Maykl Antil deyir ki, Kanadada həkim kimi lisenziya almaq “mürəkkəb “Lego” konstruksiyası qurmağa bənzədi”
3 ildir ailəsi ilə birlikdə Amerikadan Kanadaya köçərək həkim kimi çalışan Maykl Antil müxtəlif texniki səbəblərlə bağlı burada daimi yaşayış icazəsi üçün üç dəfə rədd cavabı alıb.
M.Antil Kanadaya ABŞ-da 20 ildən artıq iş təcrübəsi ilə gəlib və hazırda Torontodakı bir klinikada 2 mindən çox pasiyenti ilə orta göstəricidən yüksək iş yükünü uğurla idarə edir. Buna baxmayaraq, o və ingilis dili müəllimi olan həyat yoldaşı hələ də müvəqqəti iş icazəsi ilə yaşayır, uşaqları ali təhsil haqqını beynəlxalq tələbələr qədər ödəmək riski ilə üzləşir və o, ev alarkən əlavə 25 faiz xarici alıcı vergisi ödəməli olub.
“Ontario Həkimlər və Cərrahlar Kollecindən lisenziya almaq mürəkkəb bir proses oldu”
CBC-nin məlumatın agörə, 50 yaşlı M.Antil 2023-cü ildə daimi yaşayış üçün ilk müraciətindən bəri qarşılaşdığı bütün maneələr, çətinliklər və bürokratik əngəllər barədə “White Coat, Black Art” proqramının aparıcısı Dr. Brian Goldmana danışarkən qalın sənəd yığınını vərəqləyib.
Müxtəlif texniki səbəblərə görə üç dəfə rədd cavabı aldığını deyən Antil acı bir gülüşlə “Ontarionun həkimlərə ehtiyacı” olduğunu deyir.
Ontario Tibb Assosiasiyasına görə, 2,5 milyondan çox Ontario sakininin ailə həkimi yoxdur. Kanada üzrə bu rəqəm təxminən 5,9 milyon təşkil edir.
2023-cü ildə M.Antili Albani Tibb Klinikasına işə götürən Vanda Morvay bildirib ki, ehtiyac açıq şəkildə mövcuddur, amma bunu reallaşdırmaq üçün lazımi infrastruktur yoxdur: “Milyonlarla kanadalının ilkin tibbi yardıma çıxışı olmadığı halda, bu problem illərdir həm federal, həm də əyalət hökuməti tərəfindən həll olunmur. M.Antilin üç dəfə cəhd etməsinə baxmayaraq, hələ də daimi yaşayış icazəsi ala bilməməsi məni heyrətləndirir. Halbuki onun tibbi xidmətlərindən asılı olan 2 min ailə var. O, möhtəşəm həkimdir və Kanadada görmək istədiyimiz mütəxəssisdir”.
M.Antil Albani klinikası ilə beş illik müqavilə, Ontario Həkimlər və Cərrahlar Kollecindən (CPSO) lisenziya və Ontario iş icazəsi ilə Torontoya köçüb.
M.Antilin dediyinə görə, CPSO lisenziyasını almaq dörd ay davam edən dəqiq və mərhələli bir proses olub: “Mürəkkəb bir “Lego” konstruksiyası qurmaq kimi proses idi”.
İş icazəsi üçün fevralda təqdim edilən müraciət iyun ayına qədər cavabsız qaldığından, immiqrasiya vəkilinin məsləhəti ilə Şimali Karolinadan Nyu-York ştatının Baffalo şəhərinə 13 saatlıq yol getməli olub.
Daha sonra proses daha da çətinləşib. Antil IRCC-nin (Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi) Federal İxtisaslı İşçi proqramı üzrə “Express Entry” sisteminə müraciət edib. Bu sistem bal əsaslıdır və kifayət qədər yüksək bal toplayan namizədlər sürətləndirilmiş prosesə dəvət olunur.
Lakin M.Antil tələb olunan bal həddini keçə bilməyib. İspan dilini səlis bilsə də, fransızca bilməməsi və yaşının (o vaxt 47) yüksək hesab olunması buna səbəb olub.
Daha böyük maneələr
Bunun ardınca o, Ontario İmmiqrant Namizəd Proqramı (OINP) vasitəsilə müraciət edib. Bu proqram müəyyən bacarıqlara malik şəxslərə əlavə bal verir, lakin daha çox sənəd tələb edir. O cümlədən, ABŞ-dakı tibb diplomunun yenidən təsdiqlənməsi istənilib – halbuki onun artıq Ontario-da həkim lisenziyası var idi.
Bundan sonra aylarla davam edən səhvlər silsiləsi yaşanıb. Məsələn, notariusun Antilin fotosunu möhürün altına deyil, üstünə imzalaması iki aylıq gecikməyə səbəb olub. Nəticədə Antil OINP müddətini qaçırıb və müraciəti bağlanıb. Sertifikatı iki həftə sonra alsa da, etdiyi apelin cavabını hələ də almayıb.
Daha sonra o, yenidən IRCC vasitəsilə müraciət edib, lakin iki səhv edib: “peşəkar dərəcə” əvəzinə “doktorantura dərəcəsi” xanasını işarələyib və həyat yoldaşının təhsil sənədini IRCC-nin rəsmi möhürü olmadan təqdim edib. Bu səhvlər müraciətin yenidən rədd edilməsinə səbəb olub.
“Sərt” sistem
M.Antil hazırda immiqrasiya vəkili İlene Solomon ilə çalışır. İ.Solomon bu cür texniki səbəblərlə rədd cavablarına təəccüblənmədiyini deyir: “Bu sistem “çox sərtdir” və “bir səhv ölümcüldür. Sistemin bu qədər çevik olmaması təəssüf doğurur; məsələn, OINP-nin müddəti uzatmaması və ya həyat yoldaşının sənədindəki səhvi əvvəlcədən bildirməməsi kimi”.
M.Antil bunun öz səhvi olduğunu etiraf edir: “Dərhal nəyi səhv etdiyimi anladım və bunun nə qədər asan düzəldilə biləcəyini bilirdim. Amma sənə bu şans verilmir”.
Foto: Toronto Star
















