“Ekran beyin quruluşunu dəyişdirə, idrak funksiyalarına təsir edə və yaddaşın, öyrənmənin formalaşmasını poza bilər”
Yeni araşdırmaya görə, ekran qarşısında çox vaxt keçirmək (screen time) Ontarioda minlərlə şagird arasında zəif akademik göstəricilərlə əlaqələndirilib.
“Ekran qarşısında normadan artıq oturmaq uşaqların beyin quruluşunu dəyişdirə, idrak funksiyalarına təsir edə və yaddaşın, öyrənmənin formalaşmasını poza bilər”, – deyə tədqiqatda qeyd olunub.
Araşdırma 15 il müddətində (2008–2023-cü illər arasında) 3,322 uşağın valideyni tərəfindən ekran vaxtının izlənilməsinə əsasən aparılıb və bu göstəriciləri 3 və 6-cı sinif şagirdlərinin standart test nəticələri ilə müqayisə edib. Nəticədə, 8 yaşından əvvəl ekran qarşısında daha çox vaxt keçirməyin həm oxu, həm də riyaziyyat fənlərində aşağı nəticələrlə əlaqəli olduğu müəyyən edilib.
“Ekran vaxtı əksər ailələrin gündəlik həyatının bir hissəsidir və xüsusilə televizor və rəqəmsal mediaya yüksək məruz qalma uşaqların akademik nəticələrinə hədsiz dərəcədə təsir göstərə bilər”, – deyə araşdırmanın aparıcı müəllifi və SickKids Xəstəxanasının pediatrı Dr. Ketrin Birken bildirib.
Video oyunlar oynayan qızların oğlanlara nisbətən daha aşağı akademik nəticələr göstərdiyi müəyyən edilib. Ekran vaxtının yazı bacarıqlarına əhəmiyyətli təsiri müşahidə olunmayıb.
Bu araşdırma TARGet Kids! adlı tədqiqat şəbəkəsi ilə əyalət üzrə testlər hazırlayan Ontarionun Təhsil Keyfiyyəti və Hesabatlılığı Ofisi (EQAO) arasında birgə əməkdaşlıq çərçivəsində aparılıb.
Qeyd edək ki, ekran vaxtına kompyuter, video oyunlar, televiziya, DVD-lər və smartfon, planşet kimi portativ cihazlarda keçirilən vaxt daxildir.
Foto: freepik.com
















