Ontario əyalətində tətbiq olunacaq rəqəmsal şəxsiyyət vəsiqələrinə gələcəkdə sürücülük vəsiqələri də daxil ediləcək.
Daq Ford hökuməti rəqəmsal sənədləri mərhələli şəkildə istifadəyə verməyi planlaşdırır. İlk mərhələdə Ontario Photo Card, yəni sürücülük vəsiqəsi olmayan sakinlər üçün nəzərdə tutulmuş fotoşəkilli şəxsiyyət kartı rəqəmsallaşdırılacaq. Daha sonra sistemin sürücülük vəsiqələrini və sağlıq kartları da əhatə etməsi nəzərdə tutulur.
Eyni zamanda, fiziki şəxsiyyət vəsiqələri sakinlər üçün əlçatan qalacaq. Rəqəmsal sənədlər könüllü olacaq.
Əyalət hökumətinin məlumatına görə, rəqəmsal sənədlərin hazırlanması ilə bağlı məsləhətləşmələrə bu ilin sonunda başlanacaq. Daha sonra Ontario Photo Cardın rəqəmsal versiyası istifadəyə veriləcək. Beləliklə, sakinlər kartlarını mobil telefonlarında saxlaya, həm onlayn, həm də şəxsən müxtəlif xidmətlərdən istifadə edərkən təqdim edə biləcəklər.
Hökumətin açıqlamasında bildirilib ki, hazırkı elan, gələcək məsləhətləşmələr və Ontario Photo Cardın sınaqdan keçirilməsi sonrakı mərhələdə rəqəmsal sürücülük vəsiqələrinin və tibbi kartların təhlükəsiz şəkildə tətbiqinə zəmin yaradacaq.
Qeyd edək ki, Alberta, Kvebek və Britaniya Kolumbiyası rəqəmsal şəxsiyyət sənədələrindən istifadə edir.