Əslən Cənubi Azərbaycandan olan kanadalı xoreqraf, ifaçı və pedaqoq Saşar Zərif: “Mənim üçün sonda baş əymək ən çətin məqamdır”
Əslən Cənubi Azərbaycandan olan kanadalı xoreoqraf, ifaçı və pedaqoq Saşar Zərif Bakıdadır. O, 35 ildir ki, rəqsdə əsrlərdən gələn ənənə ilə müasirlik arasında körpü qurmağa çalışır. Tanınmış rəqqasın görkəmli xanəndə Alim Qasımovla Torontodakı İncəsənət Mərkəzindəki uğurlu çıxışından sonra Bakıda Milli Konservatoriyada keçirilən konsertdə muğamın sədaları altında rəqs performansları böyük maraqla qarşılanıb. “Kaspi” qəzetinin Saşar Zərifdən aldığı müsahibəni təqdim edirik.
“Burada mənim də ənənələrim qalıb”
– Saşar bəy, Bakıya xoş gəlmişsiniz! Yəqin ki, Sizi Azərbaycana yenidən muğamla rəqsin harmoniyası gətirib. Gəlişinizdə ruhi və mənəvi bağlılığınız da yəqin böyük rol oynayır?
– Mənim köklərim buralara bağlıdır. Nənəm içərişəhərli olub. Buradan Aşqabada, oradan da İrana köçüblər. Anamın babası Gürcüstandan gəlmədir, ana tərəfim də həm Həmədan, həm də Zəncandandır. Təbii ki, bu qarışıqlıq mənim həyatımın da köçəri olması üçün səbəb olub. Ona səbəb olub ki, mən vətəni bir coğrafiyada aramayım, Vətəni ürəkdə olan hissdə arayım. Ona görə mən ürəkdə azərbaycanlı hissi doğulmuş halda başqa yerlərə səfər elədim. Necə ki, dədə-nənələrim də belə səfər edib, öz duyğularını, nağıl və mahnılarını, hərəkətlərini, ah-uflarnı yerdən-yerə, ölkədən-ölkəyə daşıyıblar. Onlar hara çatıblarsa, oranı özlərinə yurd ediblər. Mənə görə də bu yaxşı bir nümunə idi. Mən cavan olanda həmişə düşünürdüm ki, özümü tapım, mənə kök lazımdır, kimliyimi bilim. Sonradan dərk elədim ki, axar suya oxşamaq yaxşıdır. Bu, bizim mədəniyyətimizdə də var. Biz noməd türklərindən gəlirik və hər yeri özümüzə yurd edirik. Şadam ki, indi məmləkətimin ürəyimin üstündə yeri var. Əlbəttə, bura gələndə adamı torpaq çəkir. Bakıya gələn kimi birinci Xəzərin sahilinə gedirəm. Sulara baxa-baxa deyirəm: burada mənim də ənənələrim qalıb. Məncə, ürək yurdda olmasa torpaqda qala bilməz. 1993-cü ildə İranla Azərbaycan arasında yollar açılandan sonra valideynlərim İrandan Bakıya köçdülər. Onlar Kanadaya köçənə kimi iki il burada yaşadılar. Nənəmə görə Bakı bizə çox doğma idi. Valideynlərim Bakıya gedəndə mən də Kanadadan Bakıya gəldim. Burada rəqs ustadı Əlikram Aslanovdan rəqsin, bəstəkar Vasif Adıgözəlovdan vokalın sirlərini öyrəndim. Torontoya qayıdanda Azərbaycan cəmiyyətində uşaqlar üçün “Coşqun” rəqs qrupunu bərpa etdim. Tədbirlərdə çıxış edirdik, Avropaya tez-tez səfərlərimiz olurdu.
“Əruz anladır, musiqi hiss etdirir, rəqs aktuallaşdırır”
– Keçən il oktyabr ayında Kanadanın Toronto şəhərində sizin Alim Qasımovla birgə “Məhəbbət” layihənizin iştirakçısı oldum. Segahla rəqsin harmoniyasını izlədim. Belə görünür, muğamla necə rəqs etməyin sirrini özünüz üçün çoxdan çözmüsünüz. Rəqslərinizin fəlsəfəsini necə izah edərsiniz? İnsanlara nə demək istəyirsiniz?
– Məncə, ən mühüm şey həyatda niyə yaşamağımızın mənasını bilməkdir. Biz nə iş görürüksə – gərək yaşantının mənasını tapaq. Bu həyatda yaşamaq üçün bir hədəf tapmalıyıq. Mənə görə rəqs, musiqi, ədəbiyyat insanın həyatının mənasını tapmaq üçündür. Necə ki, Mirzə Ələkbər Sabir və başqa şairlər bunu təbliğ ediblər. Onların yaradıcılığı bizə yanlışlıqlarımızı görməyə, həyatın mənasını daha yaxşı anlamağa kömək edir. Muğam sənətində də belədir: əsas muğamın texnikasıdır, gözəl səsin olması mühüm deyil. Əgər bu dünyaya bir şey verə bilməyəcəksənsə, nəyə dəyər? Bizim dahilər səslərini qoyub gediblər, biz onları bu gün də dinləyirik. Çoxu da oxuyub gedib, kim olduqlarını da bilmirik. Ona görə muğamın gücü həm beyni işlətməsində, həm şeirin fəlsəfəsini bilməsindədir. Şeirin fəlsəfəsi də insanın axtarışının nəticəsidir. Musiqi o şeirləri emosional edir. İnsan üc hissədən ibarətdir: beyin, emosiyalar və bədən. Mövlana dərvişləri bu üç şeydən səmada istifadə edirlər. Muğamla rəqs edəndə hər üç ölçüdən təcrübə edirəm: əruz anladır, musiqi hiss etdirir, rəqs aktuallaşdırır.
“Bu işin “dəmlənməsinə” vaxt lazım idi”
– Bu layihə üçün niyə məhz Alim Qasımovu seçdiniz? Düşündünüz ki, duyğu və düşüncələrinizi onun oxuduğu muğamatla daha yaxşı ifadə edə bilərsiniz?
– Torontoda Alim Qasımovla “Məhəbbət” layihəsini təqdim edəndən sonra tamaşaçılar tərəfindən böyük sevgi və anlamla qarşılandığını gördük. Bizim aramızda məhəbbət yarandı. Mən ilk dəfə 2004-cü ildə bunu Alim Qasımova təklif edəndə “təsnif yerlərini oynayarsan“ dedi. Amma mən həm də muğamı oynamaq istədiyimi dedim. Musiqi zamanla işləyir, rəqs zamanı məkanlaşdırır. Biz bu layihəyə o vaxt başladıq. Amma arada fasilə oldu. Bu işin “dəmlənməsinə” vaxt lazım idi…
– 22 il vaxt keçdi…
– Bəli, 22 il… Deyə bilərəm ki indi ilə müqayisədə o vaxtlar daha çox yorulurdum. Cavan olanda çalışırsan, axtarırsan, çox enerji sərf edirsən. Yaşlaşanda isə enerjidən çox, özün olmağı düşünürsən. İndi çağırışlar fərqlidir, dövr dəyişib. Mən tamaşaçılarıma həmişə hörmət edirəm, amma onları tamaşaçı kimi yox, evimə gələn qonaq kimi görürəm. O hörmətə görə, mən onlar üçün obraz yaratmaq, rol oynamaq istəmirəm, özüm olmaq istəyirəm. Əvvəllər mənə deyirdilər ki, səhnədən sənin nəfəsinin səsi gəlir, niyə elə oynayırsan, elə bil nəfəsin kəsiləcək. Amma mən istəyirəm, səhnədə nəfəsim kəsilsin, tamaşaçı mənim çabaladığımı görsün. Mən də insanam. İstəyirəm, zalda oturan insan özünü məndə görsün. Mənim üçün sonda baş əymək ən çətin məqamdır.
– Maraqlıdır…
– Çünki istəyirəm ki, rəqsim bitəndən sonra səhnədən gedim, itim… Səhnədə çalışırsan ki, özün olasan. Adamın qüruru, qorxusu onu rol oynamağa çağırır. Mən oynayanda səhnədə özümə daha yaxınam. Tamaşaçının alqışlarını eşidəndə yenə o maskanın içinə girməliyəm. Mən onları tamaşaçı kimi yox, şahid kimi görmək istəyirəm. Tamaşadan sonra onlara özlərinə gəlməyə vaxt verirəm. Pərdənin çəkilməsini, hamının durub getməsini istəmirəm. Onlar da “sağ ol, o vaxtı bizə verdin, biz səhnədə baş verənləri mənimsəyə bildik”, – deyə təşəkkür edirlər. Mən emosiyalardan istifadə edib tamaşaçını həyəcanlandırmaq istəmirəm. Məni nə coşdurursa, ona uyğun hərəkət edib zala təsir edirəm. Qoy təbii həyəcanlansınlar. Ona görə şahidlərimə çox borcluyam. Onlar müəllim kimidirlər: otururlar, sən özünü sınayırsan və səhvlərini düzəldirsən. Mən buna səhnədə öyrəşdim. Öz zəif tərəflərini görəndən sonra əsəbləşmirsən. Mənə görə rəqs həyatın mühüm bir parçasıdır və səhnəyə deyil, həyata aiddir.
– Siz rəqs edəndə mən hərdən gözümü qapadırdım, yıxılacağınızdan qorxurdum. Yəqin hər konsertdən sonra sizə uzun zaman dincəlmək lazım gəlir…
– Dincəlməyə imkan olsaydı, yaxşı olardı… Amma həyatın tələbi başqadır. Gündəlik işlər, görüşlər var. Yaxınlarda bir dostumla danışanda dedi ki, sənin indi rəqs etmək yox, rəqs qurmaq vaxtındır. Mənsə dedim ki, yox, mənim rəqs edən vaxtım indidir. 40 yaşım olanda həyatdan o qədər ləzzət almırdım. Cavan olanda həyatı mənimsəyirsən. Onun da öz gözəlliyi var. Amma 50 yaşımda daha çox zövq alıram. Bu yaşı keçəndən sonra o yaşantılarını insanlarla bölüşürsən.
Axtarış bitirsə…
– Siz York Universitetinin professoru olmusunuz. Rəqs sizi universitetdən tamam ayırdı?
– Mən Kanadada məktəbi bitirib Vaterloo Universitetində tibb mühəndisliyi ixtisası üzrə təhsil aldım. Amma bu peşə ilə məşğul olmadım. Rəqsi öyrənəndən sonra özümlə “bu gün yolumu dəyişirəm, bu yolu özüm seçmişəm və məsuliyyəti də mənim boynumadır” deyə bir müqavilə bağladım. Dərs verməyi çox sevirəm. York Universitetindəki siniflərim ən populyar siniflər idi. Başqa siniflərin limiti 34 nəfər idisə, mənim dərslərimdə 60-dan çox tələbə olurdu. Mən universitetdə təkcə rəqsi öyrətmirdim. Rəqsin rabitəsini onların gündəlik həyatlarına bağlayırdım. Onların duyğularını, yaddaşlarını rəqsin içinə gətirirdim. Ona görə dərslərimə çox adam gəlirdi. Ancaq hazırda Kanada universitetlərində sənətlə bağlı fakültələrdən büdcəni kəsib texnoloji sahəyə yönəldirlər. Yəni universitetlərin mahiyyəti dəyişdi. Digər tərəfdən, mən dünyadakı tədqiqatlarımı davam etdirmək istəyirdim. Ona görə universitetdən ayrılıb Asiya Tədqiqat Mərkəzində işləməyə başladım. Əlbəttə, mən demirəm ki, sənətkar dahidir, bütün həqiqətləri bilir, amma sənətkar ömür boyu axtarmalıdır. Əgər axtarış bitirsə, yaşamağın mənası da qalmır. Mənə görə, sənəti pul xətrinə davam etdirmək yanlış fikirdir. Yaşamaq lazımdır, amma bizim işimiz əyləndirmək deyil, düşündürməkdir.
– Siz müxtəlif ölkələrdə tədqiqatlar aparırsınız, unudulmuş rəqsləri axtarırsınız və s. Araşdırmalarınızın nəticələrindən razısınızmı?
– Mən türk xalqları üzərində işləmişəm, bilgini sufi, şaman rituallarında axtarmışam. 38 ildir ki, bu işi davam etdirirəm. Əslində, bizim dahilər bunları yazıb-pozublar. Ancaq biz onlara klassik əsər kimi yanaşmışıq, canlı əsər kimi baxmamışıq. Yəni biz yaddaşı arxiv kimi qoruyuruq. Bizə deyiblər ki, onun yeri muzeydir. Amma “Xəmsə”nin yeri muzey deyil, onun yeri gündəlik həyatdadır. Mən keçmişi hazırda yaşayaraq başa düşürəm. Özümə bir metodologiya yaratdım və adını “Hərəkətli yaddaş” qoydum. Bu da ondan irəli gəlir ki, mən gözümü açandan nənəmi görmüşəm. O, Tehranda balaca otağında xalçanın üstündə otururdu. “Atamın evi Bakıdadır, həyətində hovuz, söyüd ağacları, qızılgüllər vardı. Bacım Şəhrəbanı gələrdi, Ramazan günlərində yemək bişirərdik. İftardan sonra – gecə saat 4-də eyvanda çalıb-oynayardıq. Bacımın qulağında iki ağır sırğa vardı. Deyərdi, “bu sırğaları taxırıq ki, bizi yerdə saxlasın”. Nənəm həm oxuyur, həm çalır, həm nağıl danışırdı. O, həyatı mənə belə anladırdı. Mən beş yaşından onun yanında oturmuşam. Ona görə dünyanı nağılla, hisslə, ahla, səslə, nəfəslə, sözlərlə dərk etmişəm. Onları axtarış etmək üçün o vəsiləni muğamda tapdım. Muğamla rəqs etmək mənə təkan verdi. Çox vaxt özüm oxuyub oynayıram. Səs bədənin içindən gələndə fərqli duyğudur. Mən onun adını “səsli bədən” qoymuşam. Azərbaycan muğamının əsli-kökü olub. İran, Ərəbistan, Mərakeş, Banqladeş, Özbəkistan, Qırğızıstanda da bunların hamısını sınaqdan keçirmişəm.
“Hara gedirəmsə, orada yurd salıram”
– Amma ən çox özünüzü Azərbaycan muğamı ilə ifadə edə bilmisiniz…
– Azərbaycan muğamının özəlliyi aşıq nəfəsinin içində olmasıdır. 32 ildir bu sahədə peşəkar olaraq işləyirəm. Bu illər ərzində 40-dan çox məmləkətdə işləmişəm, dərs vermişəm, səhnədə olmuşam, yaşamışam. Yəni bugünkü təcrübələrimi kitabxanada qazanmamışam. Mənim üçün bilgi həyatdan gəlməlidir.
– Sizin yaratdığınız “Saşar Zərif” rəqs teatrı hazırda necə fəaliyyət göstərir?
– 15 ildir ki, köçəri fəaliyyət göstərirəm. Həm studiyamı köçəri etdim, həm özüm səyyar oldum. Hara gedirəmsə, orada yurd salıram. Kanadada bir yerdə fəaliyyət göstərmək çoxlu xərc istəyir. Ona görə studiyamı səyyar etdim. Amma Kanadada yaşadığım üçün orada hər il proqramlarım olur. Bakıdakı konsertimdən sonra Özbəkistana, sonra Banqladeşə, Türkiyəyə və İspaniyaya gedəcəyəm.
– Azərbaycanla bağlı daha hansı planlarınız var?
– Burada layihələr hazırlamağı düşünürəm. Azərbaycanın kiçik kənd və şəhərlərini gəzmək, oralarda bir az qalmaq istəyirəm. Nənələri çox sevirəm. Rəhmətlik nənəm beş yaşıma qədər mənə o qədər sərvət verdi ki, indi də tükənmir. Ona görə də ağsaqqal və ağbirçəkləri çox sevirəm. Həyatı bir yerdə saxlayan da elə onlardır.