Mobil telefonunuzda illərlə şəxsi yazışmalar, fotoşəkillər, elektron məktublar və sosial media fəaliyyətinizlə bağlı məlumatlar ola bilər. İmmiqrasiya hüquqşünasları bildirirlər ki, ABŞ sərhədini keçərkən sərhəd əməkdaşlarının telefonunuzu yoxlamaq istəməsi ehtimalına hazır olmalısınız.
ABŞ İkinci Dairə Apellyasiya Məhkəməsinin son qərarı bu məsələyə yenidən diqqət çəkib. Məhkəmə ABŞ hökumətinin sərhəddə mobil telefon axtarışı aparmaq üçün sərhəd əməkdaşlarında əsaslı şübhə yaranmasının vacib olmadığına qərar verib.
Torontoda fəaliyyət göstərən hüquqşünas Joel Sandaluk CTVNews.ca-ya bildirib ki, uzun müddətdir ABŞ sərhəd əməkdaşlarının elektron cihazları yoxlamaq üçün geniş səlahiyyətləri var, lakin son dövrlərdə bu təcrübədən daha çox istifadə olunur.
Onun sözlərinə görə, bu, yeni bir praktika deyil. ABŞ sərhəd əməkdaşlarının elektron cihazlar, o cümlədən mobil telefonlar və noutbukları yoxlamaq səlahiyyətləri 2026-cı ilin yanvarından daha da genişlənib və artıq belə yoxlama üçün əsaslı şübhənin olması tələb edilmir.
J.Sandaluk bildirib ki, bu səlahiyyətlərdən daha çox istifadə olunması səbəbindən immiqrasiya hüquqşünasları səfərdən əvvəl müştərilərini bu barədə xəbərdar edirlər.
Belə yoxlamalar həm ABŞ-Kanada quru sərhədində, həm də sərnişin təyyarəyə minməzdən əvvəl ABŞ gömrük və immiqrasiya prosedurlarının həyata keçirildiyi Kanada hava limanlarında baş verə bilər.
Sərhəd əməkdaşları telefonda nə axtara bilər?
J.Sandalukun sözlərinə görə, mobil telefonun yoxlanılması zamanı şəxsin sosial media hesablarına, mesajlarına və elektron məktublarına baxıla bilər.
Onun sözlərinə görə, əməkdaşlar səfər edən şəxsin ABŞ-a həqiqətən bildirdiyi məqsədlə gəlib-gəlmədiyini müəyyənləşdirməyə kömək edə biləcək məlumatları axtara bilərlər.
Məsələn, sosial media paylaşımları həmin şəxsin əslində ABŞ-da işləmək və ya ölkədə qeyri-müəyyən müddət qalmaq niyyətində olduğuna dair suallar yarada bilər.
J.Sandaluk həmçinin bildirib ki, sərhəd əməkdaşlarının telefonda nələri yoxlaya biləcəyi ilə bağlı konkret məhdudiyyət yoxdur.
Telefonun yoxlanılmasından imtina etmək ABŞ-a girişə mane ola bilər
Vaşinqton ştatında fəaliyyət göstərən immiqrasiya hüquqşünası Leonard D.M. Saundersin sözlərinə görə, səfər edən şəxs telefonunun parolunu təqdim etməkdən imtina edə bilər. Lakin bu halda sərhəd əməkdaşları cihazı “yoxlanılması mümkün olmayan” cihaz kimi qiymətləndirə bilərlər.
Əgər cihaz yoxlanıla bilməyən hesab edilərsə, şəxsin ABŞ-a girişinə icazə verilməyə bilər.
J.Sandaluk məsləhət görür ki, sərhədə gedərkən telefonun yoxlanılması ehtimalına hazır olmalı və səfərin məqsədi ilə bağlı dürüst məlumat verməlisiniz: “Bilin ki, cihazınız çamadanınız kimi asanlıqla yoxlanıla bilər və orada sərhəd əməkdaşının görməsini istəmədiyiniz heç bir məlumatın olmamasına diqqət edin”.