Kanada Sərhəd Xidməti Agentliyi (CBSA) tərəfindən açıqlanan statistikaya əsasən, Kanadada deportasiya halları son illərdə nəzərəçarpacaq dərəcədə artıb.
2020-ci ildə ölkə üzrə ümumilikdə 12,858 nəfər deportasiya edildiyi halda, bu rəqəm 2025-ci ildə 23,160 nəfərə yüksəlib. Bu, son beş ildə demək olar ki, ikiqat artım deməkdir.
Ən çox deportasiya edən əyalətlər
Ən yüksək deportasiya göstəriciləri ənənəvi olaraq Kvebek və Böyük Toronto Ərazisində (Greater Toronto Area (GTA)) qeydə alınıb.
Kvebekdə deportasiya sayı 2020-ci ildə 5,924 olduğu halda, 2025-ci ildə 10,628-ə çatıb. GTA-da isə bu rəqəm 2020-ci ildə 4,500, 2025-ci ildə isə 7,162 olub.
2026-cı ilin ilk rübü (yanvar–mart) üzrə isə artıq 5,260 nəfər ölkədən çıxarılıb. Bu dövrdə:
Kvebek: 2,886 nəfər
GTA: 1,286 nəfər
Pasifik: 441 nəfər
Məlumatlar göstərir ki, deportasiyaların böyük hissəsi əsasən əhalinin sıx olduğu və immiqrantların daha çox yaşadığı regionlarda baş verir. Ümumilikdə isə statistika Kanadada immiqrasiya nəzarətinin son illərdə xeyli sərtləşdiyini ortaya qoyur.
Ən çox hansı ölkə vətəndaşları deportasiya edilir?
Kanadadan deportasiya edilən şəxslərin vətəndaşlıq üzrə bölgüsü də illər üzrə dəyişkən dinamika göstərir. 2020-ci ildə ən çox deportasiya edilənlər arasında Hindistan (1,424 nəfər), Meksika (1,391 nəfər), Pakistan (1,011 nəfər), Çin (847 nəfər), Rumıniya (630 nəfər) yer alıb. Ümumi deportasiya sayı isə 12,858 nəfər olub.
2023-cü ildə Türkiyənin də adı ilk 10-luqda yer alıb.
2025-ci ildə deportasiya sayı artaraq 23,160 nəfərə çatıb. Bu il də Meksika 4,837 nəfərlə liderliyini qoruyub. Hindistan (3,779 nəfər) ikinci yerdə qərarlaşıb.
2026-cı ilin ilk 3 ayında ümumi deportasiya sayı 5,260 nəfər təşkil edib. Bu dəfə ən çox deportasiya olunanlar Hindistan vətəndaşlarıdır – 1,712 nəfər. Meksika isə 743 nəfərlə ikinci yerə düşüb. Siyahıda Haiti, ABŞ və Kolumbiya da yer alır.
2025-ci ildə deportasiyalarda ciddi artım qeydə alınıb. 2026-cı ilin rəqəmləri hələ tam il üzrə olmadığı üçün daha aşağı görünür. Hindistan 2026-cı ildə əsas mənbə ölkəyə çevrilib
Əsas səbəb: immiqrasiya qaydalarına əməl etməmək
Məlumatların təhlili göstərir ki, deportasiyaların böyük əksəriyyəti immiqrasiya qaydalarının pozulması səbəbindən baş verir. Xüsusilə qaçqın statusu ilə bağlı müraciət edən şəxslər bu kateqoriyada üstünlük təşkil edir.
2025-ci ildə deportasiya səbəbləri:
- Qaçqın kimi müraciət edənlər– 19,225 nəfəri
- Digər səbəblər üzrə – 2,549 nəfər
Cinayətkarlıq faktoru da təsir edir
Deportasiyaların digər mühüm səbəbləri arasında cinayətkarlıq, mütəşəkkil cinayət fəaliyyəti, yanlış məlumat təqdim edilməsi yer alır. Cinayətkarlıq səbəbi ilə deportasiyalar 2020-ci ildə 584 nəfər olduğu halda, 2025-ci ildə 934 nəfərə yüksəlib.
Deport sayının artıma səbəbi nədir?
Mütəxəssislər deportasiya sayının artmasını bir neçə faktorla izah edir:
- İmmiqrasiya nəzarətinin gücləndirilməsi
- Qaçqın müraciətlərinin sayının artması
- Sərhəd təhlükəsizliyi tədbirlərinin sərtləşdirilməsi
- Qanun pozuntularına qarşı daha ciddi yanaşma
Gələcək proqnoz
2026-cı ilin ilk rüb göstəriciləri nəzərə alınarsa, ilin sonuna qədər deportasiya sayının yenidən yüksək səviyyədə qalacağı gözlənilir.
Kanadada deportasiya statistikası ölkənin immiqrasiya siyasətində daha sərt və nəzarətli mərhələyə keçdiyini göstərir.
Foto: Hermes Rivera / Unsplash