1996-cı ildə Harjinder Çima Britaniya Kolumbiyasıın Surrey şəhərində 690,000$ ödəməklə 1,74 hektar ərazini satın alır. Kənd təsərrüfatı üçün nəzərdə tutulan əraziyə zirzəmisi hazır sadə birmərtəbəli ev də daxil idi.
Alqı-satqı prosesində H.Çimanın daşınmaz əmlak agentləri olan dostları – Qurdarşan Mand və Kuldip Gill də iştirak edir. Onlar hər biri alış qiymətinin 10 faizini ödəyərək bunun müqabilində 10 faiz mülkiyyət payına sahib olurlar.
Hazırda mülkün dəyəri 25 milyon dollardan çoxdur. Mülkdən kimə nə qədər pay düşməsi ilə bağlı problem yaşayan dostlar məhkəməyə müraciət ediblər. Hakim Lauren Blake bu həftə məsələ ilə bağlı 128 səhifəni əhatə edən qərar çıxarıb. Hakim Mand və Gillin mülkiyyətdə paylarının saxlanmasına qərar verərək, mülkün məhkəmə qərarı ilə satılaraq tərəflərin ədalətli şəkildə paylarına düşən məbləği almalarına dair göstəriş verib.
Məhkəmə işi əvvəlcə 25 günə planlaşdırılsa da, nəticədə 19 ay ərzində 108 gün davam edib.
Hakim qərara alıb ki, mülk 60 gün ərzində satışa çıxarılsın. Satışdan sonra iddiaçılar (şərik olan 2 dost)evin satışından 20 faizini alacaqlar. Eyni zamanda, H.Çimanın əvvəl onlarla bölüşmədiyi kirayə gəlirlərinin və digər ödənişlərin 20 faizi də onların payına əlavə ediləcək.
Qeyd edək ki, 1996-cı ildə 690,000 dollara alınan mülk 2025-ci ildə 25 milyon 555 min 900 dollar məbləğində qiymətləndirilib. Bu, 37 dəfədən çox və 3,703 faiz yüksəliş deməkdir. Başqa sözlə, mülk hər il orta hesabla 880,000 dollar dəyər qazanıb.
Mülk üzərindəki ev 1969-cu ildə tikilib. 6 yataq otağı, 3 hamamı var və ümumi yaşayış sahəsi 2,092 kvadrat fut təşkil edir. Ancaq qiymətləndirmədə evin payı cəmi 32,900 dollar olub. Əsas dəyər torpağa aiddir.
Rəsmi olaraq mülk hələ də kənd təsərrüfatı ərazisi kimi göstərilsə də, H.Çima alandan bəri heç vaxt təsərrüfat kimi istifadə edilməyib.
















