Toronto şəhərində evə silahlı basqın: Ata və iki yetkin qızı güllələnib

Toronto polisi bildirir ki, bu gün səhər tezdən şəhərin nüfuzlu Bridle Path məhəlləsində bir evə edilən zorakı basqın zamanı ata və onun iki yetkin qızı güllələnib.

Polisin məlumatına görə, maskalı, tapança və çəkiclə silahlanmış üç şübhəli Hyde Park Circle küçəsində, Bayview və Lawrence prospektlərinin yaxınlığında yerləşən evə daxil olub. Hadisə təxminən səhər saat 3:45-də baş verib.

Toronto Polis Xidmətinin Soyğunçuluqla Mübarizə Bölməsinin müfəttişi Kristi Smiz hadisə yerində jurnalistlərə bildirib ki, şübhəlilər evə arxa qapıdan daxil olublar.

Evə girdikdən sonra onlar ər-arvad və onların iki yetkin qızı ilə qarşılaşıblar.

Tərəflər arasında qarşıdurma baş verib və nəticədə ata və iki qızı güllələnib. K.Smizin sözlərinə görə, ailə üzvlərindən biri isə çəkiclə vurulub.

Dörd zərərçəkənin hamısı xəstəxanaya çatdırılıb. Şübhəlilər isə təcili yardım və polis əməkdaşları hadisə yerinə gəlməmiş qaçıblar.

Polis əvvəlcə iki nəfərin həyat üçün təhlükəli xəsarətlər aldığını bildirsə də, son açıqlamada onların xəsarətlərinin həyatlarını kökündən dəyişəcək dərəcədə ağır olduğu qeyd edilib. Zərərçəkənlərdən ikisi hələ də xəstəxanadadır.

Polis şübhəlilərin görünüşü barədə məlumat açıqlamayıb. İlkin məlumata görə, onlar hadisə yerindən SUV tipli avtomobillə qaçıblar.

“İnsanlar özlərini evlərində təhlükəsiz hiss etməlidirlər”

“Hazırda araşdırma çox aktiv şəkildə davam edir. Şübhəlilər barədə ətraflı məlumatımız olmasa da, müəyyən etdiyimiz üç nəfər haqqında məlumat əldə etmək üçün əlimizdən gələni edirik”, – K.Smiz bildirib.

O əlavə edib ki, belə hadisələr yalnız zərərçəkənlər üçün deyil, bütün məhəllə sakinləri və onların yaxınları üçün qorxulu və sarsıdıcıdır: “İnsanlar özlərini evlərində təhlükəsiz hiss etməlidirlər”, – deyə o vurğulayıb.

Polisin məlumatına görə, hücum edənlər ev sahiblərindən qiymətli əşyalar tələb ediblər. Lakin onların ailəyə məxsus hər hansı əşyanı götürərək qaçıb-qaçmadığı hələ məlum deyil.

Şübhəlilərin evdə konkret nə axtardıqları da bilinmir. K.Smiz qeyd edib ki, avtomobil oğruları bəzən bahalı avtomobilləri oğurlamaq məqsədilə evlərə daxil olurlar. Onun sözlərinə görə, polisin evin əvvəlcədən xüsusi olaraq hədəf seçildiyini göstərən heç bir məlumat yoxdur. Bununla belə, hadisənin baş verdiyi ərazi imkanlı insanların yaşadığı və qiymətli əşyaların olduğu məhəllədir.

Polis həmçinin evə basqından qısa müddət sonra yaxınlıqdakı xəstəxanaya güllə yarası ilə müraciət edən şəxsin bu hadisə ilə əlaqəsinin olub-olmadığını araşdırır.

K.Smiz bildirib ki, bu iki hadisə arasında əlaqənin olub-olmadığı hələ məlum deyil, lakin polis bu ehtimalı mütləq yoxlayacaq.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp