Kitabın təqdimatı Türkiyədə keçirilib
Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin İdarə Heyətinin üzvü Dr. Nazilə İsgəndərovanın “Müsəlman qadınlar, məişət zorakılığı və psixoterapiya” (“Muslim Women, Domestic Violence and Psychotherapy”) kitabının türk dilinə tərcüməsinin İstanbulda təqdimat mərasimi keçirilib.
Bu barədə Emmanuel Kollecinin rəsmi İnstagram səhifəsi paylaşım edib. Məlumata görə, ilk dəfə Routledge nəşriyyatı tərəfindən çap olunan “Müsəlman qadınlar, məişət zorakılığı və psixoterapiya” (Muslim Women, Domestic Violence and Psychotherapy) kitabı qadınların yaşantıları, dini inancları və psixi sağlamlığı arasındakı əlaqələri araşdırıb.
Kitabın tərcüməsi Toroonto Universitetinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Kitabın təqdimatı bu il oktyabrın 23–27-də Türkiyənin İstanbul şəhərində keçirilən Mərkəzi Avrasiyada Müsəlman Cəmiyyətləri üzrə 9-cu Forum çərçivəsində təşkil olunub.
Forum Bilik İnteqrasiyası İnstitutu (IKI), İbn Haldun Universitetinin Sivilizasiyalar Alyansı İnstitutu (MEDIT) və Beynəlxalq İslam Düşüncəsi İnstitutu (IIIT) tərəfindən birgə təşkil edilib.
Emmanuel Kollecinin rəsmi İnstagram səhifəsində həmyerlimizi belə təbrik ediblər: “Dr. Nazila İsgəndərovanı bu mühüm nailiyyət münasibətilə təbrik edir, elmi araşdırmalarını daha geniş beynəlxalq auditoriya ilə bölüşmək imkanının yaranmasına sevinirik!”.
Kitabın başqa dillərə də tərcüməsi nəzərdə tutulub.