[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Cırtdan və Tıq-Tıq xanım yüz minlərlə kanadalının qarşısına çıxdı

Alberta Azərbaycanlıları Assosiasiyası “Calgary Stampede Paradı”nda ardıcıl üçüncü dəfə Azərbaycanı təmsil etdi. Azərbaycanın mədəni irsini əks etdirən rəngarəng platforma, Qız Qalasının maketi, Azərbaycan xalçaçılıq sənəti, Qarabağ atları və ilk dəfə olaraq tam ölçülü maskotlar şəklində canlandırılan sevimli Azərbaycan nağıl qəhrəmanları Cırtdan və Tıq-Tıq Xanım ötən həftə yüz minlərlə tamaşaçının böyük marağına səbəb oldu.

Bu barədə “CanAzerbaijan”a Azərbaycanın “Calgary Stampede Paradı” layihəsinin rəhbəri İradə Şamilova məlumat verdi: “2026-cı il paradı Azərbaycanın Kanadanın ən möhtəşəm və ən geniş auditoriyaya malik olan tədbirlərindən birində iştirakının davamı olmaqla yanaşı, ölkəmizin ən sevilən nağıl qəhrəmanlarından ikisini ilk dəfə Şimali Amerika auditoriyasına geniş şəkildə təqdim etdi. Cırtdan və Tıq-Tıq Xanımın səmimi və şən çıxışı hər yaşdan olan tamaşaçıların gülümsəməsinə, alqışlamasına və onları böyük coşqu ilə qarşılamasına səbəb olaraq unudulmaz mədəni hadisəyə çevrildi”.

İ.Şamilovanın sözlərinə görə, könüllülərin əməyi ilə hazırlanıb qurulan Azərbaycan platforması ölkəmizin zəngin mədəni irsini, adət-ənənələrini nümayiş etdirdi: “Milli rəmzlər, rəngarəng bəzəklər, ənənəvi musiqi və milli geyimlərlə bəzədilmiş platforma Azərbaycanın özünəməxsus kimliyini nümayiş etdirərək Kanadanın çoxmədəniyyətli cəmiyyətində mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdi”.

Müsahibimiz deyir ki, biz Kanadada sayca kiçik bir icmanı təmsil edirik və “Calgary Stampede Paradı” kimi imkanlar bizim üçün əvəzolunmazdır: “Paradın Kalqarinin beş əsas televiziya kanalı tərəfindən işıqlandırılması, küçələr boyunca təxminən 300 min tamaşaçının toplaşması və milyonlarla insanın tədbiri onlayn izləməsi Azərbaycanın, zəngin mədəni irsimizin  Kanadada daha geniş tanınması və icmamızın səsinin daha geniş auditoriyaya çatdırılması  üçün unikal fürsətdir. Biz Cırtdan və Tık-Tık Xanımı ilk dəfə məhz “Calgary Stampede Paradı”nda maskotlar kimi təqdim etməkdən böyük qürur duyuruq”.

İ.Şamilovanın sözlərinə görə, bu nailiyyət həftələrlə davam edən planlaşdırma, dizayn, quruculuq işləri, maskotların hazırlanması və fədakar könüllü əməyi sayəsində mümkün oldu: “İcma üzvləri Azərbaycanın yaradıcılıqla, yüksək peşəkarlıqla və qürurla təmsil olunması üçün saysız-hesabsız saatlar sərf etdilər. Bu il parad həm də xüsusi əhəmiyyət daşıdı. Recaynadan Kalqariyə 8 saat maşın sürərərk gələn həmyerlilərimiz – Recayna Azərbaycan Mədəniyyət Assosiasiyası da ilk dəfə olaraq bizimlə birlikdə “Calgary Stampede Paradı”na qoşuldu”.

İ.Şamilova Azərbaycan platformanın hazırlanmasında və təqdimatında əməyi keçən bütün könüllülərə, sponsorlara, dəstəkçilərə və icma üzvlərinə minnətdarlığını bildirdi.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp

Bizim məkan

Çox oxunanlar