Halton Regional Polis bölməsinin yaydığı məlumata görə, bir cütlük Okvil, Burlinqton, Niaqara və Toronto ərazilərində 300-dən çox məzarı soymaqda ittiham olunur. Onlar gündüz saatlarında mavzoleylərə girərək niş (kül qutusu) bölmələrindən zinət və digər qiymətli xatirə əşyalarını oğurlayıblar.
İstintaqçılar iddia edirlər ki, oğurlanan zinət əşyalarının bəzilərində insan qalıqları da olub və həmin qalıqlar zinət əşyaları satılmadan əvvəl atılıb. Cütlüyün külli miqdarda külü tökdüyü də iddia olunur.
Qeyd edək ki, mavzoley insanların cəsədlərinin və ya küllərinin saxlandığı qapalı, daşdan tikilmiş binadır. İçərisində ayrı-ayrı “niş” (niche) adlanan bölmələr olur. Orada insanların yandırılaraq külünün töküldüyü qablar, zərgərlik, xatirə əşyaları saxlanılır.
Cütlüyün daimi ünvanı olmayıb
Polis bildirib ki, oğurluq nəticəsində Okvildəki bir mavzoley, Burlinqtonda iki obyekt də daxil olmaqla ümumilikdə səkkiz yer zərər görüb.
Daimi ünvanları olmayan 45 yaşlı kişi və 31 yaşlı qadın noyabrın 7-də “Niagara Falls” motelində həbs ediliblər. Moteldə və onlara məxsus nəqliyyat vasitəsində aparılan axtarış zamanı minlərlə dollar dəyərində zinyət və digər əşyalar aşkar edilib. Lakin xeyli dəyərli əşyanın artıq satılmış ola biləcəyi ehtimalı var və bəzi ailələr hələ də yaxınlarına məxsus məzarlıq nişlərindən oğurluq edildiyindən xəbərsizdirlər.
Ağlayaraq özlərini mərhumların yaxınları kimi təqdim ediblər
Polisin bildirdiyinə görə, təqsirləndirilənlər 30-a yaxın maddə üzrə ittiham olunublar; bunların arasında “mərhumun cəsədinə xələl gətirmək” və cinayət yolu ilə əldə edilmiş əmlaka sahib olmaq da var. Təqsirləndirilənlər məhkəmə keçirilənə qədər Miltonda müvəqqəti saxlama kamerasına yerləşdiriliblər.
Halton Regional Polis bölməsində keçirilən mətbuat konfransında məzarlıqlardan aşkar olunmuş 600-dən çox əşya nümayiş etdirilib.
Qeyd edək ki, cütlük ağlayaraq özlərini mərhumların ailə üzvləri kimi təqdim edir, mavzoleyləri gəzir, mülk idarəçilərini aldadaraq oğurluqları həyata keçirirmişlər. Oğurluqlar əsasən gündüz saatlarında baş verib. Nişlərin kilidini açmaq üçün alətlərdən istifadə olunub və az zərər verdiklərindən cinayətin üstü gec açılıb.
Foto: Spencer Gallichan-Lowe/CBC
















