Əsas səbəblərdən biri kimi ekstremal hava hadisələrinin artması göstərilir
Kanada Statistika Komitəsinin yeni təhlilinə görə, son altı ildə kanadalılar ev, ipoteka və avtomobil sığortası üçün daha çox ödəniş etməli olublar. Bunun əsas səbəblərindən biri ekstremal hava hadisələrinin artmasıdır. Digər amillərə avtomobillərin bahalaşması, təmir xərclərinin yüksəlməsi və oğurluq hallarının artması daxildir. Statistika Komitəsi bildirib ki, bu amillər sığorta xərclərinin artmasına səbəb olub və sığorta şirkətləri bunu kompensasiya etmək üçün tarifləri yüksəldiblər. Araşdırmada qeyd olunur ki, ölkənin əmlak və zərər sığortası şirkətləri artan maliyyə təzyiqi ilə üzləşirlər.
6 ilə 45% artım
Statistika Komitəsi 2019-cu ilin dekabrından 2025-ci ilin dekabrınadək ekstremal hava hadisələri ilə bağlı zərərlərin sığorta sektoruna və istehlakçılara təsirini araşdırıb. Bu dövrdə ev və ipoteka sığortası haqları 45 faiz artıb.
Bu göstərici həmin müddətdə ümumi İstehlak Qiymətləri İndeksindəki 21 faizlik artımın iki dəfəsindən çoxdur. Avtomobil sığortası haqları isə inflyasiyanı üstələyərək 23,9 faiz artıb.
Oğurluq hallarına görə artan maşın sığortası
Statistika Komitəsi deyir ki, avtomobil sığortası ev sığortası qədər birbaşa ekstremal hava hadisələrindən təsirlənməsə də, avtomobil qiymətlərinin, ehtiyat hissələrinin və təmir xərclərinin artması səbəbindən bu sahədə də tariflər yüksəlib.
Araşdırma həmçinin göstərib ki, 2023-cü ildə oğurluq hadisələri ilə bağlı sığorta iddialarının həcmi ölkə üzrə 1,5 milyard dolları ötüb.
Son 10 ildə daşqınlara görə 9 milyard dollar sığorta ödənilib
Ekstremal hava hadisələrinin sığortalanmayan xərcləri də artır. Statistika Komitəsinin hesablamalarına görə, sığortalanmış hər 1 dollar zərərə qarşılıq 2-4 dollar arasında sığortalanmamış xərc yaranır. Buraya dövlət infrastrukturuna dəyən ziyan və əmlak vergiləri ilə bağlı ev təsərrüfatlarının əlavə xərcləri daxildir.
Federal hökumətin Fəlakət Maliyyə Yardımı Proqramının xərcləri də artmaqdadır. Tarixən bu vəsaitin ən böyük hissəsini daşqınlar səbəbindən Prairie əyalətləri alıb. Statistika Komitəsinə görə, sığorta ödənişlərinin əsas səbəbi daşqınlardır. Son on ildə daşqınlara görə sığorta şirkətləri təxminən 9 milyard dollar ödəyib və bunun demək olar yarısı təkcə 2024-cü ilin payına düşüb.
Köhnəlmiş su və kanalizasiya infrastrukturu da bələdiyyələrin büdcələrinə əlavə təzyiq göstərir və əmlak vergilərinin artmasına səbəb olur.
Ən çox sığorta artımı olan əyalətlər
Ən böyük sığorta artımı Alberta əyalətində qeydə alınıb. 2005-2025-ci illər arasında ev sığortası haqları burada ümumilikdə 391,6 faiz yüksəlib. Son beş ildə isə Alberta (55,8%), Manitoba (46,7%), Yeni Şotnaldiya (43,1%) və Saskatçevan (40,9%) ölkə üzrə orta göstərici olan 38,6 faizi üstələyib.
Statistika Komitəsi bildirir ki, Albertanın yüksək göstəriciləri əsasən dolu fırtınaları, meşə yanğınları və xüsusilə Kalqari ətrafında müşahidə olunan güclü qasırğa tipli fırtınalarla bağlıdır. Araşdırmaya görə, Kanadada fəlakət xarakterli sığorta iddiaları 2024-cü ildə rekord həddə çataraq 8,6 milyard dollar olub. Bu, 2016-cı ildə qeydə alınmış 6,2 milyard dollarlıq əvvəlki rekordu geridə qoyub.
2024-cü ilin üçüncü rübündə baş verən ən böyük hadisələr Kalqaridə dolu fırtınası (3 milyard dollar), Jasper meşə yanğını (1,1 milyard dollar), Kvebek daşqınları (2,7 milyard dollar) və Ontario daşqınları (990 milyon dollar) olub.
Statistika Komitəsi qeyd edir ki, 1983-cü ildən aparılan statistikaya əsasən, 2020-2025-ci illərin hər biri ekstremal hava hadisələri ilə bağlı sığorta zərərlərinin ən bahalı 10 ili sırasına daxil olub.
Foto: AI