Ontario hökuməti orta məktəb şagirdlərinin qiymətləndirilməsi ilə bağlı yeni qaydalar açıqlayıb. 2026–2027-ci tədris ilindən etibarən 9–12-ci siniflərdə bir sıra əsas fənlər üzrə yazılı imtahanlar yekun qiymətin müəyyən hissəsini təşkil edəcək.
Hökumətin bildirdiyinə görə, bu dəyişiklik qiymətləndirmədə daha çox ardıcıllıq yaradacaq və yekun qiymətlərin hesablanması üçün daha aydın standartlar müəyyən edəcək. Məqsəd həmçinin şagirdlərin kollec və universitet təhsilinə daha yaxşı hazırlaşmasına kömək etməkdir.
Yeni qaydalara əsasən:
- 9 və 10-cu siniflərdə: Riyaziyyat, İngilis dili və Elm fənlərində yazılı imtahan yekun qiymətin 20 faizini təşkil edəcək.
- 11 və 12-ci siniflərdə: Həmin fənlər üzrə yazılı imtahan yekun qiymətin 25 faizini təşkil edəcək.
- Digər fənlərdə: Kompüter elmləri və humanitar fənlər kimi kurslarda yekun qiymət yazılı imtahan və yekun layihə arasında bölünəcək.
9–10-cu siniflərdə bu bölgü 10% imtahan, 10% layihə, 11–12-ci siniflərdə isə 15% imtahan, 15% layihə olacaq.
Bəzi kurslar, o cümlədən iş hazırlığı proqramları və kooperativ təcrübə (co-op) kursları yekun imtahanlardan azad ediləcək.
Bundan əlavə, təhsil naziri Paul Kalandra bildirib ki, Ontario hökuməti müəllimlər üçün yeni rəqəmsal təhsil platformasının tətbiqinə 60 milyon dollar investisiya ayırır. “Nelson Education” şirkətinin hazırladığı Edvin platforması müəllimlərə hazır dərs planları, interaktiv fəaliyyətlər, videolar və təqdimatlar təqdim edəcək.
Təhsil Nazirliyinin açıqlamasına görə, yeni sistem müəllimlərin dərs hazırlığını asanlaşdıracaq və şagirdlər üçün daha vahid tədris standartları yaradacaq.