Torontoda mobil telefon oğurluğu artmaqdadır. Təkcə ötən il təxminən 5.000 cihaz oğurlanıb. Bu statistikaya onlarla mobil telefon mağazasının soyulması nəticəsində oğurlanan telefonlar daxil deyil.
Toronto Polis Xidmətinin (TPS) statistikasına əsasən, son altı ildə şəhərdə ümumilikdə təxminən 25.000 telefonun oğurlandığı barədə məlumat verilib.
“CTV News”un yazdığına görə, kibertəhlükəsizlik üzrə mütəxəssisi Klaudiu Popa müsahibəsində deyib ki, on minlərlə telefondan danışırıqsa, bu, milyonlarla dollar potensial gəlir deməkdir: “Bu pullar tək bir qrupu deyil, bu işdən pul qazanan və xüsusi bacarıqlarını tətbiq edən bütöv bir ekosistemi maliyyələşdirir”.
Zərərçəkənlər telefonlarını tətbiqlər vasitəsilə hətta Vyetnam kimi uzaq ölkələrdə tapdıqlarını bildiriblər. Bu isə telefonların tez bir zamanda beynəlxalq mütəşəkkil qruplar vasitəsilə başqa ölkələrə daşınmasını göstərir.
K.Popa bildirib ki, bu telefonlar ya yenidən satılır, ya ehtiyat hissələri üçün sökülür, ya da bank hesablarına giriş və digər şəxsiyyət oğurluqları üçün istifadə olunur: “Telefon oğurluğu çox vaxt dünya üzrə yayıla bilən cinayət zəncirinin başlanğıcı olur”.
K.Popanın sözlərinə görə, telefon oğurlayan şəxslər ilk olaraq onu alüminium örtüklü Faraday kisəsinə qoyurlar ki, cihaz dərhal şəbəkədən itmiş kimi görünsün. Artıq siqnal göndərə bilmir.