[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

“Xarici vətəndaşların çalışdığı işlərin çoxunda yerli gənclər işləmək istəmir”

Den Kelli: “Müvəqqəti Xarici İşçilər Proqramı gənclər arasında işsizliyin artmasına görə günahlandırmaq üçün əlverişli hədəfə çevrilsə də, bu iddia faktlarla təsdiqlənmir”

Kanadada gənclər arasında işsizlik səviyyəsi yüksək olaraq qaldığı bir vaxtda Müvəqqəti Xarici İşçilər Proqramı (Temporary Foreign Worker Program – TFWP) yenidən tənqid hədəfinə çevrilib. Bəzi tənqidçilər hesab edirlər ki, bu proqram kanadalı gənclərin iş tapmasını çətinləşdirir. Lakin yeni araşdırma bunun doğru olmadığını göstərir.

Kanada Müstəqil Biznes Federasiyasının (CFIB) prezidenti Den Kelli yayımladığı açıqlamada bildirib: “TFWP gənclər arasında işsizliyin artmasına görə günahlandırmaq üçün əlverişli  hədəfə çevrilib. Amma bu iddia faktlarla təsdiqlənmir”.

CFIB-in yeni araşdırmasına əsasən, müvəqqəti xarici işçilərin işlədiyi vəzifələr əsasən kanadalı gənclərin işləmək istəmədiyi və ya işləməyə meylli olmadığı işlərdir.

Araşdırma bu ilin əvvəlində kiçik bizneslərin işçi ehtiyacları ilə iş axtaran gənclərin gözləntilərini müqayisə edən hesabatın nəticələri və bizneslərin vəziyyətini qiymətləndirən aylıq sorğunun məlumatları əsasında hazırlanıb.

Den Kelli bildirib ki, kanadalı gənclər gecə növbəsində mətbəxdə işləmək və ya kənd və ucqar bölgələrdə iş axtarmırlar: “Bu proqramı ləğv etmək həmin işləri gənclərə verməyəcək. Əksinə, işçi çatışmazlığını daha da artıracaq və digər kanadalıların da iş yerlərini risk altına salacaq”.

Gənclər arasında işsizlik azalsa da, pandemiyadan əvvəlki səviyyədən yüksəkdir

Kanada Statistika Komitəsinin (Statistics Canada) məlumatına görə, 15-24 yaş arasında işsizlik səviyyəsi iyunda 0,7 faiz azalaraq 12,7 faizə düşüb.

Lakin bu rəqəm hələ də 2017-2019-cu illərdə pandemiyadan əvvəl qeydə alınan orta 10,8 faizdən yüksəkdir.

Xarici işçilər hansı işlərdə çalışırlar?

TFWP proqramının ən sərt tənqidçilərindən biri Mühafizəkarlar Partiyasının lideri Pyer Puelyevrdir. O, ötən ilin sonunda Baş nazir Mark Karninin hökumətini proqramı tamamilə ləğv etməyə çağırmışdı.

Bunun əksinə olaraq, CFIB hesab edir ki, proqram xüsusilə kiçik bizneslər üçün böyük əhəmiyyət daşıyır. Çünki kənd və ucqar bölgələrdə yerli işçi tapmaq çətin olduğundan, xarici işçilər həmin boşluğu doldururlar.

Federasiyanın məlumatına görə, Kanadada müvəqqəti xarici işçilərin təxminən 32 faizi kənd təsərrüfatında məhsul yığımı ilə məşğul olan fəhlələrdir. Bu işlər ağır fiziki əmək tələb edir, açıq havada görülür və mövsümidir.

Bundan başqa, xarici işçilərin ən çox çalışdığı sahələr bunlardır:

  • tinglik və istixana işçiləri;
  • restoran və qida xidməti üzrə nəzarətçilər;
  • aşpazlar;
  • heyvandarlıq təsərrüfatlarında çalışan fəhlələr.

Bu işlərin əksəriyyəti qeyri-standart iş saatları, mövsümi məşğulluq və ya kənd yerlərində işləməyi tələb edir.

Yerli işçi tapmaq mümkün deyil

CFIB-in son araşdırmasına əsasən, TFWP proqramından istifadə edən hər 10 biznesdən 9-u bildirir ki, həmin vakant yerləri yerli işçilərlə doldurmaq mümkün deyil.

Araşdırma göstərir ki, gənclər bu işlərə maraq göstərsələr belə, əksəriyyəti başqa şəhərə və ya kəndə köçməyə hazır deyil.

Sorğunun nəticələrinə görə:

  • yalnız 19 faiz xidmət sektorunda işləmək üçün başqa şəhərə köçməyə razıdır;
  • cəmi 8 faiz kiçik şəhər və ya kəndə köçməyi düşünür;
  • yalnız 3 faiz isə ucqar yaşayış məntəqəsində işləməyi qəbul edə bilər.

CFIB-in siyasət üzrə analitiki Molli MakKormak bildirib ki, şəhərlərdə yaşayan gənclər səhər saat 5-də kənddə yerləşən çörək sexində işləmək üçün növbəyə düzülməyiblər: “Əksini iddia etmək və bizneslərin işçi tapmasına mane olmaq həmin işlərin görülməsinə kömək etmir”.

CFIB hesab edir ki, proqram təkcə qorunub saxlanılmamalı, həm də davam etdirilməlidir. Federasiyanın fikrincə, proqram ləğv edilərsə və ya ciddi şəkildə məhdudlaşdırılarsa, çoxlu sayda kiçik biznes fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq və bu da kanadalılar üçün əlavə iş yerlərinin itirilməsinə səbəb olacaq.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp