[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Uşaq var ki, səkkizinci sinifdə oxuyur, amma dilimizi bilmir – MÜSAHİBƏ  

Yeganə Cəfərova: “20 ildir Azərbaycan dili Toronto Şəhər Təhsil Mərkəzinin Xarici dillər bölməsində yer alır”

Kanadanın Toronto şəhərində yaşayan həmyerlilərimiz üçün doğma bir ünvan var – “Azərbaycan dili sinifləri” (Azerbaijani Classes in Toronto). Toronto Təhsil Mərkəzinin Xarici dillər bölməsində yer alan dillər sırasında Ana dilimiz də tədris olunur.

Məktəb 2006-cı ilin sentyabrında Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşəbbüsü ilə yaradılıb. Azərbaycan dili siniflərinin rəhbəri Yeganə Cəfərova gələn il 20 yaşı qeyd ediləcək məktəbin fəaliyyət göstərməsi üçün daim mübarizə aparır.

Azərbaycan dili siniflərinə övladlarını qeydiyyatdan keçirən valideynlər də xoşbəxtdirlər: “Uşaqlarımız bu məktəbdə Ana dilimizi sevərək öyrənirlər. Tariximiz, mədəniyyətimiz haqqında bilgilər əldə edir, adət-ənənəmizə yiyələnirlər. Tarixi günlərdə, milli bayramlarda burada müxtəlif tədbirlər keçirilir. Övladlarımız öz aralarında Azərbaycan dilində danışır, milli ruhda böyüyürlər. Biz Azərbaycandan uzaqda yaşasaq da, burada bir Azərbaycan yaşadırıq”.

20 ildir Toronto Təhsil Mərkəzinin nəzdində Azərbaycan siniflərinin saxlanılması üçün çalışan, dilimizi, adət-ənənələrimizi, tariximizi uşaqlarımıza aşılayan Yeganə Cəfərovanın “Kaspi” qəzetinə müsahibəsini təqdim edirik.

20 yaşlı məktəb

– Yeganə xanım, bir neçə il əvvəl Bakıda redaksiyamızda qonaq olarkən, “Bir gün Torontoda görüşərik” demişdim. Qismət oldu, rəhbərlik etdiyiniz məktəbin fəaliyyəti ilə Torontoda tanış olmaq imkanı yarandı…

– Kanada çoxmillətli ölkə olduğu üçün burada müxtəlif dillərdə dərslər tədris olunur ki, həmin dillərdən biri də Azərbaycan dilidir. Gələn il yaratdığımız məktəbin 20 yaşı tamam olur. Bu məktəbi yaradanda maneələr vardı. Həmişə də məktəbimizin yaşaması uğrunda mübarizə aparırıq. Ötən ilin yayında dilimiz siyahıdan çıxarılmışdı. Valideynlər yay dərsləri üçün uşaqlarını qeydiyyatdan keçirmək üçün Azərbaycan dili sinfini tapa bilmirdilər. Dərhal müraciət etdik. “Səhv olub” dedilər. Kanadada hər bir xalq öz adət-ənənəsini və dilini qoruyub saxlayır. Biz də bunun uğrunda çalışırıq.

“Mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi də öyrədirik”

– Məktəbin hazırkı fəaliyyəti necədir?

– Məktəb sentyabrın 20-dən sonra fəaliyyətə başlayır. Hər altıncı gün dərsimiz keçirilir. Artıq 50-yə yaxın şagirdimiz var. Bir sinfin açılması üçün 25 şagird olmalıdır. Hazırda iki sinfimiz fəaliyyət göstərir. Müraciətlər çox olduğundan, üçüncü sinfimizi açmaq üzərində düşünürük. Məktəbdə oxumaq istəyən uşaqlar hər il qeydiyyatdan keçməlidirlər. Çünki dərslər Toronto Şəhər Təhsil Mərkəzinin məktəblərində keçirilir. Azərbaycan dili rəsmi olaraq mərkəzin Xarici dillər bölməsində tədris olunur. Bunun üçün uşaq məktəbə hazırlığa getməlidir. Məktəbəhazırlığa gedən uşaq bizim sinfə yazıla bilir. 4 yaşından məktəbə hazırlığa başlayandan 9-cu sinfə qədər təhsil alan şagirdlər bizim siniflərdə oxuyurlar. Üçüncü sinfə qədər müəllimimiz Gülnar Nəsirovanın, 3-cü sinifdən 8-ci sinfə qədər mənim sinfimdə oxuyurlar. Uşaqlara sırf Azərbaycan dili tədris olunur. Bununla yanaşı, mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi də öyrədirik. Yuxarı siniflərdə oxuyanlar Azərbaycan, Qarabağ haqqında layihələr hazırlayırlar. Onlar təhsil aldıqları məktəblərdə də bu layihələri nümayiş etdirirlər. Uşaqları dil səviyyələrinə görə bölürük. Elə uşaq var ki, səkkizinci sinifdə oxuyur, amma dili bilmir. Onun üçün sıfırdan başlamalısan. Şagirdlərimizin əksəriyyəti Kanadada doğulub. Onlar Azərbaycanın dilini, atributlarını, bu gününü, tarixini bu məktəbdə öyrənirlər. Bakıdan gələndə Azərbaycanın xəritəsini gətirmişəm. Uşaqlar hansı rayonun harada yerləşdiyini artıq bilirlər. Qarabağ haqqında məlumatlıdırlar. Məqsədimiz odur ki, uşaqlar dilimizi, adət-ənənələrimizi yaşatsınlar, öz millətimizdən özlərinə dost seçsinlər, xoşagəlməz çevrəyə düşməsinlər. Müəllimlərimizdən Mikayıl Bəylər, Qəmər Peyğəmbəri, Ramin Şadpur, Əkbər Məcidov da uşaqlarla ürəkdən məşğul olurlar.

“Təki valideynlər istəsin”

– Valideynlər uşaqlarını məktəbə yazdırmağa maraqlıdırlarmı?

– Biz yayda dərsimiz olmayanda da bir yerə yığışırıq. Valideynlər bir-birləri ilə ünsiyyət qururlar. Uşaq öz dilində danışmırsa, öz mənsub olduğu mühitdə böyümürsə, bu, balaca balığın okeanda böyük balıqlara yem olması kimidir. Sonra uşaq başqa səmtlərə yönəlir. Çünki o, öz söy kökündən kənarda qalır, dilimizi unudur. Valideynlər Azərbaycana gedəndə uşaq getmək istəmir, dili, mədəniyyəti bilmədiyini deyir. Biz valideynlərlə bir yerdə olanda bir-birimizlə mənəvi bağ qururuq. Valideyndən də çox şey asılıdır. Mən həmişə deyirəm ki, lap 15 sinif də aça bilərik, təki valideynlər istəsin.

– Uşaqlara əsasən hansı məşğələlər keçirilir?

– Məktəbdəki dərsdən sonra icma mərkəzinə gedirik. Burada öz dilimizdə tamaşalar səhnələşdirilir, milli rəqslər, mahnı və şeirlər öyrədilir, gitara dərsləri keçirilir. Ötən il Məhəmməd Füzulinin “Meyvələrin söhbəti”ni səhnələşdirdik. Başqa ölkələr də bizi Kanadada təşkil etdikləri tədbirlərə dəvət edirlər. Yayda Makedoniya icmasından dəvət almışdıq. Türk Cocuq festivallarında iştirak edirik. Hər il festivalda Azərbaycan çadırı qurur, öz ölkəmizin mədəniyyətini, tarixini nümayiş etdiririk. Biz uşaqlara “bizim davamçılarımız olacaqsınız” deyəndə sevinirlər.

“Diasporla İş üzrə Dövlət Komitəsindən bildirdilər ki..”

– Məktəbin fəaliyyətinə Toronto Təhsil Mərkəzinin dəstəyi varmı?

– Bəli. Mərkəzin rəsmi saytında xarici dillər bölməsində “Azərbaycan dili” əlavə olunub. Pandemiya dövründə Azərbaycan əlifbasını proqramımıza daxil etdirdik. Əgər Xocalı soyqırımı günü şənbə gününə düşərsə, uşaqlar da, müəllimlər də məktəbə gəlmirlər.

– Dərslikləri necə əldə edirsiniz?

– Azərbaycan dili ilə bağlı dərslikləri Azərbaycandan gətirirəm. Dərslikləri kitabxanalara da mən vermişəm. Şagirdlərə Toronto Təhsil Mərkəzi tərəfindən dərs ləvazimatları da verilir. Bakıda olarkən dərsliklərlə bağlı dəfələrlə təhsil idarəsinə, Diasporla İş üzrə Dövlət Komitəsinə də müraciət etmişik. Amma Komitədən bizə bildirildi ki, sinfi onlar açmadığından kömək edə bilməyəcəklər.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp