Alberta Seçki Təşkilatının ilkin nəticələrinə görə, seçicilərin üçdə ikisindən çoxu əyalətin müstəqilliyi əvəzinə Kanadanın tərkibində qalmasına səs verib.
Bazar ertəsi keçirilən referendum Qərbi Kanadada yerləşən Alberta əyalətində ayrılma məsələsi üzrə ictimai səsvermənin keçirilməsinə nail olmaq istəyən separatçıların bir neçə ay davam edən kampaniyasının nəticəsi idi.
Əyalətin baş naziri Danielle Smiz ilkin nəticələri alqışlayaraq bildirib: “Albertalılar vahid Kanada daxilində daha güclü Alberta üçün səs veriblər”.
Baş nazir D.Smiz özü separatçıların təşəbbüsünə qarşı olsa da, əhalinin səsvermə keçirilməsi istəyinin danılmaz olduğunu deyib. Onun təmsil etdiyi Birləşmiş Mühafizəkarlar Partiyasının bir çox tərəfdarı da Albertanın Kanadadan ayrılaraq müstəqil ölkə olmasını dəstəkləyirdi.
Albertaya müstəqillik istəyənlər bildirirdilər ki, neftlə zəngin Alberta əyalətinin iqtisadi inkişafı Ottavada yerləşən federal hökumətin ekoloji siyasəti səbəbindən məhdudlaşdırılıb.
Lakin Kanadanın parçalanmasına qarşı çıxanlar, o cümlədən Mark Karni, ABŞ-la davam edən ticarət müharibəsi də daxil olmaqla, xarici təzyiqlər qarşısında ölkənin birlik nümayiş etdirməsinin vacibliyini vurğulayırdılar.
Bazar ertəsi keçirilən səsvermənin əsas sualı belə olub: “Alberta Kanada əyaləti olaraq qalmalıdır, yoxsa Alberta hökuməti Kanada Konstitusiyasına uyğun olaraq Albertanın Kanadadan ayrılıb-ayrılmaması barədə hüquqi qüvvəyə malik əyalət referendumunun keçirilməsi üçün zəruri hüquqi prosesi başlatmalıdır?”
Bu, Kvebekdə 1980 və 1995-ci illərdə keçirilən iki referendumdan sonra Kanadanın hər hansı əyalətində ayrılma məsələsinin səsverməyə çıxarıldığı ilk haldır.
Hər iki referendum uğursuz olub. Bununla belə, Alberta separatçıları hesab edirlər ki, Kvebek müstəqillik təhlükəsindən istifadə edərək Kanadanın federal hökuməti üzərində ciddi siyasi təsir gücü əldə edib.
D.Smiz səsvermədən əvvəl bildirmişdi ki, əgər albertalılar Kanadanın tərkibində qalmağı seçsələr, ayrılma ilə bağlı hüquqi qüvvəyə malik referendum keçirilməyəcək – ən azı, o, hakimiyyətdə olduğu müddətdə.
Separatçı liderlər bildiriblər ki, öz məqsədlərinə daha çox rəğbət bəsləyən bir şəxsin rəhbər seçilməsinə nail olmaq ümidi ilə D.Smizi onun təmsil etdiyi Birləşmiş Mühafizəkarlar Partiyasının rəhbərliyindən uzaqlaşdırmağa çalışacaqlar.
Bazar ertəsi keçirilən səsvermə bülletenində hüquqi qüvvəyə malik olmayan daha doqquz sual da yer alıb.
Bu suallardan beşi immiqrasiya, digər dördü isə Kanada Konstitusiyası ilə bağlı olub.
İlkin nəticələr göstərir ki, təkliflərin əksəriyyəti qəbul edilə bilər. Bunlara əyalətin immiqrasiya səviyyələrinə nəzarət imkanlarının artırılmasını nəzərdə tutan təkliflər də daxildir.
Foto: Jeff McIntosh/The Canadian Press