Kanadanın Kvebek əyalətində elektrik və plug-in hibrid avtomobillərin sahibləri yeni ilin əvvəlindən etibarən avtomobillərinin qeydiyyatı üçün əlavə ödəniş etməli olacaqlar.
2027-ci il yanvarın 1-dən etibarən müəyyən edilən illik ödənişlər belə olacaq:
– 🚗 Tam elektrik avtomobilləri: 125 dollar;
– 🔋 Plug-in hibrid avtomobillər: 62,50 dollar.
Kvebek Avtomobil Sığortası Şurasının (SAAQ) onlayn məlumatında bildirilir ki, avtomobil ilk dəfə qeydiyyata alınarkən əlavə ödəniş edilməlidir. Bundan sonra isə qeydiyyat hər il yenilənərkən həmin məbləğ yenidən ödənilməlidir.
SAAQ bildirir ki, bu ödənişlərin tətbiqində məqsəd elektrik və plug-in hibrid avtomobil sahiblərinin ölkənin yol infrastrukturu və ictimai nəqliyyat sisteminin maliyyələşdirilməsinə töhfə verməsini təmin etməkdir.
Benzinlə işləyən avtomobillərin sahibləri isə yol infrastrukturunun maliyyələşdirilməsinə yanacaq vergisi vasitəsilə töhfə verirlər.
Qeyd edək ki, bu dəyişiklik Kvebek hökumətinin 2025-ci ildə qəbul etdiyi büdcə tədbirləri çərçivəsində həyata keçirilir.