[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Yeni baş nazirin həll edəcəyinə söz verdiyi Kanadadakı 5 problem

Mark Karni, Liberal Partiyasının erkən seçkilərdə qələbəsi nəticəsində güclənmiş mandatla Kanada parlamentinə qayıdır. Onun qarşısında duran və həlli təcili olan məsələlərdən biri ABŞ prezidenti Donald Tramp ilə münasibətləri qaydaya salmaqdır. Tramp Kanadaya ticarət tarifləri tətbiq edib və hətta ölkəni “Amerikanın 51-ci ştatı”na çevirmək istədiyini bildirib. Karni ölkə daxilində də bir sıra sahələrdə ciddi dəyişikliklər vəd edib:

  1. İllik ev tikintisini ikiqat artırmaq

Karni qalibiyyət nitqində “Tik, bala, tik” (“Build, baby, build”) şüarı ilə çıxış etdi – bu, Trampın neft hasilatı ilə bağlı şüarına (“Drill, baby, drill”) eyham idi.

“Hər il ikiqat daha çox ev tikməyin zamanıdır. Tamamilə yeni bir mənzil sənayesi ilə: Kanadanın texnologiyası, işçiləri və ağacı ilə”, deyə Karni bildirib.

Son on ildə ölkədə ev qiymətləri sürətlə artıb. Karni hər il 500,000 yeni ev tikməklə bu problemi həll etməyi planlaşdırır.

Liberallar münasib qiymətə mənzil tikintisini dəstəkləyən xüsusi federal qurum yaratmaq istəyirlər. Bu qurum ev istehsalçılarına milyardlarla dollar dəyərində kredit dəstəyi göstərəcək.

  1. Yaşayış xərclərini azaltmaq üçün vergi endirimləri

Kanadalılar da digər ölkələrin sakinləri kimi qiymət artımından əziyyət çəkirlər. Əvvəlki baş nazir Castin Trudonun rəhbərliyi altında bu məsələ ilə bağlı Liberallar çox tənqid olunmuşdu. Karni və partiyası aşağı gəlirli şəxslər üçün gəlir vergisinin 15%-dən 14%-ə endirilməsini təklif edirlər.

Bundan başqa, ilk dəfə ev alanlara 1 milyon Kanada dollarınadək olan evlərdə satış vergisinin ləğvi nəzərdə tutulur.

  1. Milli elektrik şəbəkəsi yaratmaq

Karni iqlim dəyişikliyi ilə mübarizəni davam etdirəcəyini, lakin Kanada şirkətlərinin rəqabət qabiliyyətini qoruyacağını deyib.

O, Kanadada “şərqdən qərbə” uzanan milli elektrik şəbəkəsinin qurulmasını və enerji asılılığının ABŞ-dan azaldılmasını vəd edib.

Seçkidən əvvəl Karni Trudonun karbon vergisi proqramını ləğv etmişdi. Bununla belə, iri karbon emissiyası olan şirkətlərə qarşı bənzər vergi qüvvədə qalacaq.

  1. Müdafiə xərclərində ciddi artım

Karni Kanadanın ÜDM-inin 2%-ni müdafiəyə ayıracağına söz verib. Bu NATO ölkələri üçün hədəf göstəricidir. Keçən il Kanada bu sahəyə ÜDM-in 1.4%-dən azını xərcləmişdi.

Tramp NATO ölkələrinin bu hədəfə çatmamasını tənqid edir və Kanadanın hərbi baxımdan ABŞ-dan asılı olduğunu deyir.

Karni administrasiyası növbəti 4 ildə müdafiəyə 18 milyard Kanada dolları ayıracaq. Bu vəsaitlə yeni sualtı qayıqlar və Arktikaya uyğun buzqıran gəmilər alınacaq.

  1. Daxili ticarət və avtomobil istehsalını artırmaq

Karni Trampın ticarət tarifləri səbəbilə ABŞ ilə ticarətdə yaranan çətinlikləri nəzərə alaraq yeni ticarət yolları və mexanizmləri yaratmaq niyyətindədir. O, əyalət, ərazilər və yerli xalqlarla əməkdaşlıq çərçivəsində “ticarət və enerji dəhlizləri” qurmaq istədiyini deyib.

Onun planları arasında avtomobil hissələrinin ölkə daxilində istehsalını artırmaq da var. Bu, ABŞ-dan asılılığı azaldacaq.

Liberallar həmçinin limanlar, dəmir yolları, yollar və digər infrastruktura 5 milyard dollar sərmayə qoymaq istəyirlər ki, bu da Kanadanın ticarət tərəfdaşlarını şaxələndirməsinə kömək edəcək.

Yazı BBC-dən tərcümə edilib

Foto: ApNews

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar