[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Lori təcili yardımda 20 saat gözləyəndən sonra infarkt keçirdiyini öyrəndi

kanada-tecili-yardim

“Həyat yoldaşıma zəng etdim, dedilər ki, məni təcili əməliyyata apardıqlarından zəng kəsilməlidir”

Manitoba əyalətinin paytaxtı Vinnipeqdə yaşayan Lori Stetina bu il iyulun 3-də səhər yuxudan oyanarkən özünü yaxşı hiss etmədiyindən təcili yardıma zəng edir. Təcili yardım maşını onu Vinnipeqdəki Grace Xəstəxanasına aparır: “Məni ambulansda xərəkdə deyil, arxa tərəfdə oturulu vəziyyətdə apardılar”.

“CTV News”a danışan L.Stetina deyib ki, təcili yardım şöbəsində 20 saatdan çox gözləyib və yalnız 4 iyul səhər saat 5-də həkimin qəbuluna düşə bilib. Qəbul edildikdən sonra ona deyilib ki, o, yüngül infarkt keçirib: “Mən şok oldum. İnanmırdım. Heç vaxt belə bir şey başıma gəlməmişdi”.

L.Stetina qan testləri, bir neçə EKQ verib və KT müayinəsinə göndərilib. Orada daha pis xəbər eşidib: “İki həkim əməliyyat geyimində yanıma gələrək dedilər ki, dərhal təcili əməliyyata girməliyəm. Hətta nəyə görə əməliyyata girdiyimi belə bilmirdim”.

L.Stetinanın bilmədiyi isə bağırsaqlarının deşildiyi və qarın boşluğuna sızma olduğu idi: “Oyandıqda qarın nahiyəmdə 19 tikiş olduğunu öyrəndim”.

Stetina bunun yaşamaq istəmədiyi bir təcrübə olduğunu və bu qədər uzun gözləməyə inanmadığını deyir: “Başıma nə gəldiyini bilmirdim. Heç nədən xəbərim yox idi. Bu testlərdən əvvəl heç bir həkim mənə yaxınlaşmadı. Dəhşətə gəldim. Həyat yoldaşıma zəng etdim, amma dedilər ki, zəng kəsilməlidir, çünki məni təcili əməliyyata aparırlar”.

Təcili yardımda gözləmə müddəti 10-12 saatdır

“CTV News”a açıqlamasında Vinnipeq Regional Səhiyyə İdarəsi şəhər üzrə təcili yardım şöbələrində xəstələrin və işçilərin qarşılaşdığı çətinliklərdən xəbərdar olduqlarını bildirib: “Xəstə axınını yaxşılaşdırmaq və gözləmə müddətlərini azaltmaq üzərində işləməyə davam edirik”.

Uzun gözləmə müddətləri bu həftə də davam edib. Vinnipeq Regional Səhiyyə İdarəsinin  təcili yardım şöbələrinin mövcud gözləmə müddətlərini göstərən saytında St. Boniface Xəstəxanasında gözləmə müddəti təxminən 10 saat, Health Sciences Centrdə isə 12 saatdan çox göstərilib.

“Əyalətdəki səhiyyə sistemini düzəltmək üçün möcüzəvi bir həll yolu yoxdur”

Dr. Noam Katz səkkiz ildir şəhərin St. Boniface Xəstəxanasında çalışan təcili yardım həkimidir. Katz deyir ki, gözləmə müddətləri, o cümlədən işlədiyi xəstəxanada, “kəskin şəkildə artıb”.

Onun sözlərinə görə, elə günlər olur ki, gözləmə müddətləri çox uzanır və onlar xəstələrə layiq olduqları xidməti göstərə bilmirlər. N.Katz deyir ki, əyalətdəki səhiyyə sistemini düzəltmək üçün tək, möcüzəvi bir həll yolu yoxdur: “Elə olsaydı, çoxdan edərdik. Biz sadəcə kiçik də olsa irəliləyişlər görmək istəyirik, amma reallıqda bunu görməkdə çətinlik çəkirik”.

“Bu dəhşətli hekayələr hələ də davam edir”

Səhiyyə ekspertləri deyir ki, bu cür narahatedici təcili yardım hekayələri Kanadadakı xəstəxanalarda çox tez-tez baş verir.

“Bu dəhşətli hekayələr hələ də davam edir”, – Kanada Səhiyyə Koalisiyasının Siyasət və Müdafiə üzrə Milli Direktoru Stiven Steypls deyib.

S.Steypls ümid edir ki, uzun müddətdə Kanada səhiyyə sistemi daha profilaktik bir modelə keçə bilər, insanlar daha tez yardım alar və ümumiyyətlə, təcili yardımlıq vəziyyətə düşməzlər: “Bilirik ki, insanlar ailə həkiminə çıxışda çətinlik yaşayır. Ailə həkimi xəstənin sağlamlıq tarixçəsini bilir, vəziyyətini izləyir və onu təcili yardımlıq hala düşməkdən qoruyur”.

Foto: CTV News

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp