Kanada Səhiyyə Nazirliyi qərara gəlib ki, klonlaşdırılmış və adi ət məhsulları arasında tənzimləmə baxımından fərq qoyulmamalıdır
Klonlaşdırılmış ət çox yaxın zamanda sizin yaşadığınız ərazidəki ərzaq mağazasında satışa çıxa bilər. “National Post”un yazdığına görə, Kanada Səhiyyə Nazirliyi klonlaşdırılmış inək və donuz ətinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq istiqamətində addımlar atıb. Artıq bu məhsullar “yeni qida” (novel food) sayılmadığı üçün xəbərdarlıq və ya etiketləmə olmadan satışa çıxarıla bilər.
“Yeni qidalar” dedikdə mövcud qidalardan fərqlənən və ya dəyişdirilmiş məhsullar nəzərdə tutulur. Məsələn, 2010-cu illərin sonlarında satışa çıxan, Kanada Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş ilk genetik modifikasiya olunmuş heyvan – AquAdvantage somonu (hazırda satışda deyil) bu kateqoriyaya daxil idi, lakin onun üçün də xüsusi etiketləmə tələbi qoyulmamışdı.
Health Canada bildirir ki, bazara çıxarılmazdan əvvəl bütün “yeni qidalar”ın təhlükəsizliyi qiymətləndirilir. Avropa Qida Təhlükəsizliyi Agentliyi və Yaponiyanın Qida Təhlükəsizliyi Komissiyası kimi beynəlxalq qurumların elmi rəyinə əsaslanaraq, nazirlik belə nəticəyə gəlib ki, sağlam klonlaşdırılmış inək və donuzlardan əldə edilən qidalar ənənəvi üsulla yetişdirilən heyvanlardan alınan qidalar qədər təhlükəsizdir.
Kanada Səhiyyə Nazirliyinin Qida Departamenti qərara gəlib ki, klonlaşdırılmış və adi ət məhsulları arasında tənzimləmə baxımından fərq qoyulmamalıdır. Lakin keçi və qoyun kimi digər heyvanların klonlarından əldə edilən qidalar hələ də “yeni qida” kimi qiymətləndirilir.
The “Winnipeg Sun” qəzetinin yazdığına görə, Kanada Səhiyyə Nazirliyinin 2024-cü ildə klonlaşdırılmış inək və donuz ətinə dair keçirdiyi ictimai məsləhətləşmədə alimlər, qida siyasəti təşkilatları və kənd təsərrüfatı nümayəndələri iştirak ediblər: “Cəmi 1,200-dən az fərd və təşkilata birbaşa bildiriş göndərilib və nəticələr ictimaiyyətə geniş açıqlanmayıb”.
Dalhousie Universitetinin Aqro-Ərzaq Analitika Laboratoriyasının direktoru Silvən Şarlbua bu vəziyyəti belə izah edib: “Məsələ elmdə deyil, sükutdadır”.
Şarlbua laboratoriyanın bülletenində yazıb: “Kanadalılara dərin mübahisə doğuran bir texnologiyanı tənzimləyən qaydaların dəyişmək üzrə olduğu barədə heç nə deyilmir. Heç bir press-reliz, ictimai açıqlama yoxdur. Sadəcə, hökumətin saytında sakitcə bir açıqlama yerləşdirilib. Onu da əhalinin böyük hissəsi heç vaxt oxumayacaq”.
Qeyd edək ki, 1996-cı ildə yetkin hüceyrədən klonlaşdırılmış ilk məməli “Dolly” adlı qoyun dünyaya gələndən bəri bu texnologiya ciddi etik və elmi mübahisələr doğurur. Klonlaşdırılmış heyvanlardan qida əldə edilməsi cəmiyyət arasında mənəvi və emosional narahatlığa səbəb olur.
ABŞ Qida və Dərman İdarəsi hələ 2008-ci ilin yanvarında klonlaşdırılmış inək, keçi və donuz ətinin insan istehlakı üçün təhlükəsiz olduğunu elan edib. Üç il sonra, 2011-ci ildə dərc olunan bir araşdırmada isə istehlakçılar ferma heyvanlarının klonlaşdırılmasını “təbiətə zidd” hesab etdiklərini və bunun gələcəkdə insan klonlaşdırılmasına yol aça biləcəyindən narahat olduqlarını bildiriblər.
Foto: İvanoh Demers/CBC
















