Britaniya Kolumbiyasının (B.C.) Okanagan bölgəsində itin hücumuna məruz qalan qadın, heyvanın sahibini səhlənkarlıqda günahlandıraraq məhkəməyə verib və nəticədə ona 392 min dollardan çox təzminat ödənilməsi barədə qərar çıxarılıb. “CTV News”un yazdığına görə, lisenziyalı praktik tibb bacısı olan Kaarina Şrott iddiasını Britaniya Kolumbiyası Ali Məhkəməsində qazanıb. Məhkəmə qərarı itin sahibi, cavabdeh Joeslin Gaetan Roger mülki iddiaya cavab vermədiyi üçün onun iştirakı olmadan çıxarılıb.
Məhkəmədə bildirilib ki, hücum nəticəsində Şrottun dizi ciddi zədələnib. Hakim Karrie Volfi qərarında qeyd edib ki, qadının aldığı xəsarətlər onun əvvəllər zövq aldığı fəaliyyətlərlə məşğul olmasını ciddi şəkildə məhdudlaşdırıb. Şrott əvvəllər xizək sürürdü, bağçılıqla məşğul olurdu, aktiv həyat tərzi keçirirdi, uşaqlarının həyatında fəal iştirak edirdi. Qərarda qeyd olunur ki, qadın bəzi fəaliyyətlərinə qayıda bilsə də, artıq bir çox işi ya ümumiyyətlə görə bilmir, ya da əvvəlki səviyyədə yerinə yetirə bilmir.
İt ipsiz gəzdirilirmiş
Şrott bildirib ki, hadisə 2020-ci ilin dekabrında Vernon şəhərində qaçış etdiyi zaman baş verib. Məhkəmənin məlumatına görə, o, park edilmiş yük avtomobilinin yaxınlığında iri cüssəli və ipsiz gəzdirilən itlə qarşılaşıb. İt əvvəlcə onun dirsəyindən dişləyib, sonra qadını silkələyərək yerə yıxıb. Şrott bildirib ki, qışqırmağa başlayandan sonra cənab Rocer yük avtomobilindən düşərək iti ondan uzaqlaşdırıb. Rocer həmçinin adını və telefon nömrəsini də qadına verib.
Evə sürünərək daxil olub
Qadın bildirib ki, sol ayağı üzərində dura bilmədiyi halda avtomobili özü idarə edərək evinə gedib. Evə çatdıqdan sonra isə qışqıra-qışqıra sürünərək içəri girib və kömək istəyib.
Bir neçə gün sonra əməliyyat olunub. Xəstəxanadan qoltuqağacı ilə evə buraxılan Şrott uzun müddət reabilitasiya keçib. Müalicə müddətində o, fizioterapiya, masaj, pilates məşqləri, trombositlə zəngin plazma (PRP) inyeksiyaları kimi müxtəlif müalicə üsullarından istifadə edib. Lakin davam edən ağrılar səbəbindən iki ildən çox vaxt keçdikdən sonra ikinci dəfə əməliyyat edilib. O əlavə edib ki, xüsusilə qış və yaz aylarında diz ağrısı demək olar ki, gün ərzində heç vaxt keçmir.
Həkim: Xəsarətlər daimi ola bilər
Hadisədən əvvəl Şrott “One Step Foot Care Inc.” adlı ayaq baxımı üzrə şirkətin sahibi idi və əsasən özü tibb bacısı kimi xidmət göstərirdi. Onun işi uzun müddət əyilməyi və diz üstə işləməyi tələb edirdi. Məhkəmədə ifadə verən həkim bildirib ki, Şrott artıq bu işi daimi şəkildə görə bilməyəcək. Həkimin rəyinə əsasən, qadın diz üstə çökə, çömbələ, sürünə, uzun müddət əyilmiş vəziyyətdə otura bilmir. Həkimin fikrincə, Şrottun mövcud simptomları böyük ehtimalla daimi xarakter daşıyacaq və onun tam sağalması gözlənilmir.
Məhkəmədə bildirilib ki, Şrott bir müddət işləməyə davam etməyə çalışsa da, fiziki vəziyyəti buna imkan verməyib. Nəticədə o, 2024-cü ilin iyul ayında şirkətini əməkdaşlarından birinə satmalı olub.
İtin sahibinə məhkəmə bildirişi çatdırmaq mümkün olmayıb
Qadın hadisədən bir il sonra, 2021-ci ilin noyabrında məhkəməyə müraciət edib. Lakin cavabdehə rəsmi məhkəmə bildirişini çatdırmaq mümkün olmayıb.
Bildirişi ona nə Squamish-Lillooet Regional District bölgəsində sahib olduğu əmlak ünvanında, nə də əmlak sənədlərində göstərilən Surrey şəhərindəki ünvanında təqdim etmək mümkün olub.
Buna görə də məhkəmə cavabdehin iştirakı olmadan qərar çıxarıb və Şrotta 392 min dollardan çox məbləğdə təzminat ödənilməsinə hökm verib. Bu məbləğə aşağıdakılar daxildir:
200 000$ – gələcək qazanc imkanlarının itirilməsinə görə;
145 000$ – mənəvi və qeyri-maddi ziyana görə;
30 000$ – gələcək tibbi qulluq və müalicə xərcləri üçün;
17 352$ – xüsusi (birbaşa) maddi ziyana görə.
Bundan əlavə, Səhiyyə Xərclərinin Bərpası Qanunu çərçivəsində 8 893 dollar, eləcə də hüquqi xərclərin ödənilməsi üçün birdəfəlik 19 000 dollar məbləğində vəsaitin də ödənilməsinə qərar verilib.
Foto: Canva