlxalq tələbələrə ümumilikdə 408 min təhsil vizasının verilməsi planlaşdırılır. Bu vizaların yalnız 155 mini yeni gələcək beynəlxalq tələbələr üçün nəzərdə tutulub. Qalan 253 min təhsil vizası isə artıq Kanadada olan və təhsil vizasını uzadan tələbələrə veriləcək. Göstərilən rəqəmlər 2025-ci illə müqayisədə yeni təhsil vizalarının sayında təxminən 49 faiz azalma deməkdir.
Bəs təhsil vizasından müsbət cavab almaq üçün nə etmək lazımdır? Təhsildən sonra daimi oturuma aparan yollar hansılardır? Müsahibimiz Kanadanın lisenziyalı konsultantı Ləman Soltanova Kanadada beynəlxalq tələbələrin təhsili və təhsildən sonra daimi oturum almaqları ilə bağlı suallarımızı cavablandırdı.
– Ləman xanım, son aylar Kanada hökuməti beynəlxalq tələbələrlə bağlı qaydalara hansı əsas dəyişiklikləri edib?
– 2024-cü ilin sonu və 2025-ci ildə beynəlxalq tələbələrlə bağlı kifayət qədər dəyişikliklər oldu. Hətta 2025-ci ilin noyabrında 2026-2028-cı illərlə bağlı immiqrasiya hədəf planları da açıqlandı. Əsas dəyişikliklər beynəlxalq tələbələrin sayına qoyulan kvota, eyni zamanda tələbələrin həyat yoldaşları üçün açıq iş izni ilə bağlı olan dəyişikliklərdir. Digər dəyişiklik Kanadada bir illik yaşam xərci ilə bağlı göstərilən məbləğin miqdarnın artıırlmasıdır. Sonuncu ən vacib dəyişiklik isə təhsili başa vurduqdan sonra iş izni ilə bağlıdır.
– Hazırda sənədlərin emalı müddəti nə qədərdir və gecikmələr olurmu? Ümumiyyətlə, təhsil vizasına müraciət edərkən nə qədər müddət sonra cavab alırsan?
– Sənədlərə baxılma müddəti vizanın növündən və ərizəçinin müraciət etdiyi ölkədən asılı olaraq dəyişir. Ərizəçilər özləri də Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin (IRCC) vebsaytına daxil olub bunu yoxlaya bilərlər. Azərbaycan üçün təhsil vizalarına baxılma müddəti ortalama 4-12 həftə arasında dəyişir. Hazırda bu müddət 4 həftə təşkil edir və bu baxılma müddəti Kanadanın rəsmi vebsaytında hər həftə yenilənir. Bəzən cavab baxılma müddətindən daha uzun çəkir. Bu, çoxsaylı faktorlardan asılıdır. Birincisi, sizin müraciətinizə baxan məmurdan asılı ola bilər. İkincisi, müraciət ərizələrinin sayının çox olduğu müəyyən dövrlərdə bəzən baxılma müddəti uzanır. Üçüncüsü, müraciətinizin düzgün və tam şəkildə edilməməsindən asılıdır. Əgər müraciətiniz natamamdırsa, hansısa sənəd çatmırsa və s. normadan artıq çəkə bilər. Belə olduqda, onlayn şəkildə müraciət edərək müraciətinizin statusu ilə bağlı məlumat ala bilərsiniz.
– Əvvəllər kolleclərə, yaxud universitetlərə müraciət edib qəbul almaq çətin deyildi. İndi vəziyyət necədir? Beynəlxalq tələbələrin sayına qoyulan məhdudiyyətlər tələbələrin qəbul prosesinə necə təsir edib?
– Kolleclərin qəbul prosesində ciddi dəyişiklik yoxdur. Əksinə, beynəlxalq tələbələrin Kanadaya marağının azalması səbəbindən kolleclər hazırda tələbə qıtlığı yaşayırlar və marketinq siyasətləri daha çox beynəlxalq tələbə cəlb etməyə yönəlib. Kolleclərə müraciət etdikdə qısa müddətdə qəbul cavabı almaq mümkündür.
Universitetlərdə isə proses bir qədər dəyişib. Hazırda həm kolleclərə, həm də universitetlərə təhsil vizası üçün müraciət edərkən müəyyən istisnalar xaric əyalət attestasiya məktubunun (PAL) sistemə yüklənməsi mütləqdir. Kvotalar tətbiq edildikdən sonra universitetlərə maraq artıb. Bunun əsas səbəbi ailəvi müraciətlərdir. Çünki kollecdən fərqli olaraq, universitetdə təhsil alanların həyat yoldaşına iş icazəsi verilir. Buna görə də ailəlilər daha çox universitetlərə, xüsusilə də magistratura proqramlarına üstünlük verirlər. Magistratura proqramlarına qəbul daha rəqabətlidir. Universitetlər namizədləri dəyərləndirərkən keçmiş iş təcrübəsinə, əvvəlki təhsilinə, dil sertifikatlarına xüsusi diqqət yetirirlər. Məqsəd viza almaq şansı daha çox olan güclü namizədləri seçməkdir ki, onlara dövlət tərəfindən verilən attestasiya məktublarını doğrultsunlar.
– Ümumiyyətlə, attestasiya məktubu nədir?
– Təhsil müəssisəsinə müraciət etdikdə sizə əvvəlcə təklif məktubu gəlir. Təklifi qəbul edib depoziti ödədikdən sonra qəbul məktubu və onunla birlikdə attestasiya məktubu (PAL) verilir. Attestasiya məktubu onu göstərir ki, həmin əyalətdə və müraciət etdiyiniz universistetdə təhsil ala bilməniz üçün sizin üçün rəsmi təhsil yeri ayrılıb.
Qeyd edim ki, dövlət təhsil müəssisələrinə daha çox attestasiya məktubu ayrılır və onlar bu baxımdan daha rahatdırlar. Özəl təhsil müəssisələrinə isə kvota daha az verilir.
Hər bir universitetə yeni il üçün müəyyən sayda kvota və attestasiya məktubu verilir. Əgər tələbə vizasına rədd cavabı alırsa, həmin attestasiya məktubu etibarsız sayılır və siz ikinci dəfə müraciət edəndə sizə yeni attestasiya məktubu lazım olur və təhsil müəssisəsi sizə bu məktubu yenidən verməklə yeni müraciət edəcək namizədin şansını azaltmış olur. Buna görə də təhsil müəssisələri indi daha ehtiyatlı davranırlar. Xüsusilə də özəl universitetlərə daha az attestasiya məktubu ayrıldığından onlar birinci dəfə rədd cavabı alan namizədə adətən ikinci şans vermirlər. Ödədikləri depoziti geri qaytarıb yeni namizədlərin sənədlərini gözdən keçirirlər.
– Xüsusilə kollec məzunları üçün Təhsildən Sonrakı İş İcazəsi (Post-Graduation Work Permit – PGWP) ilə bağlı qaydalara tətbiq edilən yeniliklər hansılardır?
– 2025-ci ildə PGWP-yə edilən əsas dəyişiklik məzuniyyət sonrası iş izninə müraciət üçün kollec və universitet məzunlarına dil tələbinin tətbiq edilməsidir. Əgər beynəlxalq tələbə kollec proqramından məzun olursa, PGWP-yə müraciət etmək üçün CLB-5 (Canadian Language Benchmark) dil sertifikatını mütləq müraciətinə əlavə etməlidir. Universitetin bakalavr, magistratura və ya doktrantura pilləsindən məzun olan tələbələr isə CLB-7 nəticəsini müraciətlərinə əlavə etməlidirlər. Qəbul olunan test nəticələri IELTS General Training, CELPIP General test, yaxud PTE Core-Pearson Test of English, TEF və ya TCF Canada olmalıdır.
İkinci tələb yeni tətbiq edilən seçdiyiniz ixtisasın uyğunluğu (field of study requirement) məsələsidir. Əvvəllər kolleclərdə istənilən proqramı bitirdikdən sonra müraciət edərək mütləq iş icazəsi alırdınız. İndi qaydalar fərqlidir. Belə ki, oxuyub bitirdiyiniz ixtisas hökumətin müəyyənləşdirdiyi və əmək bazarında tələb olunan sahələrdən olmalıdır. İşçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün hökumət artıq yalnız müəyyənləşdirdiyi ixtisaslar üzrə məzun olanlara iş icazəsi verir. Buna görə də kollec proqramına müraciətdən öncə müraciətçilərin ilk işi oxumaq istədikləri proqramın gələcəkdə PGWP-ə uyğun olub olmadığını yoxlamaqdır.
– Hökumətin kollec məzunları üçün müəyyənləşdirdiyi və təhsildən sonra iş icazəsi verdiyi ixtisaslar (Field of Study) hansılardır?
– Uyğun ixtisas sahələri əsasən bunlardır: Kənd təsərrüfatı və aqro-ərzaq, səhiyyə, elm və texnologiya, mühəndislik, riyaziyyat (STEM), texniki peşələr (trade), nəqliyyat. Univeristetin bakalavr, magistratura və ya doktrantura proqramı məzunlarına bu tələb şamil olunmur. Bu tələb yalnız 2024-cü il noyabr ayının 1-dən sonra təhsil vizasına müraciət edən və məzun olan kollec, politexnik və ya qeyri-universitet proqramı məzunlarına şamil edilir. Universitet məzunları üçün isə ixtisasla bağlı heç bir tələb yoxdur.
– Kollecə müraciət edənlər secəcəkləri ixtisasın hökumətin müəyyənləşdirdiyi ixtisas olub olmadığını necə müəyyənləşdirə bilərlər?
– Adətən kolleclər rəsmi səhifələrində bu məlumatları verirlər. Məsələn, proqramın yanında 6 rəqəmli CIP kod yazır. Bu, onu göstərir ki, bu sahə hökumətin müəyyənləşdirdiyi ixtisasların sırasındadır. Kollecin vebsaytında bununla bağlı məlumat tapmasalar, İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinin (IRCC) rəsmi vebsaytına daxil olaraq proqramın adını yazıb yoxlaya bilərlər. Bu, çox önəmli məsələdir. Bəzən tələbələr bu sahədə təhsili, lisenziyası, tam məlumatı olmayan insanlarla iş görürlər. Həmin şəxslərin də Kanada immiqrasiya sistemindəki yeniliklərdən xəbəri olmadığından tələbənin 2-3 illik ödədiyi təhsil haqqı və təhsilinə ayırdığı zaman boşa çıxmış olur. Çünki oxuduğu kollecdən məzun olarkən iş icazəsi ala bilmir. Ondan sonra da dəyişə biləcəyi bir şey olmur.
Onu da deyim ki, Kanadada bir neçə proqramda təhsil alsanız belə, sizə yalnız bircə dəfə Təhsildən Sonra İş İcazəsi (PGWP) şansı verilir. Təhsilinizi başa vurduqdan sonra 180 gün ərzində müraciət etməlisiniz. Prosesə baxılma müddəti dəyişkəndir və müraciətin tamlığından asılı olaraq dəyişə bilər. Hər hansı natamam sənədə görə müraciətinizə imtina gəlsə və verilən 180 gün tamam olsa, iş icazəsi almaq şansınızı itirirsiniz. Bu kimi məsələlərə çox diqqətli yanaşmaq lazımdır.
– Kimlər “Field of study” tələblərindən azaddır? Yəni oxuduqları ixtisasdan asılı olmayaraq, təhsildən sonra iş izni ala bilirlər?
– 2024-cü il noyabrın 1-dən əvvəl təhsil vizasına baş vuranlar, həmçinin universitetdə bakalavr, magistratura və doktorantura pillələri üzrə təhsil alanlar oxuduqları ixtisasdan asılı olmayaraq PGWP alırlar. Eyni zamanda, Kanadadakı PGWP uyğunluqlu Uçuş Məktəbinin (flight school) məzunları bu tələbdən azaddır.
– Ailəsi ilə Kanadaya gələn tələbənin həyat yoldaşı üçün iş icazəsi almaq qaydalarında hansı dəyişikliklər var? Kimlərə iş icazəsi verilir?
– İndi artıq kollecdə oxumaq istəyənlərin həyat yoldaşlarına iş icazəsi verilmir. Kollec tələbəsisənsə, oxuduğun ixtisasdan asılı olmayaraq həyat yoldaşına iş icazəsi verilmir. Yalnız minimum 16 ay olan magistratura proqramlarında, doktorantura proqramlarında və universitetlərdə seçilmiş bakalavr proqramlarında təhsil alanların həyat yoldaşlarına iş icazəsi verilir. Seçilmiş bakalavr proqramlarına isə təhsil, tibb və s. ixtisaslar aiddir. Qeyd edim ki, bu, kolleclərdəki bakalavr ixtisasında oxuyanlara şamil edilmir.
Digər dəyişiklik həyat yoldaşlarının iş izninin uzadılmasıilə bağlıdır.Müəyyən beynəlxalq tələbələr təhsil vizasına müraciət edərkən həyat yoldaşını da müraciətə əlavə edə bilir. Bir də məzun olandan sonra yoldaşının iş izni varsa, onun da iş izninin uzadılmasına müraciət edir. Yalnız müəyyən tələblər var ki, onlar ödəndiyi halda yoldaşını öz PGWP müraciətinə daxil edə bilər.
– Bildiyimiz kimi, viza almaqda ixtisas seçimi, əvvəl təhsil aldığın ixtisasla uyğunluq və s. də rol oynayır. İxtisas seçimi zamanı nələrə diqqət etmək lazımdır?
– Kollecdən, yaxud universitetdən qəbul almaq ümumi prosesin cəmi 10 faizini təşkil edir. Digər 90 faizi viza müraciətidir ki, bu, əsaslandırılmış olmalıdır. Kollec üçün sizin əvvəl hansı ixtisası bitirməyiniz maraqlı deyil, onlar qəbulu sizin attestatınız və dil setifikatınız əsasında (dil biliyiniz olmadığı halda isə şərti qəbul olaraq) verəcəklər. Çünki siz beynəlxalq tələbəsiniz və əksər hallarda yerli tələbədən 3-4 dəfə artıq təhsil haqqı ödəyirsiniz. Amma əsas məsələ viza məmurunun sizin müraciətinizə baxarkən etdiyi dəyərələndirmədir. Müraciət etdiyiniz ixtisas ya sizin keçmiş təhsilinizə, yaxud da indiki iş təcrübənizə uyğun olmalıdır, arada məntiqi bağ olmalıdır. İxtisas seçimindəki uyğunsuzluq viza rəddinə gətirən əsas problemlərdən biridir. Göstərməlisiniz ki, bu sahədə artıq ya təhsiliniz, ya da təcrübəniz var və həmin sahədə biliklərinizi dərinləşdirmək, yaxud yeni biliklər əldə etmək istəyirsiniz.
– Əvvəllər əcnəbilər Kanadadakı dil kurslarına müraciət edir və rahatlıqla viza alırdılar. İndi vəziyyət necədir?
– Ümumiyyətlə, dil öyrənmək məqsədilə Kanadaya üz tutmaq istəyi vizadan imtina riskinin çox böyük olması deməkdir. Hətta bunu heç tövsiyə etmirəm. Viza məmuru imtina məktubunda haqlı şəkildə qeyd edəcək ki, siz eyni proqramı öz ölkənizdə, yaxud yaxın ölkələrdə daha uyğun qiymətə əldə edə, yaxud da onlayn şəkildə öyrənə bilərsiniz. Bunun üçün okeanı adlayaraq Kanadaya getməyə ehtiyac yoxdur. Amma dil proqramı + akademik proqramla müraciət etmək mümkündür. Amma bu, kollec proqramı olacaqsa, yenə də tövsiyyə etmirəm, çünki imtina almaq riski yüksəkdir. İndi kvota olduğuna görə rəqabət yüksəlir və viza məmurları daha dərindən analiz edirlər. Bu da dil biliyi olmayan namizədlərin viza alma şansını çox aşağı salır. Amma universitetlərdə magistratura proqramları var ki, onlara dil proqramı+magistratura proqramı ilə müraciət etmək olar. Amma hər bir halda tövsiyə edirəm ki, dil biliklərini Azərbaycanda təkmilləşdirib dil sertifikatı alandan sonra təhsil vizasına müraciət etsinlər.
– Əcnəbi tələbələrin əksəriyyəti təhsil almaq üçün Ontarioya üz tutur. Sizcə, təhsil almaq üçün Ontarioya, yoxsa nisbətən ucqar əyalətlərə müraciət etmək daha məsləhətdir? Həm viza almaq rahatlığı, həm də təhsili başa vurduqdan sonra daimi oturumu daha tez əldə etmək baxımından…
– Kvotalar elan olunanda verilən attestasiya məktublarının sayına görə Ontari birinci yerdə, Kvebek ikinci yerdə, Britaniya Kolumbiyası və Alberta üçüncü və dördüncü yerdə gəlir. Beynəlxalq tələbələr üçün bu 4 əyalətdə daha çox attestasiya məktubu ayrılır. Digər əyalərlərə təhsil müəssisələrinin sayına görə daha limitli yerlər ayrılıb. Amma hansısa şimal əyalətinə müraciət edərkən şansınızın daha yüksək olacağı yanaşması mənə görə məntiqli deyil. Çünki istənilən halda başvurunuz düzgün və əsaslandırılmış olmalıdır. Viza məmuruna sizin hansı əyalətə getməyiniz deyil, etdiyiniz başvurunun nə dərəcədə məntiqli olması və təhsilinizi bitirdikdən sonra geri qayıdacağınıza inanmasıdır. Ontarioya 70 min yer verilibsə, şimal əyaləti Nova Scotia əyalətinə 4 min 200 yer ayrılıb. Kənar əyalətlərində təhsil müəssisələri az olduğundan ixtisaslar da limitli saydadır. Əgər ucqar əyalətlərdə istədiyiniz ixtisas varsa, təhsil haqqı da daha uyğundursa, oraya müraciət edin. Amma viza almaq şansınız daha yüksək olacağını düşünərək kənar əyalətlərə getmək düzgün yanaşma deyil. Uzunmüddətli immiqrasiya planlarınız varsa, o zaman seçəcəyiniz ixtisas üçün hansı əyalətlərdə iş imkanlarının daha yaxşı olmasını araşdırmalısınız. Çünki bu sizin gələcəkdə həmin əyalətdən iş təklifi əldə etmənizə və əyalətin nominiasiya proqramında iştirak edərərk PR (daimi yaşayış hüququ) almanıza kömək olacaq. Bunu araşdıraraq qərar verməyiniz daha məntiqlidir.
– Kanadada özəl kollec və universitetlər də var. Amma adətən özəl təhsil müəssisələrini tövsiyə etmirlər. Səbəb nədir?
– Hazırda hökumət, özəl partnyorluq (public private partnership) əsasında fəaliyyət göstərən kolleclərdə təklif edilən proqramları bitirənlərə Təhsildən Sonra İş İcazəsi (PGWP) vermir. Buna görə də tövsiyə olunmur. Dövlət kolleclərində stabillik daha çoxdur. Qeyd etdiyim kimi, viza imtinasından sonra özəl təhsil müəssisələri artıq ikinci attestasiya məktbu vermir. Bundan başqa, magistratura və doktorantura məzunlarının əyalət proqramlarının magistratura və ya doktrantura proqramları ilə daimi yaşayış alma şansları olur. Bu da hər zaman dövlət universitetlərinə şamil olunur. Buna görə də uzunmüddətli immiqrasiya planları varsa, dövlət kolleclərini və universitetlərini məsləhət görərdim.
– Kollec və universitetlərə qəbulun şərtləri barədə də qısa danışardınız, zəhmət olmasa…
– Koleclərə qəbul prosesi, qeyd etdiyim kimi, rahatdır. Bir çox kollec proqramları sizin yalnız 11 illik attestatınızı tələb edir. Müəyyən proqramlar qiymətlərə diqqət edə bilərlər. Bir də sizdən dil sertifikatı tələb olunur. IELTS, TOEFL, yaxud bir çox hallarda Duolingo sertifikatını qəbul edən kolleclər də var. Duolingo sertifikatını almaq digərlərindən fərqli olaraq daha rahatdır və ucuz başa gəlir. Bakalavr proqramı üçün attestat qiymətlərinə də baxırlar. Bundan əlavə, universitetə qəbul zamanı “niyyət məktubu” yazmalısınız. Niyyət məktubunda nə üçün bu proqramı oxumaq istədiyinizi qeyd etməlisiniz. Seçdiyiniz universitet və proqramdan asılı olaraq, sizdən iş yerindən, yaxud oxuduğunuz təhsil müəssisəsindən 2-3 referens təqdim etməyiniz tələb oluna bilər. Çox vaxt referens yazanların elektron ünvanlarının korporativ olması tələb edilir. Yəni gmail, yahoo kimi hesablar rəsmi qəbul edilmir. Bir də, bəzən universitetlər sizdən, Azərbaycandan aldığınız diplomun Kanada ekvivalentini təsdiq edən sənəd istəyirlər. Belə olduqda, universitet proqramının son müraciətinə 5-6 ay qalmış diplomunuzu xüsusi şirkətələr vasitəsilə tanıtdırmalısınız. Çünki bunu edən şirkətlərdən biri – WES-də (World Education Services) adətən proses 1-1.5 ay çəkir.
– Bakalavrı bitirib həmən Kanadada magistratura üçün müraciət etməyi məsləhət görürsünüz, yoxsa bir müddət işləyib sonra müraciət etdikdə, viza almaq ehtimalı daha çoxdur?
– Hər şey sizin əsaslandırmadan asılıdır. Amma təbii ki, iş təcrübəsindən sonra müraciət etmək daha yaxşı olar. Əsaslandırmalısınız ki, bakalavr təhsiliniz işiniz üçün yetərli deyil, buna görə də biliklərinizi yeniləmək üçün mütləq sizə beynəlxalq təhsil almaq lazımdır. Tövsiyyə edərdim ki, ən azı 1 il iş təcrübəsi əldə edib sonra Kanadada magistratura pilləsinə müraciət edilsin.
– Kollec, yaxud universtətə qəbul olan tələbələrə həftədə neçə saat işləmək icazəsi verilir?
– Hazırda kollec, yaxud universitetdə akademik proqramda oxuyan beynəlxalq tələbələrin həftədə 24 saat kampusdan kənar işləmək hüquqları var. Kampus daxili iş tapsalar, tam ştatla işləyə bilərlər. Həm kampusda, həm də kampusdan kənarda iş tapan tələbələr 40 saat kampusda və 24 saat kampusdan kənarda işləyə bilərlər. Yay, qış tətillərində tam ştat işləmək hüquqları var. Yaxud kollecdə bir proqramı bitirib digərinə başladıqda, iki proqram arasında 150 günə qədər müddət varsa, həmin müddət ərzində də tam ştat işləmək hüquqları var. Dil öyrənmək üçün gələnlərin isə kampusdan kənar işləmək hüquqları yoxdur, çünki ilk öncə dil tələbini ödməlidirlər.
Bir məsələni də qeyd edim. Bəzən, məsələn, sentyabrda dərsi başlayanlar Kanadaya sentyabrdan əvvəl gəlib dərs başlayana qədər işləmək istəyirlər. Bu, qanun pozuntusudur. Tələbə kimi dərsə başlamadan işləmək qanunsuzdur.
– Kanadada kolleclərə və universitetlərə qəbul nə zaman başlayır? Və qəbuldan nə qədər öncə müraciət etmək lazımdır?
– Kolleclərə müraciət ildə 3 dəfə – qış, yaz-yay və payız semesterləri üçün açılır. Universitetlərə müraciətlər isə adətən ya payız və qış bəzən isə yazda qəbul edilir. Elə proqramlar var ki, onlara ildə yalnız bir dəfə qəbul mövcuddur. Kolleclərə dərs başlamamışdan 3-4 ay əvvəl, universitetlərə 7-8 ay öncədən qəbul başlayır. Üstəıik, beynnəlxalq tələbələr üçün qəbul tez açılb tez də bağlanır.
– Çox vaxt müraciətçilər birinci vizaya imtina aldıqdan sonra ruhdan düşürlər. Bir neçə dəfə təhsil vizasına rədd cavabı alan adam sonda vizanı qazana bilərmi?
– Vizaya müraciət sayla ölçülmür. Hər müraciət yeni sənədlər, yeni faktlar əsasında dəyərləndirilir. Təbii ki, arzu olunandır ki, birinci müraciət əsaslandırılmılş, hər şey yerli-yerində olsun ki, təsdiq almaq faizi yüksək olsun. Nəzərə almaq lazımdır ki, beynəlxalq tələbələrə verilən kvotaların sayının azaldığı bir dövrdə xüsusilə diqqətli olmaq lazımdır. Demək olar, beynəkxalq tələbələrə ayrılan kvota yarıbayarıya endirilib. Bu, o deməkdir ki, müraciət edən hər 2 tələbədən biri mütləq şəkildə imtina alacaq. Viza məmurları müraciətlərin dəyərləndirilməsində daha seçici olacaqlar.
İmtinalardan sonra təsdiq almaq mümkündür. Öz təcrübəmdən deyə bilərəm ki, başqa şirkətlə işləyib 7 imtinadan sonra təsdiq alan tələbəmiz var. Biz ona magistraturadan, özü də ailəvi müraciətinə təsdiq aldıq. Öncə imtinanın səbəblərini görmək üçün ATİP (imtinanın detallı notları) üçün IRCC-yə müraciət etdik. Çünki araşdırmadan yenidən müraciət yeni imtina deməkdir.
Bir məsələyə də toxunmaq istəyirəm. İki ildir Azərbaycandayam və çox ciddi problemlər yaşayırıq. Azərbaycanda hər addımbaşı Kanadaya viza müraciətləri ilə məşğul olan şirkət var. Problem ondadır ki, bunların heç birinin namizədi rəsmi təmsil etmək hüququ yoxdur. Bütün prosesi namizədin adından edirlər. Namizədin adına hesab, email açır və müraciət edirlər, sonda da onun ad-soyadını yazaraq elektron imza atırlar. Bu zaman bütün məsuliyyəti şirkət deyil, həmin namizəd daşıyır. Çox zaman da namizədin şansını artırmaq üçün sənədlərə saxta vizalar, evlilik şəhadətnamələri, qəbul sənədləri əlavə edirlər. Sonda bunun üstü açılırsa, namizədə Kanadaya 5 illik giriş qadağası qoyulur. Bu zaman Kanadanın İmmiqrasiya Nazirliyinə nə qədər yazsanız ki, bunu siz deyil, hansısa “X” şirkət edib, sizə inanmayacaqlar. Çünki həmin “X” şirkət sizin təmsilçiniz kimi haqqı olmadığından müraciəti öz adından deyil, sizin adınızdan edib. Heç nəyi sübut edə bilimirsiniz və bu, sizi məsuliyyətdən azad etmir. Çünki İmmiqrasiya Nazirliyinin rəsmi vebsaytında da qeyd edilib ki, prosesi ya özünüz etməlisiniz, ya da bunu etməyə hüququ olan peşəkar dəstəkdən faydalana bilərsiniz. Peşəkar dəstək dedikdə, lisenziyalı konsultant, yaxud lisenziyalı immiqrasiya vəkili nəzərdə tutulur. Məsləhətim budur ki, Kanadaya immiqrasiya etmək istəyənlər müraciət etməmişdən əvvəl işləyəcəkləri şirkəti yaxşı araşdırsınlar.
– Qısa olaraq, Kanadada təhsil almaq istəyənlər nələrə fikir verməlidirlər?
– Birincisi, ixtisas seçimi məntiqi və əsaslandırılmış olmalıdır. İkincisi, sizin maliyyə müstəqilliyinizi göstərən maliyyə durumunuz şəffaf şəkildə göstərilməlidir. Üçüncüsü, peşəkar bağlarınızın sübutudur, yəni öz ölkənizdə stabil iş yerinizin və gələcək perspektivinizin olmasını sübut etməlisiniz. Bunu iş yerindəki rəhbərinizdən gətirəcəyiniz dəstək məktubu ilə sübut edə bilərsiniz. Meneceriniz sizin kimi ixtisaslı kadra qayıdandan sonra şirkətində yer olacağını, Kanada təhsilinin iş prosesinə gətirəcəyi dəyərləri və s. qeyd etməlidir. Ən önəmlisi isə sizin aydın yazılmlş niyyət məktubunuzdur. Niyyət məktubunda bu suallara cavab verməlisiniz: nə üçün öz ölkəniz, yaxud başqa ölkələr deyil Kanada, nə üçün seçdiyiniz ixtisas, nə üçün oxumağa məhz indi qərar verdiniz, təhsildən sonrakı planlarınız nədir, alacağınız təhsil nəyə töhfə verəcək, ölkədəki bağlarınız nələrdir, ümumiyyətlə, təhsil vizasının məqsədi müvəqqəti yaşayışdırmı. Mütləq şəkildə dediyim məqamları nəzərə alıb ətraflı şəkildə məktub yazmalısınız. Bu, maksimum 2 -2.5 səhifə olmalıdır. Burada məktubun uzunluğu deyil, mövzusu çox önəmlidir.
– Kanadaya təhsil yolu ilə gələnlərdə daimi oturuma (PR) aparan yol necədir?
– İlk növbədə, gənclər ixtisas seçimi zamanı son dərəcə diqqətli olmalıdırlar. Bu qərara sadəcə qısamüddətli seçim kimi deyil, iş bazarına yönəlik uzunmüddətli bir plan kimi yanaşmaq vacibdir. Hər bir namizəd özü üçün aydınlaşdırmalıdır: məqsədi təhsil alıb Azərbaycana qayıtmaqdır, yoxsa təhsilini başa vurduqdan sonra Kanadada məskunlaşmaq və daimi yaşamaqdır.
Əgər məqsəd Kanadada daimi yaşamaqdırsa, bu zaman seçilən ixtisas üzrə gediləcək əyalətdə əmək bazarındakı real tələbin mütləq şəkildə araşdırılması lazımdır. Çünki hazırda Kanadada daimi rezidentliyə (PR) aparan yolların böyük əksəriyyəti birbaşa iş təklifi ilə bağlıdır. Əyalət nominasiya proqramlarının demək olar ki, 99 faizi iş təklifinə əsaslanır. İş təklifi almaq isə yalnız o halda mümkündür ki, sizin ixtisasınıza həmin əyalətdə real ehtiyac olsun.
Digər vacib tövsiyə isə təhsil proqramı seçərkən co-op, yəni təcrübə komponenti olan proqramlara üstünlük verilməsidir. Co-op proqramlarda təhsilin bir hissəsi olaraq tələbələr real iş mühitində təcrübə keçirlər. Adətən son semestrdə tələbələr şirkətlərdə ödənişli və ya ödənişsiz təcrübə proqramlarına cəlb olunurlar. Bu da işəgötürənlərə tələbəni yaxından tanımaq imkanı yaradır. Əgər şirkət tələbənin işindən razı qalarsa, ona iş təklifi vermə ehtimalı xeyli artır. Nəticə etibarilə, həmin iş təklifi ilə əyalət nominasiya proqramına müraciət edilərək daimi rezidentlik əldə etmək mümkündür. Bu, PR almağın əyalət proqramları vasitəsilə ən real yollarından biridir.
PR əldə etməyin başqa bir yolu isə Federal hökumətin təklif etdiyi Express Entry (Ekspress Giriş) sistemidir. Bu sistemdə Kanadada əldə edilmiş 1 illik iş təcrübəsi və Kanada təhsili namizədə əlavə bal qazandırır. Lakin bir çox hallarda yalnız təhsil və iş təcrübəsi kifayət etmir. Bu baxımdan, ən ciddi tövsiyələrdən biri fransız dilinin öyrənilməsidir. Hazırda Kanada hökumətinin immiqrasiya strategiyası frankofon icmasının artırılmasına yönəlib və bu istiqamətdə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Məsələn, Express Entry sistemində ingilis dili üzrə seçimlərdə keçid balı 520 olduğu halda, fransızdilli namizədlər üçün bu göstərici 408 bal təşkil edib. Aradakı fərq açıq şəkildə görünür və bu da fransız dilinin nə qədər böyük üstünlük yaratdığını sübut edir.
Buna görə də gənclər fransız dilini öyrənməyə ciddi yanaşmalı, seçəcəkləri əyaləti düzgün şəkildə analiz edib dəyərləndirməli və qərarlarını uzunmüddətli perspektivə uyğun verməlidirlər. Yalnız “orada təhsil haqqı ucuzdur” düşüncəsi ilə seçim etmək gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Əsas hədəf təhsildən sonra iş tapmaq və daimi status əldə etməkdirsə, bütün qərarlar bu məqsədə uyğun şəkildə verilməlidir.
















