Kanada hökuməti 2026-2027-ci illərdə 33 min nəfər müvəqqəti işçiyə daimi sakin statusu (PR) verəcək. Amma bu gözlənildiyi kimi, “TR to PR” (Müvəqqəti sakindən daimi sakinə keçid) təşəbbüsü vasitəsilə həyata keçirilməyəcək.
Mayın 4-də İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq üzrə Nazirlyin (IRCC) açıqlaması Kanadada müvəqqəti yaşayan bir çox sakini məyus etdi.
Hazırkı vəziyyətdə, hökumət qəbul etməyi nəzərdə tutduğu 33 min müvəqqəti sakinin “TR to PR” təşəbbüsü ilə daimi sakinə keçidini nəzərdə tutmur. Bu, daha çox artıq mövcud müraciətlərin sürətləndirilməsi kimi görünür, yəni hələ PR üçün müraciət etməmiş müvəqqəti sakinlər üçün yeni qəbul və ya portal açılmır.
2026-cı ildə 20 min işçiyə PR veriləcək
“Kanada daxilində işçilər üçün birdəfəlik təşəbbüs” ilk dəfə 2025-ci il büdcəsində elan edilib və məqsəd 2026–2027-ci illərdə Kanadada çalışan 33 min nəfərə qədər işçinin PR-a keçidini sürətləndirməkdir.
IRCC bu ilin mayın 4-də təsdiqləyib ki:
- 2026-cı ildə ən azı 20,000 işçi PR alacaq
- Qalan hissə isə 2027-ci ildə keçəcək
2026-cı ilin 1 yanvar – 28 fevral tarixləri arasında artıq 3 min 600 nəfərə PR verilib, yəni proses artıq başlayıb.
33 minə kimlər daxildir?
Bu təşəbbüs:
- Artıq Kanadada yaşayan;
- Və artıq PR üçün müraciət etmiş şəxslərə aiddir.
Yəni bu, yeni müraciət proqramı deyil. Bu proses Kanadanın “2026–2028-ci il İmmiqrasiya Planı” ilə paralel aparılır və bu plana görə, hər il 380,000 daimi sakin qəbul olunması nəzərdə tutulur.
IRCC-nin rəsmi açıqlaması
IRCC bildirir ki, proses hazırda mövcud müraciətlər üzərindən aparılır. Uyğun şəxslər aşağıdakı proqramlar vasitəsilə müraciət etmiş olmalıdır:
- Əyalət Namizəd Proqramı (Provincial Nominee Program- PNP)
- Atlantik İmmiqrasiya Proqramı (Atlantic Immigration Program)
- İcma Pilot Proqramı (Community Pilot Program)
- Baxıcı pilot proqramları (Caregiver Pilot Program)
- Kənd Təsərrüfatı və Qida Pilot Proqramı (Agri-Food Pilot Program)
Həmçinin, namizədlər Kanadada kiçik icmalarda ən azı 2 il yaşamış olmalıdır. Bu o deməkdir ki, təşəbbüs artıq kənd yerlərində və kiçik icmalarda əmək bazarına töhfə verən işçiləri hədəfləyir.
Niyə bu elan bir çox müvəqqəti sakini məyus edib?
Hazırda Kanadada təxminən 1.9 milyon müvəqqəti sakin var və onların bir çoxunun iş icazələri 2026-cı ildə ya bitir, ya da artıq bitib? Təhsildən sonra iş icazəsi (Post-Graduation Work Permit -PGWP) alanlar, beynəlxalq məzunlar, böyük şəhərlərdə çalışan müvəqqəti xarici işçilər daimi yaşayış üçün müraciət etməyə yeni imkan gözləyirdilər. Lakin 4 mayda açıqlanan meyarlar əksər müvəqqəti sakinlərin gözləntisini qarşılamadı.
Ayda 1640 müvəqqəti sakin PR alacaq
Yuxarıda qeyd etdiyimiz kimi, 2026-cı ilin ilk 2 ayı ərzində artıq 3 min 600 nəfərə daimi yaşamaq izni verilib. Bu templə 2026-cı ilin sonuna qədər 20 min hədəfinə çatmaq üçün növbəti 10 ay ərzində ayda təxminən 1,640 müraciətin emalı tələb olunur.